KOMPİLOBAKTERİOZ

A+
A
A-

 

Xəstəlik cinsiyyət üzvlərinin iltihabı, balasalma və qısırlıq hallarının qeyd edilməsi ilə xarakterizə olunur. İnsanlar da xəstələnirlər.

Törədicisi. Polimorf, hərəkətli, qrammüsbət mikroblardır. Patoloji materialdan hazırlanmış yaxmalarda vergül, uçan qağayı və ya «S» hərfinə bənzər şəkildə görünürlər.

Epizootoloji məlumat. Kompilobakteriyaların mənbəyi vəhşi, ev və kənd təsərrüfatı heyvanları sayılır. İnsanlar mikrobla yoluxmuş heyvani mənşəli qidalarla-ət, cücə, çiy süd istifadə etdikdə xəstələnirlər. Mikroblar insanlar, heyvanlar və quşlar arasında asanlıqla qarşılıqlı yoluxmaya səbəb ola bilirlər. Törədicinin mənbəyi balasalmış heyvanlar və yoluxmuş törədici buğalar hesab olunur.

Qaramalın yoluxması cinsi yolla-həm təbii, həm də süni mayalanma zamanı baş verir; qoyunlar isə alimentar yolla-yem və su vasitəsilə yoluxurlar. Balasalma bir boğazlıq ərzində baş verir, sonrakı boğazlığa sanki heç bir patoloji təsir olunmur. Təkrar balasalma nadir hallarda baş verə bilər.

Klinik əlamətləri. İnkubasiya dövrü 3-5 gündür. Qeyri-sağlam təsərrüfatlarda inəklər arasında qısırlıq halları çoxalır, çərəaxıtma arasındakı cinsi sakitlik mərhələsi 30-60 gün və daha artıq müddətə uzanır, balasalma boğazlığın 4-7 ayında baş verir, çox vaxt son ləngiyir və cinsiyyət yollarının müxtəlif iltihabları inkişaf edir. Törədicilərdə infeksiya latent (gizli) keçir, danalarda isə həzm sistemində pozğunluqlar qeyd edilir.

Kompilobakteriozun qoyunlarda əsas əlaməti-boğazlığın ikinci yarısında kütləvi balasalma hesab olunur. 10-70% ana qoyunlar bala salırlar.

Patoloji-anatomik dəyişikliklər. Düşmüş balanın dərialtı toxuması və əzələləri şişkin olur. Döş və qarın boşluğunda qanlı yığıntı, şirdanda qəhvəyi rəngli bulanıq eksudat; daxili orqanlarda qan sağıntıları tapılır. Döl pərdələri şişkinləşmiş, yapışqanvari selikli-irinli eksudat, qan sağıntıları və nekroz ocaqları qeyd olunur.

Diaqnozu. Balasalma halları, qısırlıq kompilobakterioza şübhə doğurur. Mikrobun laboratoriyada kulturasını almaq lazımdır. Laboratoriyaya salınmış bala bütöv halda və ya proses getmiş dölətrafı pərdənin bir hissəsi, inəklərin balalıq yollarından alınmış selik, preputsiya boşluğundan götürülmüş eksudat və buğaların sperması göndərilir. Qaramalda diaqnostika üsulu kimi vagina seliyi, qoyunlarda isə qan serumu ilə aqqlütinasiya reaksiyasından istifadə olunur.

Təfriqi diaqnoz. Brusellyozu, trixomonozu, listeriozlu, qoyunlarda isə həmçinin salmonellyozu və xlamidiyalı balasalmanı istisna etmək lazımdır.

Müalicə. Kompilobakterioz zamanı ümumi və yerli təsirli vasitələrdən (streptomitsin, penisillin, bitsilin-3, oksitetrasiklin və s.) istifadə olunur. Endometritlər zamanı inəklərin müalicəsi furasillin (l:5000), etakridin (1:1000), levotetrasulfm, levotetrasiklin məhlullarının püskürdülməsi yolu ilə və köpüklənən balalıq qarışıqları ilə aparılır. Balalığa antibiotiklər yeridilir. Eyni zamanda gündə iki dəfə olmaqla 3 gün ərzində hər 1 kq diri kütləyə 4000 tv hesabı ilə penisillin və streptomitsin əzələ daxilinə yeridilir.

Profilaktika və mübarizə tədbirləri. Damazlıq heyvanları kompilobaklerioza görə sağlam təsərrüfatlardan almaq lazımdır. Profilaktiki karantin zamanı onlar bakterioloji üsulla kompilobakterioza görə yoxlanılır. İnək və düyələrin sağlam törədicilərin sperması ilə süni mayalandırılmasının kompilobakteriozun profilaktikasında çox böyük rolu vardır. Kompilobakterioza görə qeyri-sağlam damazlıq təsərrüfatlarında damazlıq buğaları və sağlam cavanları vaksinasiya edirlər.

Kompilobakterioza diaqnoz qoyulduqda təsərrüfat (ferma, sürü) l) bu xəstəliyə görə qeyri-sağlam elan edilir. Heyvanların kənara çıxarılmasına qadağa qoyulur. İnək və düyələr sağlam törədicilər tərəfindən mayalandrılır. İkinci mayalanmadan 10-12 saat sonra balalığa 100 min tv penisillin və streptomitsin 20 ml-lık fizioloji məhlulla yeridilir. Damazlıq cavanlar 2-3 həftəlik yaşdan sonra qeyri-sağlam sürüdən ayrı saxlanmalıdır. Qaramal vaksinasiya olunur.

Salınmış bala, patoloji tullantılar və döşəmə materialı yandırılır və ya basdırılır. Binalar yeni sönmüş əhəngin 10-20%-li məhlulu və ya 2%-li natrium qələvisi ilə dezinfeksiya edilir.

Qovunların kompilobakteriozu zamanı xəstələr seçilir və müalicə olunur, yerdə qalanlar sağlam otlaqlara dəyişdirilir.

Təsərrüfat axırıncı xəstə heyvanın müəyyən edilməsindən keçən 12 ay ərzində mikrobun kulturası alınmadığı və baytar-sanitar tədbirləri kompleks şəkildə həyata keçirildikdən sonra sağlam elan edilə bilər.

 

17.03.2017
1406

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər