DONUZLARIN QIZIL YELİ

A+
A
A-

 

 

 

Qızıl yel donuzların yoluxucu xəstəliyidir, septisemiya və dərinin iltihabi ekteması ilə səciyyələnir.

Törədicisi. Zərif, düz və ya azca əyilmiş, hərəkətsiz, spor və kapsula əmələ gətirməyən, qrammüsbət mikroblardır.

Erysipelothrix insidiosa adlanır, eni 0,2-03 mkm, uzunluğu 0,5-1,5 mkm-dir. Qida mühitlərinə tələbkar deyil. ƏPA, ƏPB, yarımmaye aqar, həmçinin bu mikroblar üçün elektiv mühit olan Sent-İvani mühitindən istifadə edilir. Bulyonu bulandırır, aqarda xırda, zərif, şeh damlasına bənzəyən koloniyalar yaradır.

E. insidiosa bərk qida mühitlərində hamar (S), nahamar (R) və keçid (O) koloniyalar əmələ gətirir. Antigenlik xassələrinə görə üç tipi var-A, B və N tipləri. Bunlardan ən çox xəstəliyin yaranmasında A tipi iştirak edir, vaksin hazırlanmasında isə immunogenlik xassələri daha çox olan B tipindən istifadə olunur.

Laboratoriya heyvanlarından törədiciyə ağ siçanlar və göyərçinlər həssasdırlar. Xarici mühitdə törədicinin davamlılığı nisbətən yüksəkdir. Belə ki, heyvan cəsədlərində, peyində, suda və torpaqda bir neçə ay yaşama xassəsinə malikdirlər. Yüksək temperatura, antibiotiklərin və dezinfeksiyaedici vasitələrin təsirinə isə həssasdırlar (natrium- hidroksid, formaldehid, fenol və b).

Epizootologiyası. Donuzlar 3-12 aylıq yaşda daha yüksək həssaslıq göstərir. Qızıl yelə yoluxma digər heyvanlarda və insanlarda da nadir hallarda qeyd olunmuşdur.

Xəstəlik törədicisinin əsas mənbəyi xəstə donuzlardır. Onlar sidik və kalla ətrafa külli miqdarda yüksək virulent mikrob yayırlar. Xəstəlikdən sağalmış donuzlar da uzun müddət mikrobları ifraz edirlər. Klinik sağlam olan donuzlar, gəmiricilər və quşlar qızılyelin törədicisinin daşıyıcısıdırlar və mikroblarla ətrafı çirkləndirirlər. Həssas orqanizmlərə mikroblar əsasən yem, su və zədələnmiş dəri vasitəsilə keçir. Törədicinin yayılmasında böyük rol oynayan amillərdən biri yoluxmuş torpaqdır. Yoluxmanın həmçinin respirator yolla da baş verə bilməsi sübut olunmuşdur. Xəstəlik faizi yazda hiss olunacaq dərəcədə artır, yayda maksimuma çatır və qış aylarında kəskin azalır. Xəstələnmə 20-30%, ölüm 55-80% təşkil edir.

Klinik əlamətləri. İnkubasiya dövrü 2-5, bəzən isə 14 gün təşkil edir. Xəstəliyin gedişi ildırımvari, iti, yarımiti və xroniki olur. Çox nadir hallarda təsadüf olunan ildırımvari gediş zamanı bədən temperaturunun kəskin yüksəlməsi və güclü zəifləmə qeyd olunur. Bir neçə saat ərzində heyvan ölür.

İti gediş (septisemiya) zamanı bədən temperaturunun 42°C-yə və da- ha çox yüksəlməsi ani olaraq baş verir, xəstə heyvan yemdən imtina edir, arxa ətraflar zəifləyir. Konyuktivit inkişaf edir, kəskin qastroenterit əla- mətləri yaranır. Dəridə açıq-qırmızı rəngli, müxtəlif ölçülü və formalı ləkələr əmələ gəlir. Sonra bu ləkələr tünd məxməri rəng alır. Ürək az zaman içərisində zəifləyir, boğulma başlayır. Qarının, döşaltı nahiyənin və ətrafların dərisi göyərir (sianozlaşır), 2-4 sutkaya heyvan ölür.

Yarımiti gedişdə (krapivnitsa da adlamr) bədən temperaturu 41°C- dək və daha çox yüksəlir, xəstə zəifləyir, iştah kəsilir, susuzluq yaranır. 1-2 sutkadan sonra dərinin müxtəlif yerlərində bərk məhdud şişkinliklər (əvvəlcə solğun, sonra isə tünd-qırmızı rəngli) yaranır. Xəstənin ümumi vəziyyəti bu mərhələdə nisbətən yaxşılaşır. 2-4 gündən sonra şişkinliklər itir, proses getmiş yerlərin dərisi ölür, çox vaxt heyvan sağalır. Xəstəlik 7-12 gün davam edir.

İti və yarımiti gedişli forma bəzi hallarda xroniki gedişə çevrilir. Heyvanlar ölgünləşir və az hərəkət edirlər. Tənəffüs çətinləşir, qulaq və qarının dərisi göyərir. Bəzən artritlər inkişaf edir.

Diaqnozu. Epizootoloji, kliniki, patolojianatomik məlumatlara və bakterioloji müayinələrin nəticələrinə əsasən qoyulur. Laboratoriyaya dalaq və qaraciyərin bir hissəsi, böyrək, borulu sümüklər, ürək və oynaq mayesi göndərilir.

Təfriqi diaqnoz. Taun, qarayara, pasterellyoz, gün vurma, istivurma, endokardit və artritlərdən (strepto və stafılokokk etiologiyalı) fərqləndirmək lazımdır.

Müalicə. Hiperimmun qızıl yel əleyhi serum dərialtına, ağır allarda isə əzələdaxilinə yeridilir. 8-12 saata xəstənin vəziyyəti yaxşılaşmırsa, serum təkrar yeridilir. Paralel olaraq antibiotiklər tətbiq olunur (penisillin, ektonovosillin, eritromitsin). Simptomatik vasitələr-kofein, kalomel də istifadə olunur.

İmmunitet. Xəstəlikdən sağalmış donuzlar gərgin və uzunmüddətli immunitet qazanırlar. Xəstəliyə qarşı ilk vaksin hələ 1883-cü ildə L.Paster və Tyüle tərəfindən hazırlanmışdır. Hazırda aşağıdakı vaksinlərdən geniş istifadə edilir. Alüminium-hidroksidli fosfat buferli depolaşdırılmış vaksin (Konevin P matriksinin diri kulturası). Bu vaksinlə donuzlar iki aylıqdan başlayaraq iki həftəlik fasilə verilməklə iki dəfəyə peyvənd edilirlər;

VR-2 ştammından rumun alimi V.Vinoqradnin tərəfindən hazırlanmış vaksin; peyvəndləmədən 8-10 gün sonra immunitet yaranır və 4-6 ay davam edir, ona görə də 4-5 ay sonra revaksinasiya aparılmalıdır;

Konsentrasiya olunmuş alüminium hidroksidli formolvaksin; Qızılyel əleyhinə immun serum donuz, at və digər heyvanların hiperimmunizasiyası yolu ilə hazırlanır və həm müalicə, həm də profilaktika məqsədilə işlənir, immunitet bu halda 14-30 gün davam edir.

Profilaktika və mübarizə tədbirləri. Profilaktiki tədbirlər infeksiya törədicisinin mənbəyinin ləğv edilməsinə yönəldilir. Donuz fermalarının təmizlənməsi, dezinfeksiyası və deratizasiyası tədbirləri həyata keçirilir. Mətbəx və ət kəsimi sexlərinin tullantıları donuzlara qaynadıldıqdan sonra verilməlidir. Erkən yazda donuzların vaksinasiyası aparılır. Sonrakı müddətdə körpə çoşqalar müntəzəm olaraq vaksinasiya olunurlar (2-3 həftəlik yaşa çatdıqda).

Qızıl yel baş verdikdə təsərrüfata donuzların gətirilməsi və çıxarılmasına, yemlərin və donuzların kəsim məhsullarının çıxarılmasına məhdudiyyət qoyulur. Xəstə və şübhəli heyvanlar seçilib müalicə olunur. Digərləri isə peyvənd olunurlar. Binalar təmizləndikdən sonra natrium qələvisinin 2%-li isti məhlulu və ya 20%-li təzə sönmüş əhəng məhlulu ilə dezinfeksiya edilir. Heyvanların məcburi kəsimi xüsusi meydançada aparılır, əti yaxşı qaynadıldıqdan sonra istifadə etmək olar.

Məhdudiyyətlər axırıncı xəstənin ölməsindən və ya sağalmasından 14 gün sonra yekun dezinfeksiya işləri yerinə yetirilməsi şərti ilə götürülür.

 

24.01.2017
1207

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər