QUŞLARIN MAREK XƏSTƏLİYİ

A+
A
A-

 

 

Quşların marek xəstəliyi (neyrolimfomatoz)-morbus marek-limfoproliferativ xəstəlik olmaqla törədicisi herpes qrupuna daxil olan virusdur.

Törədicisi-virusun patogenliyi müxtəlifdir. Virusun yüksək patogen ştammları xəstəliyin iti formasını, zəif patogen ştammları isə klassiki formanı törədirlər. Apatogen ştammlarla yoluxmuş quşlar xəstələnmirlər. Ferma, yaxud binadakı quşlar arasında virusun müxtəlif patogenliyə malik olan ştammları dövr edə bilərlər.

Virus interferonogen və immunodepressiv fəallığa malik olmaqla quş orqanizminin ümumi müqavimət qüvvəsini zəiflədir, immunobioloji tolerantlıq törədir və onun digər xəstəliklərə həssaslığını artırır.

Epizootologiyası. Təbii şəraitdə marek xəstəliyinə toyuqlar daha çox həssasdırlar. Hinduşkalar, bildirçin, qırqovul, ördək, qu quşu və kəkliklər xəstələnirlər. Marek xəstəliyi virusunun və ona qohum olan herpes virusunun daşıyıcısı toyuqlar və hinduşkalardır.

Təbii xəstələnməyə cücələr birinci həftədən həssasdırlar. Xəstəliyə görə salamat olmayan təsərrüfatlarda cücələr 8-20 həftəlikdə 100% yoluxurlar. Xəstəlik əsas etibarilə 60-120, bəzən də 30-40 günlük cavanlarda aydın bilinir.

Əsas infeksiya mənbəyi xəstə quşlardır. Virus tənəffüs, həzm yolları və tük follikulları vasitəsilə yayılır. Tük follikullarının epitelisində virusun reproduksiya dövrü başa çatır. Virus vasitəli və vasitəsiz kontaktla keçir. Aerogen yol əsas yayılma yolu, tənəffüs yolu ilə əsas giriş qapısıdır. Tük follikularının tökülmüş epiteli hüceyrələri virusun "deposu" hesab olunur və virus burada bir ildən artıq yaşayır. Virusyayma yoluxmadan 7-20 gün sonra başlayır və quşun ömrünün axırına qədər davam edə bilər. Sənaye quşçuluğu təsərrüfatlarında xəstəlik epizootik, yaxud enzootik gedişə malik olmaqla digər xəstəliklərlə qarışıq gedir.

Kliniki nişanələri. Xəstəliyin iti və klassik formaları mövcuddur. Klassik formada inkubasiya dövrü 14 gündən 2-3 aya qədərdir. Xəstəliyin klinik nişanələri mərkəzi və periferik əsəb sisteminin pozulması (axsama, ayaq, qanad, boyun və quyruğun parez və iflici) ilə əlaqədar olur. Bundan başqa xəstələrdə gözün qüzehli qişasmın rəngi dəyişir (bozarır) bəzən tam itir və quş kor olur. İridosiklit xəstə quşlarda 1-6 aylıq və daha böyük yaşlarda müşahidə olunur. Adətən quşlar 3-5 aylıqda tələf olurlar. Tələfat tək-tək halda 30%-ə qədər, çox vaxtı 2-5% olur.

İti formada klassik formadan fərqli olaraq inkubasiya dövrü qısadır (2-3 həftə), qəfıldən başlayır, tez keçir, əsas etibarilə 1-5 aylıqların əksəriyyəti xəstələnir və ölür (80%).

Bəzən xəstəliyin başlanğıcında tez keçən kütləvi əsəb pozğunluqları əlamətləri görünür və 5-7 gündə 1-2 aylıq cücələrin demək olar ki, hamısı xəstəliyi keçirir, tələfat az olur. Lakin 2-6 həftədən sonra daxili orqanlarda limfoid şişlərin əmələ gəlməsi ilə əlaqədar olaraq tələfat artır.

Patoloji-anatomik dəyişiklikləri. Xəstəliyin klassik formasından tələf olmuş quşları yardıqda sinir tellərinin diffuz-ocaq formasında qalınlaşması, rənglərinin dəyişməsi, daxili orqanlarda (yumurtalıq, böyrək, ağciyər, qaraciyər, ürək, vəzili mədə, dalaq, bəzən müsariqə, mədəaltı vəz), xüsusilə yumurtalıq və toxumluqda şişlərin olması aşkar edilir.

Xəstəliyin iti forması tək-tək (başlanğıcda) və çox saylı şişlərin daxili orqanlarda, dəridə, əzələlərdə, həmçinin periferik və mərkəzi sinir sistemində aşkar olması ilə səciyyələnir.

Diaqnozu. Xəstəliyin diaqnozu epizootoloji məlumata, klinik nişanələrə, patanatomik dəyişikliklərə və laboratoriya müayinələrinin nəticələrinə əsasən qoyulur. Onu limfoid leykozdan, B,E və D avitaminozlardan, infeksion ensafalomielitdən, nyukasl xəstəliyindən, qripdən, listeriozdan, bəzi zəhərlənmələrdən təfriq etmək lazımdır.

Mübarizə tədbirləri və profilaktika. Xəstəliklə mübarizə kompleks baytarlıq-sanitariya və spesifik profilaktika tədbirlərindən ibarətdir. Baytarlıq-sanitariya tədbirlərindən ən əsaslısı anac sürülərinin salamat təsərrüfatlardan gətirilmiş cavanlarla komlektləşdirilməsi, inkubatorda mütəmadi olaraq sanitariya tədbirlərinin keçirilməsi və müxtəlif yaş qruplarından olaraq quşların bir-biridən təcrid olunmuş şəraitdə bəslənməsidir.

Qeyri-salamat təsərrüfatlarda yumurtanın inkubatorda, cücələrin çıxış vaxtı və yetişdirilmə dövründə yoluxmasına yol verilməməsinin əhəmiyyəti böyükdür.

Xəstəliyin spesifik profilaktikası diri vaksinlərin-attenuasiya olunmuş, təbii zəifləmiş ştammlardan və onunla antigenlik cəhətdən qohum olan hinduşkaların herpes virusu ştammından hazırlanmış vaksinin tətbiqinə əsaslanır. Ən çox istifadə olunan bütün yaşlarda quşlar üçün zərərsiz olan hinduşkaların herpes virusundan hazırlanan vaksindir.

Marek xəstəliyinin spesifik profilaktikasında döllük və reproduktor təsərrüfatlarında, ətlik və yumurtalıq istiqamətli sənaye quşçuluğu təsərrüfatlarında xəstəliyin iti forması epizootik formada baş verdikdə bütün quşların peyvənd olunması, xəstəliyin klassik forması baş verən təsərrüfatda ancaq təmir cavanlarının peyvənd edilməsi vacibdir.

Profilaktik məqsədlə cücələr birinci gündə vaksinin təlimatına müvafiq olaraq peyvənd edilirlər. ABŞ-da bu məqsədlə toyuq embrionlarmı 18-ci gündə inkubatorda peyvənd edirlər.

Xəstəlik baş verdikdə təsərrüfata məhdudiyyət qoyulur. Marek xəstəliyi təsərrüfatda geniş yayıldıqda və yüksək kontagioz olduqda qeyri-sağlam bina və ya qrupdakı bütün quşlar tələf edilir, binalarda, inkubatorda, avadanlıq, ərazi və sairə sahələrdə ciddi mexaniki təmizlik və dezinfeksiya aparılır. Dezinfeksiya məqsədi ilə qələvi, formaldehid, xlor və fenoldan istifadə edirlər. Tük və lələk də qəbul olunmuş qaydada dezinfeksiya olunur. Digər tədbirlər xəstəliklə mübarizə haqqındakı təlimatın tələblərinə müvafiq aparılır.

01.02.2017
1190

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər