ATLARDA SALMONELYOZLU BALASALMA

A+
A
A-

 

 

Atların yoluxucu xəstəliyidir, balasalma ilə səciyyələnir.

Törədicisi. Salmonella abortivo equina, 0,5-3,1x0,2x0,4 mkm ölçüsündə, hərəkətli, polimorf, spor əmələ gətirməyən, ucları dəyirmilənmiş bakteriyalardır, aerobdurlar, adi qida mühitində yetişirlər.

Bulyonda bulanıq boy, aqarda isə bozumtul kaloniyalar formasında yetişirlər. Südü pıxtalaşdırmır, jelatini əritmir. Törədicinin fiziki- kimyəvi təsirlərə davamlılığı yüksəkdir. Birbaşa düşən günəş şüaları onları 10 günə, 2 %-li fenol məhlulu 5 dəqiqəyə, 0,5 %-li formalın məhlulu isə 15 dəqiqəyə mikrobları inaktivləşdirə bilirlər.

Epizootologiyası. İnfeksiya törədicisinin mənbəyi-xəstə atlar (bala salmış) və gözlə görünən mikrobdaşıyıcılar hesab olunur. Törədici uzun müddət bağırsaqda, öd yollarinda artaraq, fekaliya ilə ətrafa yayılır. Balasalma zamanı mikrob külli miqdarda dölətrafı maye və pərdənin tərkibində ətrafı çirkləndirir. Belə madyanlarda bakteriyalar 2 ayadək müddətdə balalıq yolarından axıntıların tərkibində xaricə yayılır. Törədici yem, su, qulluq əşyaları və otlaqlar vasitəsilə yoluxurlar. Yoluxma alimentar (yem və su vasitəsilə) və cinsi yolla baş verir. Xəstəlik ən yüksək həddə atların bəslənmə və istismar şəraiti yaxşı olmadıqda çatır. Kütləvi balasalmalardan sonra təsərrüfatı 1-3 il ərzində sağlam hesab etmək olmaz.

İmmunitet. Balasalmış madyanlarda gərgin və uzunmüddətli immunitet yaranır. Təkrar balasalma nadir hallarda baş verə bilər.

Klinik əlamətləri. İnkubasiya dövrü 15-20 gündür, boğaz heyvanlarda və yeni doğulmuş balalarda xəstəlik iti gedişli olur. Madyanlarda boğazlığın 4-8 ayında gözlənilmədən balasalma baş verir, balasalmayadək narahatlıq, hərarətin yüksəlməsi, tez-tez sidik ifrazı, cinsiyyət yollarından selik ifrazı müşahidə oluna bilər. Bala ətrafındakı pərdə ilə birlikdə atılır. Balasalmış madyanlarda hərarət yüksəlir, çox vaxt vaginit və selikli axıntı müşahidə edilir ki, bununla da paratifoz balasalma virus etiologiyalı balasalmadan fərqlənir. Artrit, metrit, bursit, dərialtı toxumada abses şəklində mürəkkəbləşmələr inkişaf edə bilər. Çox vaxt artrit əlamətləri olan diri balalar doğulsa da sonradan onlar septisemiyadan ölürlər.

Patoloji-anatomik dəyişikliklər. Balasalma zamanı döl pərdəsi şişkinləşir, nöqtəvari və yayılmış qan sağıntıları, nekroz sahələri tapılır. Balanın dərisi, dərialtı toxuması şişkinləşir, selikli və seroz qişalar sarımtıl rənglidir. Daxili orqanlarda qan sağıntıları və nekrotik dəyişikliklər tapılır.

Diaqnozu. Diaqnoz qoymaq üçün epizootoloji və kliniki məlumatlar, madyanların bəslənmə və yemlənmə şəraiti nəzərə almır. Diaqnostika laboratoriya müayinələrinə-törədicinin ayrılmasına əsaslanır. Əlavə test kimi aqqlütinasiya reaksiyasından istifadə olunur. Antitellərin titrinin balasalmadan 2 ay sonra madyanın qan serumunda 1:600 və yüksək olması müsbət hesab edilir.

Patoloji balasalmanı alimentar və viruslu balasalmalardan ayırmaq lazımdır. Rinopnevmoniya virusu tərəfindən törədilən balasalma boğazlığın ikinci yarısında baş verir, lakin paratif infeksiyasından fərqli olaraq balasalmaya qədər və ondan sonrakı dövrlərdə hərarət yüksəlmir, vaginit və metritlər müşahidə olunmur, döl pərdəsində qan sağıntıları rast gəlinmir, nekrozlar olmur, bəzi madyanlarda isə parez və paralic yaranır.

Artrit virusunun təsiri ilə balasalma boğazlığın birinci yarısında baş verir, döl isə masserasiya olunur.

Balasalmalar bir-birindən laboratoriya müayinələri ilə virusların ayrılması və spesifik antitellərin müəyyən edilməsi ilə təfriq (differensiasiya) olunurlar.

Müalicə. Metrit və vaginitlər zamam 0,5%-li lizol, ixtiol və antibiotik məhlulları ilə balalıq yuyulur. Antibiotiklər və sulfanilamidlər həmçinin parenteral tətbiq edilir.

Profilaktika və mübarizə tədbirləri. Təsərrüfata yeni gətirilən atlar karantində saxlanılır və xəstə bala doğulduqda madyanlar təcrid edilir, at saxlanılan binalar 2%-li natrium-hidroksid, xlorlu əhəng məhlulları və ya digər vasitələrlə dezinfeksiya edilir. Atılmış bala, pərdə və yem qalığı məhv edilir. Bala salmış madyanların cütləşməsinə ən tez 2 aydan sonra icazə verilir. Kütləvi balasalma baş verərsə, madyanlar ayrı ilxıya yığılır, onları təcrid edilmiş halda saxlayırlar. Belə atların cütləşməsində istifadə olunan erkəklər sağlam atlarla cütləşməyə buraxılmır. Yemlənmə və bəslənmə şəraiti yaxşılaşdırılır.

Spesifik profilaktika vasitəsi kimi AZVİ təklif etdiyi vaksindən istifadə olunur. Bir dəfəlik vaksinasiyadan sonra 1 il müddətinə immunitet əmələ gəlir.

 

07.01.2017
799

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər