QIZILBALIQLARIN GİCƏLLƏNMƏSİ XƏSTƏLİYİ (MİKSOZOMOZ)

A+
A
A-

 

Törədicisi. Xəstəliyin törədicisi miksosporida dəstəsinə mənsub olan Myxosoma serebralis parazitidir.

Parazitin şarvari sporlarının diametri 6, 5-8, qütb kapsullarının uzunluğu 3,9-4,2 mikrondur. Hər sporda bir cüt qütb kapsulu vardır. Miksozomalar balıqların qığırdaq toxumalarında parazitlik edirlər.

Epizootologiyası. Azərbaycanda xəstəliyə şirin suda yaşayan və forel təsərrüfatlarında artırılan qızılxallı, qızılbalıq, çay foreli və s. balıqlarda təsadüf edilir. Xəstəlik körpələr arasında ən çox fəal yemlənməyə keçəndən 1-2 ay sonra baş verir. Bundan bir ay keçəndən sonra törədicinin sporlaşmış mərhələyə keçməsi ilə əlaqədar olaraq xəstəlik yüngül forma alır, tələfat azalır. Parazitin inkişafına və yayılmasına suyun istiliyinin artması (20°C və çox), təsərrüfata kənardan xəstə törədicinin gətirilməsi, müxtəlif yaşlı balıqların bir yerdə saxlanması, xidmət əşyalarının, habelə göllərin vaxtlı-vaxtında dezinvaziya edilməməsi şərait yaradır.

Klinik əlamətləri. İnkişafının ilk mərhələsində parazit kürə şəkilli çıxıntıları vasitəsilə qığırdaq toxumasına, ən çox qulağın yarımdairəvi kanallarına daxil olur. Amil baş beyin və onurğa beyni mühafizə edən qığırdaq toxumalarını zədələdikdə mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir. Nəticədə xəstə balıqların hərəkəti öz normallığını itirir. Onlar gah sürətlə üzür, gah da dayanırlar.

Balıqlar əksər hallarda bir istiqamətdə fırlanır, gicəllənir və suyun dibində yatırlar. Onurğa sütunu əyilir, quyruq qaralır, qara ləkələr görünür. Balıq yemdən qalır və arıqlayır.

Diaqnozu. Xəstəliyin müəyyən edilməsində epizootoloji məlumatlar və klinik əlamətlər nəzərə alınmalıdır. Lakin diaqnozun düzgünlüyü yoluxmuş qığırdaq toxumalarmı mikroskopik və histoloji müayinə edib parazitin sporlarını görməyə əsasən təsdiq olunur.

Mübarizə tədbirləri. Xəstəlik spesifik müalicə olunmadıqda profilaktika tədbirlərinə xüsusi fikir verilməlidir. Xəstəlik baş verdikdə isə onu aradan qaldırmaq üçün göllərin suyu buraxılmalı, 1 kq/m2 hesabı ilə kalsium-sianid preparatı gölməçənin dibinə səpilərək, 1 ay eləcə saxlanılmalıdır. Bu preparat zəhərli olduğu üçün onunla işləyərkən təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Mübarizə işinin səmərəliliyi balıqların gümrahlığından da çox asılıdır.

Yuxarıda göstərildiyi kimi parazit balıqların yumşaq qığırdaqlarında daha intensiv inkişaf edir və qığırdıq sümükləşdikdə amilin inkişafı dayanır. Buna görə də qığırdağın sümükləşməsini sürətləndirən yemləməyə fikir verilməlidir.

 

04.02.2015
455

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər