MANQO (MALLEUS)

A+
A
A-

 

 

Manqo təkdırnaqlı heyvanların xronikigedişli infeksion xəstəliyi olub, ağciyərdə, burun boşluğunun selikli qişasında və dəridə irinli yaralara çevrilən spesifik düyünlərin əmələgəlməsi ilə səciyyələnir.

Tarixi məlumat: Manqo haqqında ilk məlumat hələ bizim eradan əvvəl Yunanıstanda Aristotel tərəfindən verilmişdir. Xəstəlik uzun müddət saqqo və epizootik limfangitlə qarışıq salınmışdır. İlk dəfə 1882-ci ildə Leffler və A.Şust tərəfindən xəstəliyin törədicisi aşkar olunmuşdur. 1891-ci ildə rus baytar həkimləri X.İ.Gelman və O.İ.Kalninq manqo kulturasında diaqnostik preparat olan mallein hazırlanmışlar. 1907-ci ildə A.Şuts və Şubert xəstəliyin diaqnostikası üçün KBR təklif etmişlər.

 

Manqo keçmiş Rusiya və keçmiş SSRİ ərazilərində atlar arasında geniş yayılmış xəstəlik olub. 1940-cı ildə bu xəstəlik sistematik mübarizə nəticəsində tam ləğv olunmuşdur.

 

Azərbaycanda manqo xəstəliyinin qeyd olunması haqda rəsmi məlumat yoxdur

 

İqtisadi zərər: Manqonun baş verməsi nəticəsində təsərrüfatlara böyük iqtisadi zərər dəyir. Xəstəliyin müalicəsinin olmaması və insanların həssaslığı ilə əlaqədar xəstə atlar öldürülür. Bundan əlavə karantin tədbirlərinin yerinə yetirilməsinə müəyyən xərclər çəkilir.

 

Törədicisi: Xəstəliyin törədicisi Actinobacillus mallei вЂ"dir. Manqonun törədicisi aerobdur.

 

Davamlılığı: Törədici suda, çürüyən üzvi maddələrdə 14-30 günə, burun axıntısında 10-15 günə, sidikdə 4 saata məhv olur. Günəş şüaları törədicini 24 saata, 600C temperaturda 2 saata, 800 C isə 5 dəqiqəyə öldürür.

 

Manqonun törədicisi dezinfeksiya maddələrinin təsirinə davamsızdır. Beləki xəstəliyin törədicisini 5%-li xlorlu əhəng məhlulu bir saata, 1:1000- süleymani məhlulu bir dəqiqəyə, 3%-li kreolin və 1%-li natrium qələvisi bir saata məhv edir.

 

Epidemioloji xüsusiyyətləri: Xəstəliyə əsasən təkdırnaqlı heyvanlar həssasdır. Nadir hallarda dəvələr və pişik ailəsinə daxil olan yırtıcı heyvanların xəstəliyə tutulması qeyd olunur. Manqoya insanlar da həssasdır.

 

İnfeksiyanın törədicisinin mənbəyi xəstə heyvanlardır. Onlar burun və dəri zədələnmələrinin axıntısı ilə ətrafı çirkləndirir. İnfeksiya törədicisinin yayılmasında yoluxmuş yem, su, peyin və s.mühüm rol oynayır. Yoluxma kontakt və alimentar yolla (yemlə) baş verir. Cinsiyyət yolu vasitəsilə də yoluxma mümkündür.

 

Xəstəlik sporadik və bəzən epizootiya formasında gedir. Otlaq sahəsində manqo infeksiyası gec, tövlə şəraitində isə nisbətən tez inkişaf edir və yayılır. Bunun səbəbi odur ki, xarici mühit faktorları törədicini tez məhv edir və təbii otlaq sahəsində orqanizmin rezistentliyi yüksək olur. Atların sıx və ventilyasiyası olmayan tövlələrdə yerləşdirilməsi xəstəliyin sürətlə yayılmasına səbəb olur.

 

Manqoya görə stasionar qeyri-sağlam ölkələrdə xəstəlik gizli formada gedir, hətta, bir qrup atlar malleinə reaksiya vermir. Belə atları başqa təbii iqlim zonasına apardıqda və çox istismar etdikdə onlarda xəstəlik kəskinləşir və kliniki əlamətlər meydana çıxır. Xəstəlik ilin bütün fəsillərində müşahidə edilir.

 

Patogenezi: Törədici orqanizmə daxil olduqdan sonra əvvəlcə limfa sisteminə, sonra isə qana keçir. Bunların bir qismi qan və limfa sistemində məhv olur, digər qismi isə ağciyər və digər orqanların kapilyarlarında çökür. Çökmüş mikrobları limfoid hüceyrələr, xüsusilə mikro və makrofaqlar əhatə edir. Nəticədə manqo düyünü əmələ gəlir. Mikro və makrofaqlar mikrobu udur, ancaq məhv edə bilmir. Əmələ gəlmiş nəhəng hüceyrələr də mikrobu parçalaya bilmir və bunların hamısı nekroza uğrayır. Manqo fokusu ətrafında toplanmış limfoid hüceyrələri birləşdirici toxuma hüceyrələrinə çevrilir və nəticədə düyün birləşdirici toxumadan təşkil olunmuş kapsula içərisinə alınır. Əgər orqanizm belə kapsulanı tez yarada bilirsə o sağalır, yarada bilmirsə patoloji proses inkişaf edir. Bu zaman fokus ətrafında yayılmış infiltrat nəzərə çarpır, buradan törədici limfa və ya qan damarlarına keçərək orqanizmə yayılır və orqanizmdə yeni fokusların əmələ gəlməsinə səbəb olur.

 

Manqo zamanı temperaturun yüksəlməsi, arıqlıq törədicinin toksini hesabına yaranır. Rezistentliyi aşağı olan orqanizmdə, ağciyərdə lobulyar-lobar pnevmoniya baş verir və yaranmış kavernalar vərəm kavernalarına bənzəyir.

 

Atlarda manqo bir neçə gündən bir neçə ilə qədər davam edir, bu dövrdə müəyyən vaxtdan sonra prosesin kəskinləşməsi baş verir. Bu zaman atların temperaturu yüksəlir və bir neçə gündən bir neçə həftəyə qədər davam edir, bu da yeni manqo fokuslarının yaranması ilə əlaqədardır.

 

Gedişi və kliniki əlamətləri: Xəstəliyin inkubasiya dövrü 3 gündən 3 həftə arasında olur. Gedişinə görə iti, xroniki və latent, patoloji prosesin inkişaf yerinə görə isə şərti olaraq burun, ağciyər və dəri formaları mövcuddur.

 

İti forma zamanı temperaturun yüksəlməsi, burun və gözün selikli qişasının hiperemiyası, heyvanın ümumi zəifliyi nəzərə çarpır. Xəstəliyin 2-3-cü günündə burnun selikli qişasında xırda sarı rəngli düyünlər əmələ gəlir. Bu düyünlər böyüyərək biri digəri ilə birləşir və nekrotik iltihab baş verir.

 

Nəticədə ovalvarı, kənarları girinti-çıxıntılı, irinlə dolu yaralar əmələ gəlir. Nekrotiki iltihab nəticəsində burun arakəsməsinin zədələnməsi, burundan qanlı-ixarozlu axıntı və tənəffüsün çətinləşməsi görünür. Xəstəlik nəticəsində regional limfa düyünləri iltihaba uğrayır. Ağciyər prosesə tutulur, ancaq patoloji proses ləng inkişaf etdiyi üçün klinik simptomlar nəzərə çarpmır. İti forma zamanı bəzən budun daxili səthində, pülükdə, xaya torbasında yaralar müşahidə edilir. Manqonun dəri forması zamanı ən çox baş, boyun, ətrafların dərisi üzərində əvvəlcə ağrılı şişlər əmələ gəlir, sonra bunlar sorulur və yerində bərk qabarcıqlar yaranır. Bir neçə gün keçmiş qabarcıqlar partlayır və yerində irinli yaralar əmələ gəlir. Səthi limfa damarları həcmcə böyüyür, sonra yumşalır və partlayır. Xəstəlik iti formada 2-4 həftə davam edir və çox vaxt ölümlə nəticələnir.

 

Xəstəliyin xroniki forması zamanı periodik olaraq temperaturun yüksəlməsi, ağciyərin emfizeması, burun axıntısı, öskürək və çənəaltı limfa düyünlərinin böyüməsi görünür. Burun boşluğunun selikli qişasında yaralar və ulduzvari sağalmış yara yerləri nəzərə çarpır. Dəri forması zamanı arxa ətraflarda qalınlaşma nəzərə çarpır, bu da atın ayağını fil ayağına bənzədir. Xəstəliyin xroniki forması bir neçə aydan bir neçə ilə qədər davam edir.

 

Latent (gizli) forma atın bütün ömrü boyu davam edə bilər və spesifik diaqnostika üsulları ilə aşkar edilir.

 

Patoloji-anatomik dəyişikliklər: Əgər heyvan sağ ikən diaqnozu dəqiqləşdirilibsə, öldükdən sonra onun cəsədinin yarılmasına icazə verilmir. Xəstəliyn gedişi və özünü göstərmə formasından asılı olaraq patolojiвЂ"anatomik dəyişikliklər də müxtəlifdir.

 

Dərinin üzərində və burun boşluğunda manqo düyünləri, irinli yaralar və çapıq toxumalı sahələr müşahidə edilir. Ağciyərdə inkişafın müxtəlif mərhələlərində olan düyünlər, kavernarlar və nekrotiki fokslar müşahidə olunur. Patoloji dəyişikliklərə qaraciyərdə, dalaqda, limfa düyünlərində rast gəlinir.

 

Diaqnozu: Xəstəliyə diaqnoz kliniki əlamətlərə əsasən, allergik, seroloji və bakterioloji müayinələr aparmaqla qoyulur.

 

Allergik müayinə məqsədilə göz, dərialtı sınaqdan istifadə edilir.

 

Göz malleinizasiyası 5-6 günlük fasilə ilə 2 dəfə aparılır. bunun üçün steril pipetlə konyunktivaya 3-4 damla mallein tökülür. Reaksiyanın nəticəsi 3-6-9 və 24 saatdan sonra yoxlanılır.

 

Əgər konyunktivada hiperemiya və göz qapaqlarında şişkinlik varsa, irinli sekretin və gözün daxili bucağından şnur şəklində ayrılması nəzərə çarpırsa bu reaksiyanın müsbət olmasını göstərir.

 

Konyunktivada hiperemiya və şiş varsa, irin kütləsi göz bucağında az miqdarda olması görünürsə bu reaksiyanın şübhəli olmasını göstərir.

 

Konyunktivanın az qızarması və zəif göz yaşı axması zamanı reaksiya mənfi hesab edilir.

 

Birinci müayinənin nəticəsindən asılı olaraq şübhəli və mənfi nəticəli atlar 5-6 gündən sonra təkrarən malleinizasiya olunmalıdır. Mallein təkrar həmin gözə tökülməli və reaksiyanın nəticəsi əvvəlki kimi oxunmalıdır. Göz sınağı daha dəqiq olmaqla 95%-ə qədər xəstə atların aşkar edilməsinə imkan verir.

 

Dərialtı sınaq o zaman aparılır ki, gözdə müəyyən xəstəlik olur.

 

Təfriqi diaqnozu: Xəstəliyi epizootik limfongit, saqqodan təfriq etmək lazımdır. Bəzən hər tiki xəstəliyin manqo ilə birlikdə getməsi nəzərə alınmalıdır. Buna görə də mütləq malleinizasiya və KBR istifadə olunmalıdır.

 

Saqqo zamanı çənəaltı limfa düyünləri absesinin irini, epizootik limfangit zamanı isə fokus və ya yaranın irini mikroskopiki müayinə edilir.

 

Saqqoda saqqo streptokokkları, epizootik limfangitdə isə kriptokokklar aşkar edilir.

 

Müalicəsi: Müalicə aparılmır, xəstə heyvanlar öldürülür.

 

İmmuniteti: Manqoda infeksion immunitet yaranır. Manqo əleyhinə vaksin və serumun əldə edilməsi mümkün olmamışdır.

 

Profilaktika və mübarizə tədbirləri: Keçmiş SSRİ məkanında manqo ləğv edilmişdir. Bunun səbəbi xəstəliyə görə qeyri-sağlam ölkələrlə sərhəd zonasındakı baytarlıq sahə məntəqələrindən xəstəliyin ölkəmizdə yayılmamasını təmin edən tədbirlərdən istifadə edilməlidir.

 

Atçılıq komplekslərinə və təsərrüfatlarına toplanmış atlar mütləq kliniki müayinədən keçirilməli və iki qat göz malleinizasiyası ilə yoxlanmalıdırlar. Təsərrüfata at alınarsa, onlar bir ay karantində saxlanılır, manqoya görə kliniki müayinədən keçirilir və iki dəfə malleinizasiya aparılır. Təlimata uyğun olaraq təsərrüfatda manqo aşkar edilirsə, oradakı bütün atlar mütləq kliniki müayinədən keçirilməli və 5-6 günlük fasilə ilə 2 dəfə oftolmomalleinizasiya aparılmalıdır.

 

Manqo baş verən zaman təsərrüfat qeyri-sağlam hesab edilir və karantin qoyulur. Karantin dövründə atların başqa təsərrüfatlara və sahibkarlara verilməsi, onların qruplaşdırılması qadağan edilir. Kliniki xəstə atlar və kliniki əlamətləri olmayan, lakin malleinizasiya müsbət reaksiya verən heyvanlar öldürülür. Yoluxmaya şübhəli olan atlar hər 15 gündən bir göz malleinizasiya sınağı ilə yoxlanır və 3 dəfə bütün atlar mənfi reaksiya göstərirsə bunlar sağlam hesab edilir.

 

Heyvan binaları və onların ətraf sahələrində mexaniki təmizlik və dezinfeksiya aparılır. Xəstə heyvanlara ayrılmış binalardakı peyin, yem qalıqları toplanaraq yandırılır, şübhəli atların peyini isə biotermik üsulla zərərsizləşdirilir. Heyvanlara qulluq əşyaları 5%-li kreolin emulsiyası ilə dezinfeksiya edilir. At saxlanan binalar 3%-li xlorlu əhəng, 4%-li natrium qələvisi və 20%-li sönmüş əhəng məhlulları ilə dezinfeksiya edilir.

 

Təsərrüfat xəstəliyə görə o zaman sağlam hesab edilir ki, axırıncı xəstə atın aşkar edilməsi və məhvindən 45 gün keçsin və yekun dezinfeksiya aparılmış olsun.

 

 

04.04.2017
1223

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər