DONUZLARIN AFRİKA TAUNU

A+
A
A-

Donuzların afrika taunu itigedişli kontagioz xəstəlik olub, temperaturun yüksəlməsi, müxtəlif orqanların hemorroroji iltihabı, distrofiki və nekrotiki dəyişiklikləri və toksikozla səciyyələnir.

Tarixi məlumat: Bu xəstəlik ilk dəfə Cənubi Afrikada 1903-cü ildə Xutçen tərəfindən qeyd edilmişdir. 1905-ci ildə Teylar eksperimental yolla xəstəlik əldə etmiş və bunu donuzların taununa oxşamasını göstərmişdir.

 

Ancaq 1911-1912-ci illərdə Monhomeri Afrikada donuzlar arasında müşahidə edilən bu xəstəliyi cənubi afrika isitməsi adlandırmış və göstərmişdir ki, bu xəstəliyi törədən viruslar öz immunobioloji xüsusiyyətlərinə görə donuzların taun virusundan fərqlənir.

 

Beynəlxalq Epizootik Büronun 1965-ci ildə Romada çağırılmış konfrasında Amerika və Avropada qeyd edilən donuzların taununu klassik taun və Monthomeri tərəfindən qeyd edilən taunu isə afrika taunu adlandırmağı qərara almışlar.

 

1957-ci ilə qədər afrika taunu yalnız Afrikada müşahidə edilmiş, sonralar Avropa və daha sonra Amerika qitəsində də qeyd olunmuşdur.

 

Keçmiş SSRİ məkanında afrika taunu müşahidə edilməmişdir. 2007-2008-ci illərdə afrika taunu Gürcüstan, Rusiya və Ermənistanda baş verdikdən sonra 2008-ci ilin qış aylarında Afrika taunu ilk dəfə Azərbaycanın Qəbələ rayonunun Nic kəndində də qeyd edilmışdır.

 

İqtisadi zərəri: Xəstəlik 100% letallıqla (ölumlə) özünü göstərir. Bundan əlavə karantin və digər sağlamlaşdırıcı tədbirlər sisteminə böyük məbləğdə maddi vəsait xərclənir.

 

Törədicisi: DNT-li virusdur, virion çoxbucaqlı olmaqla diametri 170-220 nm-dir. Xəstə heyvan orqanizmində virus əksər orqan, sekret və ekskrementlərdə toplanır, ən çox isə qan, limfa düyünləri və dalaqda müşahidə edilir.

 

Davamlılığı: Virus torpaqda öz virulentliyini 4 ay müddətində saxlayır. Virus donuzların sidiyində 4 0C temperaturda 2 aya, nəcisində isə 5 aya qədər sağ qalır. Virus 20 C temperaturda 150 gün, 370 C temperaturda 10-30 gün, 550 C temperaturda isə 15 dəqiqədən sonra inaktivləşir. Qansorucu gənələrin orqanizmində uzun müddət ərzində qalırlar (2 il 6 ay).

 

Dezinfeksiyaedici maddələrdən 2%-li natrium qələvisi virusu 24 saata öldürür. Ancaq virus xlorlu birləşmələrə davamsızdır. Belə ki, 5%-li xloramin, 1-2%-li xlorlu əhəng məhlulu xəstəliyin törədicisini 4 saata məhv edir.

 

Epizootoloji xüsusiyyətləri: Xəstəliyə bütün yaş qrupuna aid olan donuzlar həssasdır.

 

Xüsusilə Avropada olan donuzlar daha çox həssaslıq göstərir.

 

Vəhşi Afrika donuzlarında xəstəlik çox vaxt simptomsuz gedir və bunlar uzun müddət virusgəzdirən kimi özünü göstərir.

 

Xəstəlik törədicisinin mənbəyi xəstə və xəstəlikdən sağalmış donuzlar hesab edilir. Orqanizmdən virus sekret və ekskretlər vasitəsilə ifraz olunur. Təbii halda yoluxma alimentar, aerogen və dəri zədələnmələri vasitəsilə baş verir.

 

Xəstəlik törədicisinin keçirici faktorlarına amillə çirklənmiş müxtəlif xarici mühit obyektlərindən bəzilərini misal göstər bilərik, xüsusilə donuzların yemləndirilməsi üçün istifadə olunan zərərsizləşdirilməmiş məişət tullantıları daha qorxuludur.

 

Heyvanlara qulluq edən işçilər, müxtəlif ev heyvanları və vəhşi heyvanlar, quşlar, gəmiricilər və həşəratlar amilin mexaniki daşıyıcısı ola bilər.

 

Afrikada infeksiya törədicisinin ehtiyat mənbəyi vəhşi donuzlar, Avropa və Amerikada isə ev donuzları və qabanlardır.

 

Bəzi gənələr virusu uzun müddət orqanizmdə saxlayır və yayır.

 

Xəstəlik əsasən epizootiya hallında gedir. Virusun yüksək virulentliyi, davamlılığı və müxtəlif yollarla heyvan orqanizminə daxil olması onun sürətlə yayılmasına səbəb olur.

 

Donuzların afrika taununda stasionarlıq müşahidə edilməklə, müəyyən dövrlərdə təkrarlanır. Belə ki, Avroprada hər 5-6 ildən bir, Afrikada isə 2-4 ildən bir eyni təsərrüfatda müşahidə edilir. Afrika taununda xəstələnmə və ölüm 100% qədər olur.

 

Patogenez: Orqanizmə daxil olmuş virus limfoid toxuması və endoteli tipli hüceyrələrdə toplanır və sürətlə inkişaf edir. Qanyaradan orqanlarda virusun reproduksiyası nəticəsində hemopoez zəifləyir və bununla əlaqədar qanda leykositlərin miqdarı azalır. Virusun təsiri nəticəsində damarların keçiriciliyi artaraq şişlər, qan sağıntıları, damar mənfəzinin tutulması, nekroz və infarktlı sahələr yaranmasına şərait yaradır. Orqanizmdə müxtəlif mübadilə prosesləri pozulur və toxumalara müxtəlif toksiki məhsullar toplanır.

 

Ürək, böyrək, qaraciyər və digər orqanların fəaliyyətinin pozulması ilə əlaqədar olaraq qan durğunluğu yaranır və nəticədə perikarda, köks və qarın boşluğuna eksudatın toplanması nəzərə çarpır. Virusun orqanizmdə artıb-çoxalması sayəsində patoloji proseslərin dərinləşməsi nəticədə ürək-damar, tənəffüs və sinir sisteminin fəaliyyətinin pozulması və ölüm baş verir.

 

Gedişi və kliniki əlamətləri: Xəstəliyin inkubasiya dövrü 2-22 gün olmaqla çox iti, iti, yarımiti və bəzən də xroniki formada gedir.

 

Xəstəliyin çox iti gedişi zamanı temperaturun 40,5-42,20 0C-yə qədər yüksəlməsi 1-2 gündən sonra temperaturun aşağı düşməsi, nəbzin zəifləməsi, tənəffüsün səthiləşməsi, hərəkətin çətinləşməsi və 2-3 günə ölüm baş verir.

 

Xəstəliyin iti gedişi zamanı temperaturun 40,5-42,50 0C-yə qədər yüksəlməsi və ölümə bir neçə saat qalmış 350 C-yə qədər aşağı düşməsi görünür. Heyvanda xəstəliyin ilk dövrlərində narahatlıq, göz qapaqlarının şişməsi, serozlu konyunktivit, gözün kənarlarında dərinin hiperemiyası müşahidə edilir. Xəstəliyin 3-4-cü günlərində xəstə heyvanlarda nəbz və tənəffüsün pozulması, ümumi ölgünlük, səndələmə, əzələ titrəmələri nəzərə çarpır. Çox vaxt gözün daxili bucağında serozlu-hemorroji axıntıdan ibarət qartmaq görünür.

 

Burun yolundan serozlu-selikli axıntı və bəzi donuzlarda qan axıntısı görünür. Boğaz donuzlarda çox vaxt balaatma müşahidə edilir. Ağciyərin auskultasiyası zamanı xırıltılı səslər, təzyiq etdikdə ağrılı olması aşkar edilir. Görünən selikli qişalarda sianozluq nəzərə çarpır. Gövdənin qulaq, xortum, çənəarası sahəsində, döşaltı ətraf və quyruq nahiyələrində sianozluq, sonra isə qan sağıntıları görünür. Xəstəliyin sonunda həzm üzvləri pozğunluqları aşkar edilir.

 

Donuzlarda hemorroji qastrit və kolit simptomları yaranır. Qarın boşluğuna əllə təzyiq etdikdə heyvan bərk narahat olur və çox vaxt defekasiyadan sonra anusdan qan axır. Bəzi donuzlarda meninqoensefalit simptomları görünür. Qanın kliniki müayinəsi zamanı xəstəliyin əvvəlki dövrlərində albuminin azalması, alfa və beta qlobulinlərin də artması xəstəliyin son dövrlərində isə qammaqlobulinlərin də artması aşkar edilir. Xəstəlik 4-10 gün davam edir və ölümlə nəticələnir.

 

Yarımiti gedişi zamanı kliniki əlamətlər iti gedişdə olduğu kimidir, ancaq zəif dərəcədə nəzərə çarpır. Bəzən xəstəlik salmonelyoz və pasterella ilə mürəkkəbləşir və həmin xəstəliklərə aid əlamətlər görünür.

 

Xəstə heyvanlarda yüksək temperatur 6-8 gün saxlanır və sonra 1,5-20 0C aşağı düşür və bəzən təkrarən yenə də yüksəlir. Xəstəlik 15-25 gün davam edir və əksərən ölümlə nəticələnir.

 

Xronikigedişli heyvanlarda ümumi zəiflik, iştahanın normal olmasına baxmayaraq, sürətli arıqlama, bronxopnevmoniya, artrit, dərinin qulaq, quyruq ətrafı nahiyələrində nekroz, keratit müşahidə edilir. Bəzi heyvanlarda üz və alt çənə nahiyəsində yumşaq ağrısız şişlər görünür.

 

Xəstəliyin xroniki forması 2 aydan 1 ilə qədər davam edir, donuzların bəziləri bronxopnevmoniya və arıqlıq nəticəsində tələf olur, digər hissəsində isə xəstəlik latent hala keçir və belə heyvanlar virusgəzdirən olur.

 

Xəstəliyin latent forması vəhşi Afrika donuzlarında və epizootiyanın sonunda ev donuzlarında görünür. Xəstəliyin belə gedişi virulentliyi zəif ştammları vasitəsilə yaranır və heç bir kliniki simptomlar nəzərə çarpmır.

 

Diaqnozu: Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişikliklər nəzərə alınır və virusoloji müayinə aparılır. Dəqiq diaqnoz məqsədilə seroloji reaksiyalardan istifadə edilir.

 

Təfriqi diaqnozu: Xəstəliyi klassik taundan, pasterelyozdan və qızılyeldən təfriq etmək lazımdır. Pasterellyozda və qızılyeldə baktereoloji müayinənin nəticəsi əsas sayılır. Bundan əlavə qızılyeldə dəri üzərində əmələgələn qırmızı ləkələr hiperemiyanın nəticəsi olduğu üçün əllə təzyiq etdikdə itir.

 

Afrika taunu klassik taundan təfriq etmək üçün hər iki xəstəliyin bütün xüsusiyyətləri dəqiq şəkildə nəzərdən keçirilməlidir. Klassik taunda elə ilk gündən xəstəliyə aid olan kliniki əlamətlər yarandığı halda afrika taununda dəyişikliklər ölümə 1-2 gün qalmış görünür. Klassik taunda dalağın böyüməsi sekundar infeksiya nəticəsində baş verdiyi halda, afrika taununda dalaq bir neçə dəfə böyüyür.

 

Afrika taununda hemorroji diatez daxili orqanların limfa düyünlərində göründüyü halda, klassik taunda belə dəyişikliklər səthi limfa düyünlərində gedir. Afrika taununda bağırsaqların difteriki iltihabı olmur.

 

Seroloji-hemorroji pnevmoniya, paycıqlararası birləşdirici toxumanın şişi və serozlu hepatit afrika taununda olduğu halda, klassik taunda görünmür.

 

Hər iki xəstəliyin dəqiq şəkildə təfriqi üçün bioloji sınaqdan istifadə edilir. Xəstəliyin diaqnozu məqsədilə HAR, İFR, DPR , KBR və immunoelektroosmoferozdan istifadə edilir. HAR-dan təfriqi diaqnozda da istifadə edilir, çünki klassik taun virusu hemadsorbsiya törətmir.

 

Müalicəsi: Aparılmır.

 

İmmuniteti: Xəstəlikdən sağalma nadir halda olur və belə heyvanlar uzun müddət virus daşıyırlar. Xəstə heyvanların orqanizmində virusneytrallaşdırıcı əkscisimlər yaranmadığı üçün inaktivləşmiş və diri immunogen vaksinlər əldə edilməmişdir. Müxtəlif vasitələrlə zəifləşdirilmiş ştamlardan alınmış vaksinlərlə peyvənd apardıqta heyvanlarda xronikigedişli xəstəlik yaranır və belə heyvanlar uzun müddət virusdaşıyan olduqları üçün epizootiya cəhətdən qorxulu hesab olunur.

 

Profilaktika və mübarizə tədbirləri: Afrika taunu xəstəliyinə görə salamat olmayan xarici ölkələrdən donuzların gətirilməsi qadağandır. Beynəlxalq dəniz və hava portlarında, sərhəd zonalarında, dəmir yolu və şose yollarında heyvan daşınması zamanı ciddi baytarlıq nəzarəti olmalıdır.

 

Afrika taunu baş vermiş təsərrüfatda karantin qoyulur, həmin təsərrüfat ətrafında 5-20 km radiusda təhlükəli zona və 100-150 km radiusda isə yoluxma qorxusu ola biləcək zona müəyyən edilir və bu zonalarda müvafiq tədbirlər aparılır.

 

Xəstə təsərrüfatda olan bütün donuzlar qansız üsulla öldürülür. Öldürülmüş və xəstəlikdən tələf olmuş donuzlar, peyin, yem qalıqları və azqiymətli müxtəlif avadanlıqlar yandırılır. Heyvan binaları və onun ətraf sahələrində 3-5 gün fasilə ilə 3 dəfə 4%-li xlorlu əhəng məhlulu, 5%-li birxlorlu yod məhlulu, 5%-li formalin məhlulu ilə dezinfeksiya edilir. Eyni vaxtda, həşərat və gəmiricilərə qarşı da qırıcı tədbirlər aparılır.

 

Təhlükə altında olan zonalarda bütün donuzlar xüsusi ayrılmış sallaqxana və ya ət kombinatlarında kəsilir. Ət və digər məhsullar kolbasa istehsalı üçün istifadə edilir. Yoluxma qorxusu ola biləcək sahədə donuzlar baytarlıq nəzarəti altında olur və uyğun təlimat əsasında klassik taun və qızılyel xəstəliyinə görə vaksinasiya edilir.

 

Xəstəlik baş vermiş təsərrüfatda donuzların öldürülməsi və təhlükəli zonadakı heyvanların kəsilməsindən 40 gün (BEB yeni təlimatına görə) keçmiş karantin götürülür. Həmin təsərrüfata heyvanların gətirilməsinə karantin götürüldükdən 1il sonra icazə verilir.

 

22.02.2009
776

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər