QAZLARIN VİRUSLU ENTERİTİ

A+
A
A-

 

Qazların viruslu enteriti (qazların qripi, Derji xəstəliyi, qazların viruslu hepatiti, yaralı nekrotiki enterit, qazların inflyusensiyası - Enteritidis viralis anserorum) - kontagioz virus xəstəliyi olmaqla mədə-bağırsaq traktının, ağciyərlərin, digər orqanların zədələnməsi və cavanların tələfatı ilə səciyyələnir.

Törədicisi. Parvoviruslar ailəsinə mənsubdur. Xioroforma, efirə və 0,25%-li tripsin məhluluna həssasdır. Qliserinin 40%-li məhlulunda 2 il, liofılizasiya olunmuş allantois mayesində 4°C-də 15-18 il salamat qalır. Virus 60°C-də 60 dəqiqəyə, 70°C-də 10 dəqiqəyə tələf olur. Adi dezinfeksiya edici maddələr ümumi qəbul olunmuş konsentrasiyada virusu qısa müddətdə öldürürlər (0,5-1%-li formaldehid onu 10-15 dəqiqəyə öldürür).

Epizootologiyası. Xəstəliyə qaz və muskus ördəklərinin balaları həssasdırlar. Toyuqlar, pekin ördəkləri, hinduşkalar, sesarkalar və onların cavanları xəstəliyə həssas deyillər.

Xəstəliyin klinik nişanələri 6-12 günlük qaz balalarında, nadir hallarda isə 4 və 15-20 günlük yaşlarda görünür. Xəstəliyi keçirmiş qaz balaları 3-4 il müddətində virusdaşıyıcı qalırlar. Xəstəlik immuniteti olmayan qaz balalarında baş verdikdə onları 90-100 %-i tələf olur. Stasionar salamat olmayan təsərrüfatlarda qaz balalarının tələfatı

tədricən azalaraq 20-30%-ə çatır və hər 3-4 ildən bir təkrar olunur.

İnfeksiya mənbəyi xəstə və ölmüş qaz balaları, xəstəliyi keçirmiş qaz balalarından böyüyən qazlar, virusdaşıyıcı qazların yumurtası, inkubasiyanın çıxarı, həmçinin xəstələrin ifrazatı ilə çirklənmiş yem, su və əşyalardır. İnfeksiyanın əsas yayılma yolu yumurta vasitəsilədir, lakin alimentar və aerogen yollada yoluxma baş verir.

Virusdaşıyıcı qazların yumurtalarında inkişaf edən embrionların əksəriyyəti 25 günlük yaşda tələf olurlar.

Klinik əlamətləri. İnkubasiya dövrü 2-6 gündür. Xəstə qaz balaları az hərəkət edirlər, süst olurlar, bir yerə toplaşırlar, iştahları kəskin azalır, bəzən onlarda konyunktivit və rinit müşahidə olunur. Diareya baş verdikdə qarın boşluğuna maye toplanması, dəridə hiperemiya, xəstələrin lələklərini və tükünü yolması, inkişafdan qalma nişanələri baş verir.

Patoloji-anatomik dəyişiklikləri. 40 günlüyə qədər ölən balalarda dəyişikliklər olmur. Bir qədər böyük yaşda ölənlərdə qarın boşluğuna saman rəngində şəffaf yaxud həlməşikli maye toplanması, ağız boşluğuna və vəzli mədəyə selik yığılması, mədə-bağırsaq traktında kataral, fibrinozlu yaxud hemorroji enterit aşkar edilir. Qaraciyər böyüyür, hiperemiyalaşır, dalaq və böyrəklər qanla dolğun olur, ürək böyüyür, miokard bişmiş ət rəngində olur. Dərialtı toxuma quru olmaqla bəzi sahələrində serozlu infiltrat aşkar edilir.

Diaqnozu. Epizootoloji məlumata, kliniki nişanələrə və patanatomiki dəyişikliklərə görə ilkin diaqnoz qoyulur. Diaqnozu təsdiq etmək üçün laboratoriyaya törədicini ayırmaq və tipini təyin etmək üçün 5-6 cəsəd yaxud xəstə qaz balası göndərilir. Xəstəliyi salmonelyoz, kolibakterioz və pasterellyozdan təfriq etmək lazımdır.

Mübarizə tədbirlərii və profilaktika. Bu məqsədlə qaz balaları və qazlar üçün virusvaksindən istifadə edirlər. Anac qazları yumurtlama mövsümündən 40-50 gün əvvəl 20 gün fasilə ilə 2 dəfə peyvənd edirlər. İmmunitet 2-ci peyvənddən 21 gün sonra əmələ gəlir və virusu neytrallaşdırıcı əkscismlər transovarial yolla nəslə keçirlər.

Peyvənd edilmiş qazların yumurtalarından çıxan balaları 1-2 günlük yaşda peyvənd edirlər. İmmunitet 10 gündən sonra yaranır və 3 ay davam edir. Rekonvolasent qazlarin sitrat qanı yaxud, qan serrumu yaxşı profilaktiki təsirə malikdir.

04.02.2015
566

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər