QUDUZLUQ (RABİES)

A+
A
A-

 

 

 

Quduzluq itigedişli infeksion xəstəlik olub, ensefalomielit və polinevrit simptomokompleksi ilə səciyyələnir

Tarixi məlumat: Quduzluğa dair ilk məlumat eradan əvvəlki dövrlərə təsədüf edir. IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İlk dəfə 1559-cu ildə D.Frakostoro quduzluq törədicisinin canlı amil olmasını göstərmişdir. Sonralar Sinke İtin, Berid gövşəyən heyvanların və Maqendi insanların ağız suyunun yoluxucu olmasını müəyyən etmişdir.

1881-1889-cu illərdə L.Paster öz əməkdaşları ilə birlikdə xəstəliyin virus etiologiyası olmasını müəyyən etmiş və virusun adadovşanlarının beynindən passaj etməklə onun virulentliyini zəiflətməyə nail olmuşlar. L.Paster bu virusu virus fixe adlandırmışdır. Belə virus kulturası natrium qələvəsi üzərində qurudulmaqla inaktivləşlirilmişdir. Əldə edilmiş belə vaksinlə Paster heyvanlarda peyvənd aparmış və yalnız 1885-ci ildə ilk dəfə insanların məcburi peyvəndini etmişdir. 1887-ci ildə Babeş quduz heyvanların beyin hüceyrələrinin protoplazmasında xüsusi cisimlər aşkar etmiş və 1903-cü ildə Neqri bunun diaqnostik əhəmiyyətini qeyd etmişdir.

1889-cu ildə Babeş və Lepp antirabik serum hazırlamaq metodikasını təklif etmiş, 1908-ci ildə Fermi qliserinləşdirilmiş formol vaksin hazırlamışdır .

İqtisadi zərər: Quduzluq nəticəsində təsərrüfatlara böyük zərər dəyir və insanların yoluxma qorxusu olduğu üçün xəstəliyin ləğv edilməsınin böyük sosial əhəmiyyəti vardır.

Törədicisi: Xəstəliyin törədicisi RNT-li virus olmaqla rabdoviruslar ailəsinin lissaviruslar növünə mənsubdur. Virus neyrotropdur. Ayrı-ayrı coğrafi zonalardan alınmış quduzluq virusu ümumi antigenlik xüsusiyyətinə malikdir. Ancaq bunlar virulentlik dərəcəsinə görə müəyyən qədər fərqlənirlər

Virus iki əsas antigen komponentə malikdir. Həllolan S-antigen bütün quduzluq virusuna ümumi olmaqla komplement birləşdirici, presipitinləşdirici və immunoflüoresensiya reaksiyalarında iştirak edən antitellərin yaranmasına səbəb olur.

İnfeksion V-antigen isə virusneytrallaşdırıcı əkscisimlərin, antihemaqqlütininlərin əmələ gəlməsində və immunitetin formalaşmasında əsas olmaqla, həm də tipin spesifikliyini müəyyən edir. Qlikoproteid komponentin fərqliliyi ilə əlaqədar olaraq NR vasitəsilə virusun 4 seroloji tipi müəyyən edilmişdir.

Davamlılığı: Virus müxtəlif fiziki və kimyəvi amillərin təsirinə davamlıdır. Qurudulmuş beyində 10-14 gün, günəş şüasının təsirindən isə 102 gün sağ qalır. Virus 60 oC temperaturda 1 saata, 80 oC temperaturda 2 dəqiqəyə qədər və qaynadılma zamanı ani olaraq məhv olur.

Kimyəvi dezinfeksiya maddələrindən kreolin, natrium qələvisi və formalin (2-5% -li məhlul halında) virusu bir neçə dəqiqəyə məhv edir.

Epidemioloji xüsusiyyətlər: Xəstəliyə bütün növ istiqanlı heyvanlar həssasdır. Əvvələr xəstəlik vəhşi heyvanlarda daha çox müşahidə edildiyinə görə buna В«meşə quduzluğuВ» adı verilmişdir. Sonralar xəstəlik şəhərlərdə də qeyd olunmuş və müharibə ilə əlaqədar olaraq yeni quduzluq sahələri yaranmışdır. Hal-hazırda Avstraliya və Havay adaları müstəsna olmaqla xəstəliyə dünyanın bütün ölkələrində təsadüf edilir.

Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal), yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir. Körpə heyvanlar yaşlılara nisbətən quduzluq virusuna daha çox həssasdır.

Quduzluq virusunun ehtiyat mənbəyi ətyeyən vəhşi heyvanlar, eləcə də yarasalar hesab edilir. Amilin ehtiyat mənbəyinin xarakterindən asılı olaraq xəstəliyin təbiət və şəhərtipli epizootiyaları mövcuddur.

Şəhərtipli epizootiyalarda infeksiya törədicisinin mənbəyi sahibsiz it və pişiklər, təbiət epizootiyasında isə vəhşi ətyeyən heyvanlar hesab edilir.

Quduzluq virusu üçün xarakterik xüsusiyyət mərkəzi sinir sisteminə yüksək və visseral orqanlara isə zəif tropizmidir. Virus xəstə heyvanların qanı və sidiyində olmur, yalnız ağızsuyu ilə xarici mühitə ifraz edilir. Ona görə də heyvanların yoluxması dişləmə ilə baş verir.

Quduzluqdan ölmuş itlərin 90%-ə qədərində ağız suyundan virusun olması müşahidə edilmişdir. Virusun ağızsuyu vasitəsilə ayrılması ilk kliniki əlamətlərdən sonra müşahidə edilir. Ancaq xəstəlikdə ilk kliniki simptomlar çox vaxt müəyyən edilə bilmədiyi üçün virusun ayrılması ilə kliniki simptomların görünməsinə qədər müəyyən vaxt keçir. Ona görə də insan və heyvanları səbəbsiz olaraq dişləmiş it və pişiklər 10 gün nəzarət altında saxlanmalı və bu müddət ərzində quduzluğa aid olan əlamətlər görünməsə, demək onlar quduz deyildir.

 Epizootiyanın intensivliyi vəhşi ətyeyən heyvanların sıxlığı ilə əlaqədardır. Belə heyvanların sıxlığı nə qədər çox olursa, xəstəlik də tez yayılır. Təbiətdə quduzluq epizootiyası mövsümü xarakterli olmaqla, xəstəlik ən çox yaz, payız və qış dövründə müşahidə edilir. Bu ətyeyən vəhşi heyvanların biologiyası ilə əlaqədardır. Belə ki, yanvar-mart ayları bu heyvanların cütləşmə dövrünə təsədüf edir.

Patogenezi: Orqanizmə daxil olmuş virus sinir toxumaların hüceyrlərində toplanır. Sonra sinir yolu vasitəsilə bir başa və ya onurğa beyni ilə mərkəzi sinir sisteminə keçir. Mərkəzi sinir sistemində virus çoxaldıqdan sonra buradan periferiyaya doğru yönəlir və ən çox ağızsuyu vəzilərini innervasiya edən sinirlərə toplanır. Mərkəzi sinir sistemindən virus hüceyrələri parçalayır, sonra hüceyrəarası sahəyə düşüb buradan yeni hüceyrəyə keçir. Sinir hüceyrələrinin belə zədələnmələri ilə əlaqədar olaraq ürək və tənəffüs üzvlərinin iflici, nəhayət ölüm baş verir.

Quduzluqda xəstə heyvanların sinir toxumasında neyrotoksinlər aşkar edilir ki, bu da quduzluğa xas olan simptomokompleksin inkişafına səbəb olur. Müəyyən olunmuşdur ki, virus sinir yolundan əlavə bəzən qan və limfa damarları vasitəsilə yayılır.

Gedişi və kliniki əlamətləri: Virusun törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük olarsa, yoluxma ehtimalı da o qədər çox olur. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya qədər olur. Bəzən 3 gündən 3 ilə qədər də davam edə bilər. İtlərdə xəstəliyin 5 forması aşkar edilmişdir: coşğun, paralitik və ya sakit, atipik, abortiv və qayıdan formalar. Coşqun forma 3 mərhələ ilə inkişaf edir: prodromal və ya melanxolik, oyanıqlıq və ya maniakal və paralitik mərhələlər.

Melanxolik mərhələ 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, sahibinin çağırışına çox vaxt getmir, yaxud həddindən artıq sahibinə mehribanlıq göstərir. Çox vaxt o sahibindən aralanmır, onun əlini, üzünü yalamağa çalışır. Artıq bu dövrdə İtin ağız suyunda virus mövcuddur. Sonra tədricən narahtlıq başlayır. O səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Qallüsinasiya hərəkətləri, yəni tanış əşyalara hürür, yaxud ağzı ilə havada В«milçək tutmaВ» hərəkəti edir. O yem qəbul etmir, ancaq yabançı cisimləri gəmirir. Zədə nahiyəsində qaşınma müşahidə edilir. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir, melanxolik mərhələ bir neçə gündən sonra maniakal dövr ilə əvəz olunur. Bu dövrdə itdə oynaqlıq həddən çox artır. Müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən səbəbsiz irəliyə doğru qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur. İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O hürmədən insan və heyvanlara hücüm edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez-tez komatoz vəziyyətə düşür və tələf olur.

Paralitik və ya sakit forma zamanı itlərdə güclü oyanıqlıq və aqressivlik olmur və ən çox iflic nəzərə çarpır.

Atipik forma zamanı oyanıqlıq olmur. Heyvanlarda arıqlama, əzələlərdə atrofiya və bəzən isə qastrokitorit görünür.

Abortiv forma zamanı xəstəliyin ilk dövründən sonra heyvanda dölün inkişaf etməməsi və ləğv olması hadisəsi müşahidə edilir.

Qayıdan forma zamanı xəstəlik kliniki olaraq sanki sağalır, sonra isə yenə xəstəlik inkişaf edir. Belə proses bir neçə günlük fasilə ilə təkrar olunur.

İribuynuzlu heyvanlarda quduzluq zamanı bəzən coşğun forma, əksərən isə paralitik forma müşahidə edilir.

Coşğun forma zamanı heyvan hamıya hücüm edir, buynuzu ilə müxtəlif vasitələri dağıtmaq istəyir, başını yuxarı tutub böyürür. Sonra heyvanda tərləmə, ağızdan selik axması, tez-tez sidik və nəcis ifrazı, cinsi oyanıqlıq baş verir.

Coşğunluq və aqressivlik getdikcə daha çox sinir tutmaları ilə əvəz olunur. Heyvanın ağzı açıq olmaqla buradan çoxlu miqdarda ağızsuyu ifraz olunur, dil xaricə çıxır. O ayaq üstə dura bilmir, yanı üstə uzanır və qıcıqlara qarşı reaksiya vermir.

 Quduzluğun paralitik forması çox müşahidə edilməklə gövdə üzərində əsasən ifliclər üstünlük təşkil edir. Çox vaxt mədə önlüklərinin atoniyası və qəbizlik müşahidə edilir. Xəstəliyin 3-6 günləri heyvanlarda ölüm baş verir.

 Qoyun və keçilərdə quduzluq iribuynuzlu heyvanlarda olduğu kimidir. Aqressivlik zamanı irəliyə hücum, cinsi oyanıqlıq, ağızdan selikli mayenin axması, tərləmə və ifliclər müşahidə edilir və 3-5 gündən sonra onlar tələf olur.

 Atlarda coşğun forma zamanı narahatlıq, zədə nahiyəsini müəyyən vasitələrə sürtməsi, tez-tez sidik buraxma, bəzən sancı əlamətləri görünür, aqressivlik artır, cinsi oyanıqlıq baş verir, sonra çoşqunluq depressiya ilə əvəz olunur. Bu dövrdə udma aktı çətinləşir, salivasiya güclənir, çeynəmə əzələlərinin gərginləşməsi baş verir. Daha sonra əvvəlcə arxa ətrafların, sonra isə bütöv gövdənin əzələlrində ifliclər yaranır və ölüm baş verir.

 Donuzlarda coşğun forma üstünlük təşkil edir və ən çox aqressivlik nəzərə çarpır. Donuzlar özlərini müxtəlif vasitələrə çırpır, xırıltılı səs verir, güclü salivasiya baş verir. Bəzən qusma, dişləmə sahəsində qaşınma, sonra isə ifliclər inkişaf edir. Donuzlarda xəstəlik bir həftəyə ölümlə nəticələnir.

 Diaqnoz: Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri, patoloji-anatomik dəyişikliyi nəzərə alınır.

 Təfriqi diaqnoz: Quduzluğu aueski xəstəliyindən, yaman kataral isitmədən, listeriozdan və infeksion ensefalomielitdən təfriq etmək lazımdır. Aueski xəstəliyində aqressivlik olmur, alt çənədə iflic müşahidə edilmir və beyin hüceyrələrində babeş-neqri cisimciklərinə təsadüf olunmur.Yaman kataral isitmə yalnız qaramalda görünməklə bunlarda aqressivlik və iflic olmur. Listerioz bioloji sınaq və bakterioloji müayinə ilə təfriq edilir. İnfeksion ensefalomielitdə ölüm quduzluğa nisbətən az müşahidə olunmaqla, beyin hüceyrələrində xüsusi cisimciklər aşkar edilmir, spesifik və simptomatik müalicə nəticə verir.

 Müalicə: Müalicə aparılmır, xəstələnmiş heyvanlar öldürülür. Nadir hallarda xəstəliyin abortiv forması zamanı sağalma qeyd edilir.

 İmmunitet: Xəstəliyə körpə heyvanlara nisbətən yaşlılar çox davamlıdırlar. Peyvənd olunmuş boğaz heyvanlardan immunlu bala doğulur. Belə hal humoral antitellərin hesabına yox, süni infeksion tolerantlıq xüsusiyyəti ilə əlaqədardır.

 Peyvənddən 3-4 həftə keçmiş immunitet yaranır və aylarla davam edir. Spesifik hiperimmun serum və qlobulinlə peyvənddən sonra immunitet 1-2 gündən sonra yaranır və 1 aya qədər davam edir.

 Profilaktika və mübarizə tədbirləri. Profilaktik məqsədlə hər il planlı qaydada it və pişiklərin antirabik vaksinlə peyvənd aparılmalıdır.

 Meşə təsərrüfatı, ovçular cəmiyyəti və qoruq olan təsərrüfatlarda heyvanlar arasında quduzluq müşahidə etdikdə təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və ölmüş heyvan cəsədləri baytarlıq laboratoriyasına göndərilir.

 Quduzluğa şübhə yarananda diaqnozun təcili surətdə dəqiqləşdirilməsi üçün müayinələr aparılır və həmin sahə qeyri-sağlam hesab edilir. Təcili olaraq yerli icra orqanları, səhiyyə işçiləri və digər təşkilatlarla mübarizə tədbirləri işlənir. Xəstəliyə qeyri-sağlam ərazilərdən it və pişiklərin kənara çıxarılmasına icazə verilmir. Peyvənd olunmuş heyvanların ət üçün kəsilməsinə peyvənddən 2 həftə keçmiş icazə verilir və belə heyvanların südündən ümumi qaydada istifadə edilir. Xəstəliyə şübhəli heyvanların əti baytarlıq nəzarətindən keçirilməli, südü isə qaynadılmalıdır. Xəstəliyə şübhəli heyvanların peyvənd edilməsinə icazə verilmir.

Postinfeksion peyvənd yalnız bəzi vaxtlarda, xüsusilə dişləmədən 3 gün keçmiş aparıla bilər. Vaksinasiya 3 gün, gündə 2 dəfə aparılır. 16 gün keçmiş yenə bir dəfə təkrar edilir.

Zədə böyük olduqda peyvəndin gecikdirilməsi zamanı vaksinasiya edilməzdən 20 dəqiqə əvvəl heyvanın hər kq canlı kütləsinə 500 ml spesifik antirabik serum vurulur və sonra vaksin yeridilir. Belə heyvanlar 2 ay müddətinə təcrid edilməlidir.

İnfeksiya dövründə ərazidə cari dezinfeksiya məqsədilə 10%-li natrium qələvisindən, 4%-li formaldehid məhlulundan istifadə edilir.

Azqiymətli əşyalar, peyin və yem qalıqları yandırılır. Xəstəliyin ağızsuyu ilə çirklənmiş torpaq xlorlu əhənglə qarışdırılır və basdırılır.

Məhdudlaşmalar ərazidən axırıncı xəstələnmədən və ya ölümdən 2 ay keçmiş götürülür.

04.05.2017
5477

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər