Quşların taunu (Pestis avium)

A+
A
A-

 

 

 

Quşların taunu-toyuq, hindtoyuğu və firəng toyuqlarının kəskin yoluxucu kontagioz xəstəliyidir. MDB-də atipik taun qeyd edilir (Asiya taunu, yalançı taun, quşların Nyukasl xəstələyi).

Törədicisi: Xəstəliyin törədicisi süzgəcdən keçən virusdur. Virusu xəstə quşların qanında, toxumalarında, orqanlarında və ifrazatlarında tapırlar. İmmunoloji cəhətdən virusun iki müxtəlif tipini ayırd edirlər: Asiya və Avropa tipləri. Quşlarda taunun törədici kimi Asiya tipii daha geniş yayılmışdır. Xəstəliyə toyuqlar, hind toyuqları, qırqovullar, firəng toyuqları və bəzi vəhşi quşlar tutulur. İnfeksiya mənbəyi xəstə quşlardır. Xəstəlik, öldürülmüş xəstə quşların cəmdəkləri ilə, virusla çirklənmiş lələk və tüklərlə, salamat olmayan təsərrüfatlardan çıxan yumurtalarla yayıla bilir. Yoluxma başlıca olaraq tənəffüs yolları və həzm yolu vasitəsi ilə baş verir.

 

Əlamətləri: Xəstəliyin inkubasiya dövrü 2-14 gündür. Xəstəlik bir neçə saatdan 14 günə qədər sürür. Xəstəlik zamanı bədən temperaturunun yüksəlməsi, süstlük, hərəkətlərin azalması, susuzluq, yuxusuzluq, iştahsızlıq, tüklərin bir-birinə qarışması, dimdikdən və burun dəliklərindən yapışıcı və ya sulu maye axması, tənəffüsün çətinləşməsi, qarıldama, bəzən baş, göz qapaqları, boyun və döş nahiyəsində şişkinliklər, pipik və sırqacıqların göyərməsi müşahidə olunur. Çox vaxt ishal, əsəbilik halları-manej hərəkətləri, həssaslığın artması, başın əsməsi, axsaqlıq, qanad və ətrafların parezi, qıclıq görünür. Ölüm 40-100% olur.

 

Patoloji-anatomik dəyişikliklər: hemorrogik diatez, baş, boyun və döş nahiyəsinin şişikinliyi, ağız boşluğunun, mədə və bağırsaqların selikli qişasının kataral iltihabı, bağırsaqların selikli qişası üzərində difterik pərdəciklərlə örtülmüş qovcuqların olması, vəzili və əzələli mədələr hüdudunda hemorragik qurşaq (çəmbər) olması qeyd edilir.

 

Diaqnoz: klinik əlamətlərə, epizootoloji məlumatlara və bakteroloji müayinələrə əsasən qoyulur. Xəstəliyi pasterellyoz, spiroxetoz və infeksion larinqotraxeitdən təfriq etmək lazımdır.

 

Müalicəsi: işlənib hazırlanmamışdır.

 

Profilaktika və mübarizə tədbirləri- quşların saxlanmasının zoogigiyenik qaydalarına əməl etmək, quşxanalar, gəzinti yerləri və avavdanlıq müntəzəm surətdə təmizlənməli və dezinfeksiya edilməli, yeni gətirilmiş quşlar karantində saxlanmalı, lazım gəldikdə profilaktik vaksinasiya keçirilməlidir. Qeyri-sağlam təsərrüfata və onunla yanaşı olan təsərrüfatlara (məntəqələrə) karantin qoyulur. Quşlar başdan-başa baytarlıq müayinəsindən keçirilir və həyətbəhəyət uçota alınır. Xəstə quşu öldürür və yandırırlar, sağlam quşları isə vaksinasiya edirlər. Quşxanalar, gəzinti yerləri və avadanlıqlar təmizlənməli, dezinfeksiya edilməlidir. Ciddi karantin tədbirləri görülməlidir. Yoluxma və xəstələnməyə şübhəli olduğuna görə kəsilmiş quşların bağırsaqlarını, lələk və tüklərini yandırırlar. Belə quşların əti və onlardan alınan yumurta, bişirildikdən sonra təsərrüfat daxilində realizə edilir. Sağlam təsərrüfatların və həyətlərin bütün quşlarını taun əleyhinə vaksinlə təlimata uyğun qaydada profilaktik olaraq peyvənd edirlər. Karantini, axırınca quş kəsildikdən və ya öldükdən və son dezinfeksiya keçirildikdən üç həftə sonra götürürlər.

 

14.01.2017
1459

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər