Aqrar Xidmətlər Agentliyi heyvanların qan-parazitar xəstəliyinin profilaktikası və mübarizə tədbirlərinə dair təlimləri davam etdirir

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Qəbələ rayonunda heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlim Aqrar Xidmətlər Agentliyinin Qəbələ Rayon Baytarlıq İdarəsinin rəisi Bəhman Abdurahmanov tərəfindən təsərrüfat şəraitində aparılıb.

“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda keçirilən təlim rayonun “Gilan” MMC-yə məxsus 400 baş iribuynuzlu heyvanın saxlanıldığı təsərrüfatda baş tutub. 15 fermerə iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərəri barədə məlumat verilib. Qan-parazitar xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanlarda qan-parazitar xəstəlikləri müşahidə edildikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Eləcə də qan-parazitar xəstəliklərinin yeni müalicə metodları və preparatlar haqqında təlim iştirakçılarına ətraflı məlumatlar verilib.

Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib. Həmçinin, baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı müzakirələr aparılıb.

Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətinə toxunulub. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez- tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

07.08.2019
41

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər