XİLODONELLYOZ

A+
A
A-

Etiologiyası. Chilodonella cyprini kiprikli infuzordur. Parazitin bədəni yarpaqvari formada, uzunluğu 33-71 mkm, eni 21-57 mkm- dır.

Epizootologiyası. Azərbaycanda xəstəliyə şirin suda yaşayan balıqlarda, ən çox isə qızılxallı, qızılbalıq, çəki, karp balıqlarında təsadüf edilir. Əsasən aşağı dolğunluqlu balıqlar xəstələnir. Xəstəlik qışlama dövründə bir illik balıqlar arasında baş verir. Bəzən invaziya payızın axırı və yazda zəifləmiş və arıq balıqların sıx yerləşdiyi göllərdə qeyd edilir.

Klinik əlamətləri. Xəstə balıqlar hərəkətə gələrək, buzda açılmış yarıqlara toplanır, onların bədən səthində selikli göyümtül-boz ərp əmələ gəlir və xəstəlik inkişaf etdikcə qəlsəmələr də seliklə örtülür və nəticədə qəlsəmə aparatının tənəffüs funksiyası pozulur, xəstə balıqlar təmiz su axınına toplanır və ya sudan kənara atılır, xarici qıcıqlara cavab vermir və asan tutulur.

Diaqnozu. Xəstəliyin əlamətləri və bədən səthi, üzgəclər və qəlsəmələrdən götürülmüş yaxmaların mikroskopiki müayinəsinə əsasən qoyulur.

Müalicəsi. Qışlama göllərində hər kub metr suya 1-2 kq xörək duzu əlavə edilərək onun 0,1-0,2%-li məhlulunda xəstə balıqlar 1-2 gün saxlanır. Bu zaman suyun hərarəti l°C-dən aşağı olmamalıdır. Aşağı hərarətli sularda malaxit yaşılından istifadə edilir. Preparatın 5:1000 nisbətində ana məhlulu hazırlanaraq göldə 0,1-0,2 q/m3 kəsafətli müalicəvi məhlul yaradılır və suyun axarlılığı 4-5 m saatda dayandırılır. Balıqlar günaşırı 2 dəfə işlənir.

Profilaktikası. Xilodonellyozun profilaktikası üçün qışlama göllərinə xəstəlik törədicilərinin keçməsinin qarşısını almaq məqsədilə su gələn kanalların ağzına zibiltutucu metal torlar və ya 25-40 sm qalınlığında çınqıl-qum filtirlər bərkidilir. Eyni zamanda bütün yaş qrupundan olan balıqlar payızda qışlama göllərinə keçirilərkən və yazda qışlamadan çıxarkən, həmçinin törədici balıqlar kürüləmə qabağı parazitəleyhi duz vannalarından keçirilməlidir.

Qışlama göllərində optimal zoogigiyeniki, hidroloji, hidro-kimyəvi şərait yaradılmalıdır. Cavan balıqların yayda yetişdırildiyı dövrdə inkişafını və boy artımını stimulə edən, dolğunluğunu yüksəldən əlverişli şərait yaradılır.

Xəstəlik baş verən qışlama gölləri sönməmiş (35-40 s/hek) və ya xlorlu (5-7 s/hek) əhənglə dezinfeksiya olunur, bütün yay boyu quru saxlanaraq bitki ilə örtülməsinə yol verilmir.

 

04.02.2015
521

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər