ATLARIN QRİPİ

A+
A
A-

 

 

Atların qripi itigedişli, həddən artıq kontagioz xəstəlik olub, qısamüddətli temperaturun yüksəlməsi, ümumi zəiflik, konyuktivit, yuxarı tənəffüs yollarının kataral iltihabı və bəzən pnevmoniya ilə səciyyələnir.

Tarixi məlumat: Qrip ilk dəfə 1933-cü ildə Y.E. Kolyakov və D.N.Rojnov tərəfindən qeyd edilmiş, ancaq uzun illər boyu influensa adlandırılmışdır. Əvvəllər xəstəlik Avropa və Amerika qitəsində panzootiya formasında getmiş və böyük iqtisadi zərərə səbəb olmuşdur. Atların qrip virusu 1956-cı ildə keçmiş Çexoslavakiyada aşkar edilmişdir.

1968-1969-cu illərdə qrip pazootiya formasında Avropa ölkələrində və keçmiş SSRİ-nin qərb zonasında müşahidə edilmişdir. İqtisadi zərəri. Atların xəstəliyə kütləvi halda tutlması təsərrüfatın fəaliyyətini pozur. Bəzən qrip digər xəstəliklərlə mürəkkəbləşir, sağalma uzun müddət davam edir və onlar təsərrüfat əhəmiyyətini itirir. Xəstəlik zamanı təsərrüfata karantin qoyulur ki, buna da müəyyən qədər vəsait xərclənir.

Xəstəliyin törədicisi: Xəstəliyin törədicisi virus olmaqla optomiksoviruslar ailəsinə daxildir. Bu virus insanların, quşların və donuzların qrip virusu ilə eyni fiziki quruluşa və kimyəvi tərkibə malikdir. Virusun antigenlik xüsusiyyətinə görə iki tipi: (A-ekvi-1 (Praqa) və (A-ekvi-2)(ABŞ, Mayami) mövcuddur.

Belə ki, A-ekvi-1 1956-cı ildə Çexoslovakiyada O. Sovnova və Tumov tərəfindən, A-ekvi -2 isə ABŞ-da 1963-cü ildə aşkar edilmişdir. Keçmiş SSRİ-də qripin virusu 1969-cu ildə K. P. Yurov və N. N. Kryukov tərəfinqən xəstə atlardan ayrılmışdır.

Virus PNT-li olmaqla tərkibində zülal, hemaqqlütinin və neyraminidaza fermenti mövcuddur. Bu virus atların, eşşəklərin və iribuynuzlu heyvanların eritrositləri ilə aqqlütinasiya verdiyinə görə diaqnostikada HAP və HALP-dan istifadə edilir. Son zamanlar məlum olmuşdur ki, atlar insanları və əksinə, insanlar isə atları yoluxdura bilər. Atların qrip virusu toyuq embrionunda, qaramalın və meyunun böyrəyindən hazırlanmış hüceyrə kulturasında yetişdirilir. Amil fiziki və kimyəvi amillərin təsirinə davamsızdır. Ultrabənövşəyi şüaların təsirindən virus tez aktivləşir. Qurudulmuş materialda virus 3-4 ilə qədər öz həyat fəaliyyətini saxlayır. Soyuğa davamlı olmaqla virus 20oC-də bir neçə ilə qədər sağ qalır. 3%-li karbol turşusu amili 15-20 dəqiqəyə aktivləşdirir.

Epizootoloji xüsusiyyətləri: Xəstəliyə yaşından, cinsindən, cinsiyyətindən asılı olmayaraq atlar tutulur, körpələr daha ağır formada xəstələnirlər.İnfeksiya törədicisinin mənbəyi xəstə atlar olmaqla,onlar burun axıntısı və öskürmə zamanı xaric edilən hava ilə ətraf mühiti çirkləndirir. Infeksiya törədicisinin yayılmasında amillə çirklənmiş yem, su, peyin, və s. mühüm rol oynayır. Xəstəlik ilin hər fəslində baş verirsə də soyuq və nəmli mühitdə daha çox müşahidə edilir,çünki belə şəraitdə atların ümumi müqaviməti aşağı düşür və xəstəliyə həssaslığı yüksəlir. Atların qripi epizootiya və bəzən isə panzootiya formasında gedir və letallıq orqanizmin fizioloji vəziyyəti və xəstəliyin gedişindən asılı olaraq 0,5-10%-ə bərabər olur.

Patogenez: Virus orqanizmə yuxarı tənəffüs yolları vasitəsilə daxil olur və silindrik epiteli hüceyrələrinə keçir. Burada virus sürətlə çoxalır və silindrik epiteli hüceyrələrinin nekrozuna səbəb olur. Zədələnmiş hüceyrədən virus yeni hüceyrələrə keçir və nəticədə böyük sahəli iltihab törədir. Virus çox vaxt bronx və alveollara keçir və tənəffüs zamanı xarici mühitə ixrac edilir. Amilin toksiki təsiri nəticəsində sinir və ürək-damar sisteminin fəaliyyəti pozulur. Orqanizmin ümumi davamlılığının aşağı düşməsi nəticəsində sekundar bakterial mikrofloranın inkişafı baş verir. Qrip virusunun və sekundar mikrofloranın orqanizmə təsiri nəticəsində orqanizmin cavab reaksiyası meydana çıxır. Qrip infeksiyası ilə mübarizədə endogen interferon əsasdır.

Xəstəliyin yüngül gedişi zamanı patoloji proses kəskin olmur və baş verən dəyişikliklər tez bərpa olunur. Ağır gedişində isə heyvanlarda qripli pnevmoniya və toksikoz əlamətləri müşahidə edilir. Qrip virusu toksiki xassəyə malik olduğu üçün sinir reseptorlarına təsir edir, nəticədə mərkəzi sinir sistemi təzyiq altında olur. Ona görə də heyvanlarda ümumi düşgünlük, leykopeniya və ya leykositlərin faqositar fəallığının zəifləməsi baş verir. Əksər hallarda virusun orqanizmdə olması ilə əlaqədar olaraq buna qarşi spesifik immun cisimlərin və interferonun yaranması, leykositlərin miqdarının artması müşahidə edilir ki,bu da atların sağlamlığına səbəb olur.

Gedişi və kliniki əlamətlər: Xəstəliyin inkubasiya dövrü 1-6 gün davam etməklə əvvəlcə heyvanlarda rinit və quru öskürək nəzərə çarpır. İştah pozulur, burundan və gözdən selikli maye axır, göz qapaqları şişir və belə atlar işıqdan qorxurlar. Xəstə atların udlaq və qırtlaq nahiyyəsi ağrılı olur. Atlarda öskürək zamanı onlar başını aşağı əyir və burun yolundan qatı selikli kütlə axır.

Atlarda residivli isitmə nəzərə çarpır. Remissiyalar arasındakı müddət 2-3 gün, bəzən isə 5-7 günə bərabər olur.

Ağciyərin auskultasiyası zamanı çox vaxt bronxiat tənəffüsə keçən güclənmiş vezikulyar tənəffüs eşidilir. Ürəyin fəaliyyəti pozulur, aritmiya və ürək tonuslarının ikiləşməsi baş verir. Qanın müayinəsi zamanı atlarda leykositoz eritrositlərin və hemoqlobulinin miqdarının azalması və EÇS-nin çoxalması aşkar edilir.

Xəstəlik nəticəsində bəzi madyanlarda balaatma da baş verir. Belə hal ən çox boğazlığın 4-5 aylığında heç bir patoloji dəyişiklik görülmədən müşahidə edilir. Qrip atlarda çox vaxt xoşxassəli gedişə malik olmaqla əksərən sağalma ilə nəticələnir. Ancaq belə atlardan ürək fəaliyyətinin pozulması nəticəsində uzun müddət istifadə oluna bilmir.

Xəstə atlarda, bundan əlavə, mədə-bağırsaq sisteminin pozğunluğu, gövdənin bəzi nahiyyələrində şişlər və madyanlarda isə balalığın selikli qışasının kataral iltihabı müşahidə edilir. Bəzən qrip bakterial mikroflora ilə mürəkkəbləşir ki, bu zaman plevropnevmaniya baş verir.Qripin mürəkkəbləşməsi nəticəsində gözün buynuz təbəqəsinin bozarması və irit baş verir. Bəzən isə iti nefrit, sidik yollarının iltihabı simptomları nəzərə çarpır. Xəstəlikdə leqallıq 2-2,5% -ə bərabərdir.

Patoloji-anatomik dəyişikliklər: Qripdən ölüm yalnız ağır formada mürəkkəbləşmələr zamanı baş verir. Ölmüş heyvanlarda yuxarı tənəffüs yollarının və gözün kataral iltihabı görünür. Dərialtı toxumada şiş və qan sağıntıları olur. Əgər atlar bronxopnevmoniya nəticəsində ölübsə, ağciyərdə müxtəlif böyüklükdə pnevmoniya sahələri, bronxların selikli-irinli mayenin toplanması, bronxial limfa düyünlərinin böyüməsi və plevrit müşahidə edilir.

Qaraciyər və böyrəklərdə durğunluq, miokardın baş və mədə -bağırsaq sisteminin selikli qişasının iltihablı olması görünür. Baş və boyun nahiyyəsinin limfa düyünləri böyüməklə bunlarda serozlu iltihab nəzərə çarpır.

Diaqnoz: Atların qripinə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri nəzərə alınır və həmişə virusoloji müayinədən istifadə edilir. Bunun üçün xəstə heyvanın burun seliyi, öldükdən sonra isə tənəffüs yollarının selikli qişasının kəsiyi buzla birlikə laboratoriyaya göndərilir. Burun yolunun seliyini götürmək üçün həmin boşluğu steril Xenks məhlulu və ət- peptonlu bulyon ilə yuyurlar və burun yolundan axan mayeni flakonla götürürlər. Seliyi burun yolundan hım də steril tamponla götürmək olar. Laboratoriyaya daxil olmuş material virusoloji müayinədən keçirilir.

Təfriqi diaqnoz: Xəstəliyi rinopnevmoniya, saqqo və viruslu arteritdən təfriq etmək lazımdır.

Rinopnevmoniya 3 həftədən 4 aylığa qədər dayçalarda tənəffüs yollarının iltihabını, madyanlarda isə balasalma törədir. Viruslu arteritdə ətrafların şişi, əzələ zəifliyi, ümumi düşgünlük, konyuktivit və balasalma müşahidə edilir.

Saqqo zamanı yuxarı tənəffüs yollarının kataral irinli iltihabından əlavə çənəaltı və udlaqarası limfa düyünlərində abseslər və bunların müayinəsi zamanı saqqo streptokokkları aşkar edilir.

Müalicə: Xəstə heyvanların yemlənmə və saxlanma şəraiti yaxşılaşdırılmalıdır. Burun boşluğunu 1:5000 furasilin məhlulu ilə yumaq lazımdır. Bəlğəmgətirici dərmanlardan ammonium-xlorid hər başa 10 q miqdarında istifadə edilir. Ürək fəaliyyətini nizamlayan dərmanlar tətbiq edilir.

Ağciyərin iltihabı zamanı ekmonovitosilin hər başa 1-1,5 TB hesabı ilə gündə bir dəfə əzələarasına vurulur və sulfanilamid preparatları ümumi qəbul edilmiş dozada işlədilir. Son zamanlar atların qripinin müalicəsi üçün amantadin və onun digər birləşmələrindən istifadə edilir.

İmmunitet: Xəstələnmiş atların qanında komplementləşdirici və virusneytrallaşdırıcı antitellər aşkar edilir ki, bunlarında ən yüksək titri xəstəliyin 3-4 həftəsində müşahidə edilir. İmmun analardan alınmış balalarda qeyri-fəal immunitet yaranır ki, bu da müəyyən müddət ərzində onları xəstəlikdən qoruyur. Xəstəliyin spesifik prifilaktikası üçün ölkəmizdə inaktivləşdirilmiş polivalent vaksindən istifadə edilir. Vaksin həm dayçalara və həm də yaşlı atlara 4-6 həftəlik fasilə ilə 2 dəfə vurulur. İmmunitet 2-ci peyvənddən 2 həftə keçmiş yaranır və 4-6 ay davam edir.

Profilaktika və mübarizə tədbirləri: Qripin profilaktikası üçün təsərrüfata gətirilmiş atlar 1 ay karantində saxlanmalıdır. Heyvanlar normal yemləmə və saxlanma şəraitində olmalıdır. Təsərrüfatda xəstəlik baş verdikdə karantin qoyulur, xəstə atlar ayrılaraq müalicə edilir. Digər atlar isə baytarlıq nəzrətində olmalı və vaksinasiya edilməlidir. Təsərrüfatda hər 10 gündən bir cari dezinfeksiya aparılmalıdır. Xəstə və xəstəliyə şübhəli atlar yüngül işlərdə işlədilməlidir.

Təsərrüfatdan karantin axırıncı sağamadan 15 gün keçmiş və son dezinfeksiya apaıldıqdan sonra götürülür.

 

24.12.2016
727

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər