Ətyeyənlərin taunu (PESTİS CARNİVORUM)

A+
A
A-

 

 

 

Tarixi məlumatı: Xəstəlik insanlara qədimdən məlumdur. Bu xəstəlik ilk dəfə 1762-ci ildə Krımda müşahidə edildiyi üçün buna Krım xəstəliyi də deyirlər. Xəstəliyin virusunun ilk dəfə 1905 вЂ"ci ildə fransız alimi Kare müəyyən etmişdir. Xəstəliyi gümüş qara-tülkülər arasında1925-ci ildə Qrin, 1928-ci ildə yereşənlər arasında Rudolf, 1932-ci ildə itlər arasında İ.V.Mirolyubov, samurlar arasında 1953-cü ildə S.E.Sorina qeyd etmişdir. 1957-ci ildən etibarən S.Y.Lyubaşenko və b. xəstəliyin bir çox xüsusiyyətlərini öyrənmişlər.

Törədicisi: Ətyeyənlərin taununu psevdomiksovirus növünə aid olan, RNT tərkibli viruslar törədir. Virus heyvanın bütün orqan və toxumalarına siraət edir. Antigenliyinə görə virus qaramalın taunu və insanların qızılca xəstəliyinin virusu ilə eynidir. Hər üç virusa qarşı əmələgələn immun cisimciyi bir-birini neytrallaşdırır.

Davamlılığı: Taunun virusu xəstə heyvanın ifrazatlarında 7-11 gün, soyuducuda isə bir neçə ay qalır. Virus vakuumda qurudulmuş vəziyyətdə bir ilə qədər virulentliyini saxlayır. Şaxtalı havada 275 gün, isti havada isə 85 gün sağ qalır. Qaynamada virus tezliklə məhv olur. 2%-li natrium qələvəsi, 0,1-0,5%-li formaldehid məhlulları amili 30-60 dəqiqəyə tələf edir.

Epidemioloji xüsusiyyətləri: Tauna təbii halda itlər, canavarlar, çaqqalar, göreşənlər, tülkülər, sincablar, nutrilər, porsuqlar və digər vəhşi heyvanlar həssasdırlar. İnfeksiya mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Xəstələr virusu burun axıntısı, gözyaşı, nəcis, sidik və digər ifrazatlarla ixrac edirlər. Bu ifrazatlar xidmət vasitələrini, geyimləri, yem və yem qablarını çirkləndirir ki, bu da sağlam heyvanlar üçün yoluxma qorxusu törədir. Bundan əlavə virus həşəratlar, vəhşi quşlar və gəmiricilər vasitəsilə də yayıla bilər.

Taun cins heyvanlarda daha kəskin keçir. Xəstəlik ilin bütün fəsillərində baş verir. Cavanlar yaşlılara nisbətən tez-tez xəstələnirlər. İtlər ən çox 12 aylıq, vəhşi heyvanlar 5 aylıqlarında tauna daha çox tutulurlar. Xəstə itlər 3 ay, digər xəzdərili heyvanlar 3-9 ay müddətində virus daşıyırlar. Heyvanların taunla yoluxması həzm, respirator və ya aerogen yolla olur.

Xəstəliyin yayılmasında virusgəzdirən sahibsiz itlərin qeyri-sağlam təsərrüfatla əlaqələri mühüm rol oynayır.

Patogenezi: Virus orqanizmə daxil olduqdan sonra limfa düyünlərində inkişaf edərək çoxalır. 2-3 gündən sonra virus leykositlərə keçir və 6 gün müddətinə bütün orqan və toxumalara yayılır. Bu vaxt virusa qarşı orqanizmdə spesifik immun cisimcikləri əmələ gəlir ki, bu da xəstəliyə qarşı müqaviməti artırır. Belə immun cisimcikləri çox olduqda heyvanın vəziyyəti yaxşılaşır, zəif olduqda isə bütün tənəffüs yolunun selikli qişasının, sinir sisteminin, eləcə də həzm aparatının zədələnməsinə səbəb olur.

Xəstəliyin ağırlaşmasında salmonelyoz, eşerixiyoz, pasterellyoz, streptokokkoz və başqa xəstəliklərin törədicilərinin rolu böyükdür.

Gedişi və kliniki əlamətləri: Xəstəliyin inkubasiya dövrü heyvanların növü, yaşı, orqanizmin rezistentliyi və digər səbəblərdən asılı olaraq 9-10 günə qədər ola bilər.

Taun adətən iti, yarımiti, xroniki və abortiv formada gedir.

İti gedişdə xəstənin ümumi zəifliyi, ürək-qan damaq sisteminin pozulması, tənginəfəslik, ümumi temperaturun yüksəlməsi nəticəsində komatoz hallar görünür və heyvan 2-3 günə tələf olur.

Yarımiti gedişdə xəstənin temperaturu yüksəlir və bir neçə gün davam edir. Xəstədə titrəmə, həyəcanlanma, zəiflik, iştahanın azalması, burun aynasının quruması, burun deşiklərindən serozlu-selikli- irinli mayenin axması, arıqlama, burun nahiyəsində qaşınmanın müşahidə olunması kimi əlamətlər görünür.

Qartmaqlar burun deşiyini tutur və tənəffüsü çətinləşdirir. Xəstədə konyunktivit başlayır, selikli qişa hiperemiyalaşır. Heyvan işıqdan qorxur. Bəzən gözdə keratit və ya gözün buynuz hissəsində yaralar əmələ gəlir. Sonra mədə-bağırsaq sistemində iti-kataral iltihab başlayır. Bu isə qəbizlik, qusma, qanlı ishalla nəticələnir. Dərinin müxtəlif yerlərində, sağrı nahiyəsində, qulaq seyvanında, qarın divarı, ağız, burun ətraflarında suluqvari səpkilər əmələ gəlir. Sonra bu suluqlar partlayaraq yeri quruyur, qartmaq qatları əmələ gəlir. Xəstəliyin bu formasında bəzən xəstə həyəcanlanır, sinir oyanmaları baş verir, hərəkət koordinasiyasının pozulması, arxa ətrafların iflici və ya parez görünür. Xəstənin sidik kisəsi, düzbağırsaq şöbəsinin, üz sinirinin iflici baş verdiyi üçün heyvanda qeyri-ixtiyari defekasiya və sidik buraxma müşahidə olunur.

Xəstəliyin xroniki gedişi daha çox uzanaraq xəstənin kor olması, karlıq, iy bilməməmək halları, gözdə ağ titənin əmələ gəlməsi, göz almasının atrofiyası kimi əlamətlər görünür.

Xəstəliyin mürəkkəbləşmiş formasında kliniki əlamətlər 2 gündən 28 günə, bəzən daha çox çəkir. Həm də bu formada tələfat çox olur.

Abortiv forma qeyri-müəyyən getməklə tauna xas olan əlamətlər müşahidə edilmir. Bu forma xəstənin yalnız kefsizliyi ilə nəzərə çarpır.

Diaqnozu: Tauna diaqnoz qoyarkən xəstəliyin epitzootoloji xüsusiyyətləri, kliniki, patoloji-anatomik dəyişiklikləri nəzərə alınmalıdır. PR və DPR və digər reaksiyalardan istifadə edilir.

Təfriqi diaqnozu: Xəzdərili, vəhşi heyvanların taununu leptospiroz, hepatit, quduzluq, aueski xəstəliyi, salmonellyoz, pasterellyoz və s. təfriq etmək lazımdır. Taunu viruslu hepatit, quduzluq, aueski xəstəliklərindən virusoloji və kliniki patoloji-anatomik müayinələrə əsasən təfriq etmək olar.

Leptospiroz, salmonellyoz və pasterellyozdan isə taunu bakterioloji və digər üsullarla ayırd etmək asandır.

Müalicəsi: Təsərrüfatda taun baş verən kimi xəstələri sağlamlardan ayırıb müalicə etmək lazımdır. Tauna qarşı spesifik müalicə vasitələri işlənilməmişdir. Lakin xəstələri simptomatik və ümumi üsullardan istifadə edərək müalicə etmək mümkündür. Orqanizmin ümumi tonusunu yüksəltmək üçün qammaqlobulindən istifadə edilir. Digər patogen mikroblar əleyhinə antibiotiklərdən, sulfanilamid preparatlarından istifadə etmək olar.

Profilaktika və mübarizə tədbirləri: Taunla xəstələnib sağalan heyvanlarda daimi immunitetin əmələ gəlməsi müəyyən edilmişdir. Peyvənd olunmuş analardan doğulmuş balalar bir aya qədər tauna qarşı rezistentli olurlar.

Taun müəyyən olunan fermada 30 günlük karantin qoyulur. Karantin prinsiplərinə ciddi əməl edilməlidir. Xəstəlikdən ölmüş cəmdək yandırılır və ya utilə verilir. Karantin dövründə çıxarılmış xəz duzlanıb 3 gün qurudulduqdan sonra istifadəyə verilir. Xəstə yerləşən evciklər, şöbələr, binalar, arakəsmələr, döşənək və alətlər dezinfeksiya edilməlidir. Dezinfeksiya üçün 2%-li fəal xlor, 3%-li kreolin, 4%-li natrium qələvisi, 1-2%-li formaldehid məhlullardan istifadə edilir. Karantin götürüldükdən 6 ay sonra xəzdərili heyvanların təsərrüfatdan çıxarılmasına icazə verilir.

04.02.2017
1096

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər