QOYUN VƏ KEÇİLƏRİN KONTAGİOZ EKTİMASI

A+
A
A-

 

 

Qoyun və keçilərin kontagioz ektimasi iti gedişli virus xəstəliyidir. Ağız boşluğunun selikli qişasında, dodaqların, ətrafların, yelinin, cinsiyyət orqanlarının dərisində və digər yerlərdə düyünlərin, vezikulaların, pustulaların və qaysaqlanmış yaraların əmələ gəlməsi ilə səciyyələnir.

Törədicisi. DNT-li virusdur. Parapoksivirus cinsinə, poksiviride ailəsinə mənsubdur. 250-280 nm-ə bərabərdir. Paşen və Morozov üsulu ilə boyamadan istifadə edilir. Virusu yetişdirmək üçün 10-12 günlük toyuq embrionundan istifadə edilir.

Epizootologiyası. Təbii şəraitdə bütün yaşda olan qoyun və keçilər cinsindən asılı olmayaraq yoluxa bilərlər. 4 günlükdən 10 aylığadək quzular xəstəliyə tez-tez tutulur və ağır formada keçirirlər.

İnfeksiyanın mənbəyi xəstə və bu xəstəlikdən sağalmış heyvanlardır. Onların patoloji elementləri, habelə ağız və burun axıntıları vasitəsilə törədici ətrafa, otlaqlara və qulluq əşyalarına, yemə, ota, suya yayılır. Yelini xəstə ana qoyunlar quzuları yoluxdura bilərlər.

İnfeksiyanın giriş qapısı dərinin və selikli qişaların zədələnmiş nahiyələridir. Ona görə də yoluxmaya və xəstəliyin geniş yayılmasına toxumaların tamlığım pozan tikanlı otlar, kollar, habelə antisanitar bəsləmə şəraiti də səbəb olur. Fermada xəstəlik baş verəndən sonra xəstə və sağlam heyvanlar bir-birindən ayrı saxlanmırsa, qısa vaxt ərzində bütün sürü xəstələnir və epizootiya halını alır. 2-3 həftəyə sürüdəki heyvanların 50%-ə qədəri yoluxa bilir. Xəstəlik stasionar xarakterli olub, yazda və payızda müşahidə olunur. Xəstəlik çox vaxt ikinci infeksiya ilə paralel gedir ki, bu da prosesin çox mürəkkəbləşməsi ilə nəticələnir, diaqnoz və mübarizə çətinləşir, əksər hallarda ölüm baş verir. Belə hallarda yoluxma 100%, ölüm 12%-dək, quzularda isə 90%-dək yüksələ bilir.

İmmunitet. Xəstəlikdən sağalan heyvanlarda 8 aydan 2 ilədək immunitet yaranır.

Xəstəlik zamanı heyvanların qanında aqqlütininləşdirici, presipitinləşdirici və komplement birləşdirici əks cisimlər yaranır.

Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyun və quzuların vaksinasiyası üçün KK ştammından hazırlanmış maye kultural virus vaksin istifadə edilir. Vaksin alt dodağın skarifikasiya olunmuş dərisinə 8-12 gün fasilə ilə 2 dəfəyə 0,3 ml işlədilir. Bundan başqa xəstəliyə qarşı L ştammdan hazırlanmış quru kultural virus vaksin tətbiq edilir. 0,3 ml vaksin vurulduqdan 3-6 gün keçmiş inyeksiya yerində bir neçə ədəd dəyirmi, parlaq, qızılgül rəngində düyünlər əmələ gəlir, 4 gündən sonra isə sorulur, immunitet 15-ci günədək formalaşır və 6-8 ay davam edir.

Klinik əlamətləri. Təbii şəraitdə inkubasiya dövrü 3-10 gün, eksperimental yoluxdurmada isə 2-3 gün davam edir. Xəstəlik iti, yarımiti və xroniki gedişli ola bilər. Klinikasına görə xəstəliyin stomatit, dodaq, dırnaq və genital formaları vardır. Lakin qeyd etmək lazımdır ki, belə bölgü şərtidir, çünki çox vaxt patoloji prosesin eyni zamanda bütün orqanlarda inkişaf etdiyi qeyd olunur.

Dodaq və stomatit formalı xəstəlik zamanı törədicinin daxil olduğu yerlərdə (çox vaxt dodaqların kənarında və ağızın künclərində) müxtəlif böyüklükdə qırmızımtıl ləkələr görünür. Onların mərkəzində k içik düyüncüklər inkişaf edir və sonra da vezikula və pustulaya çevrilirlər. Axırıncılar partlayır və eroziya əmələ gəlir. Bunlardan axan axıntı tez quruyur, qaysaqlanır, qəhvəyi. və boz-qara yaralara çevrilirlər. Yem qəbulu çətinləşir, bəzi hallarda bədən temperaturu yüksəlir. Ölüm baş vermirsə, heyvan 10-14 günə sağalmağa başlayır, qaysaqlar tökülür, yaralar sağalır. Yoluxma xəstə quzudan anasının yelininə də keçə bilər.

Dırnaq formasında oxşar proses ayaqların aşağı hissəsində, dırnaqarası nahiyələrdə baş verir, xəstə axsayır.

Genital formada pustula, eroziya və qaysaqlı yaralar yelində, budların içəri hissəsində, cinsiyyət dodaqlarında və cinsiyyət orqanlarında əmələ gəlir, yelində qanqrenozlu mastit inkişaf edə bilər.

Patoloji-anatomik dəyişikliklər. Bu dəyişikliklər xarakterik deyildir. Yəni tam mənada inkişaf edən və bütün hallarda olduğu kimi rast gəlinən patoloji dəyişiklik görünmür. Cəsədlər arıq olur. Ağızın selikli qişasında, dodaqlarda, yelində və ətrafların dərisində nekroz ocaqları və yaralar qeyd olunur. Qaraciyər və ağciyərlərdə nekroz, həzm üzvlərində yaralar, qarın boşluğunda fibrinoz eksudata rast gəlinir.

Diaqnozu. Diaqnoz klinik-epizootoloji məlumatların analizi, yaxmaların virusoskopiyası və bioloji sınağın nəticələrinə əsasən qoyulur.

Bioloji sınağı hər bir fermer təsərrüfatında asanlıqla qoymaq olar. Bunun üçün iki klinik sağlam quzunun bud nahiyəsini daxili tərəfdən cızıb, oraya 1:10 nisbətində pustulalı yaralardan götürülmüş suspenziya sürtülür. Quzularda yoluxdurmadan 3-5 gün sonra xarakterik patoloji proses və klinik əlamətlər inkişaf edirsə, bioloji sınaq müsbət hesab olunur.

Bioloji sınaq üçün pişik balaları və 1-1,5 aylıq dovşan balaları da istifadə edilə bilər.

Kontagioz ektimanı nekrobakteriozdan, dabaqdan, çiçəkdən, dırnaq çürüməsindən, dermatitlərdən, kontagioz vezikulyar-stomatitdən differensiasiya etmək (fərqləndirmək) lazımdır.

Müalicəsi. Xəstələri sağlamlardan təcrid etdikdən sonra müalicə etmək lazımdır. Ağız boşluğunun selikli qişası yoluxduqda hidrogen- peroksid (3%-li), mis kuporosu (5%-li), yuqlon (0,5%-li), marqans (1%-li), yod məhlulu (10%-li), karbol turşusunun naftalan neftində emulsiyası (3%-li) və s. işlənir. Dəri yoluxduqda bunlardan əlavə yod-qliserin, sink, oksitetrasiklin, dibiomitsin və digər məlhəmlər işlədilir. Proses ağırlaşdıqda cərrahi yolla yaralar təmizlənir və bu preparatlar tətbiq olunur: heyvanın 1 kq diri kütləsinə biomitsin 0,02- 0,03 q 3-4 gün daxilə, 3-4 gün əzələ daxilinə, terromitsinin 1-2%-li məhlulundan 1-1,5 ml dərialtına 3-4 gün yeridilir.

Profilaktika və mübarizə tədbirləri. Qoyunçuluq təsərrüfatlarının və fermalarının kontagioz ektimadan qorunması üçün infeksiya törədicisinin buraya gətirilməsinin qarşısını almaq, diaqnostika işlərini vaxtında və düzgün təşkil etmək, xəstə heyvanları təcrid edib, müalicəsini aparmaq, ətraf mühitdə törədicinin ləğv edilməsinə, sağlam heyvanların isə rezistentliklərinin yüksəldilməsinə yönəlmiş tədbirləri yerinə yetirmək və s. tələb olunur.

Xəstəlik vaxtaşırı qeyd olunan təsərrüfatlarda ana qoyunları quzulamadan 3 ay öncə vaksinasiya etmək lazımdır. Quzular 5-7 gündən bir peyvənd edilir. 6-7 aylıq olduqda revaksinasiya aparılır. Bu məqsədlə maye kultural virusvaksin tətbiq edilir. Vaksin çərtilmiş alt dodağın dərisinə 2 dəfə olmaqla 8-12 gün intervalında skarifikasiya edilir (0,3 ml həcmində), vaksin sürtülmüş yerdə 3-6 sutkadan sonra cəhrayi rəngli parıltılı düyünlər inkişaf edir (1-2 mm diametrli), bu düyünlər 4 gündən sonra çəkilirlər. Quzularda 15 günədək yaranan immunitet 8 ayadək davam edir.

 

24.02.2017
956

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər