DONUZLARIN ENZOOTİK PNEVMONİYASI

A+
A
A-

 

 

Kontagioz xroniki yoluxucu xəstəlikdir, quru öskürək, kataral bronxopnevmoniya və müntəzəm olmayan qızdırma ilə xarakterizə olunur.

Törədicisi. Polimorf, qrammüsbət, kokvari və ya sferik formalı mikroorqanizmlərdir. Mycoplasma hyopneumoniae adlanan mikroblar üçün xarakterik xüsusiyyət xüsusi qişanın olmaması və hüceyrəsiz mühitdə boyvermə qabiliyyətinin olmasıdır. Mikroplazmalar həm qida mühitlərində, həm də hüceyrə kulturalarında boy verirlər. Laboratoriya heyvanları törədiciyə həssas deyil, 5-6 günlük toyuq embrionlarından istifadə edilir. Romanovski-Gimza və Duns üsulu ilə yaxşı boyanır, xəstəlikdən ölmüş donuzların ağciyərlərindən hazırlanmış yaxmalarda amil xırda koklar, sferik və s. formada görünür.

Epizootologiyası. Ancaq donuzlar həssasdırlar. Daha çox 4 həftəlik çoşqalar yoluxurlar. Törədicinin mənbəyi burun axıntısı, süd və vagina sekreti ilə mikoplazmaları ətrafa yayan xəstə donuzlardır. Klininki sağlam mikoplazmadaşıyıcı heyvanlar daha təhlükəlidirlər. Sağlam donuzlar xəstələrlə bir yerdə saxlandıqda hava-damla yolu ilə asanlıqla yoluxurlar. Çox hallarda xəstəlik qeyri-sağlam təsərrüfatlardan çıxarılan damazlıq heyvanlar vasitəsilə digər fermalara da yayılır. Burada 3 aylığadək çoşqaların əksəriyyətinin yaxşı inkişaf etməsi və sağlam hesab olunması fermerlər tərəfmdən səhvən onların damazlıq heyvanı kimi alınıb satılmasma əsas verir. Halbuki bu yaşda olan çoşkalar klinik sağlam görünmələrinə baxmayaraq, ola bilsin ki, mikroplazmadaşıyıcıdırlar. Belə heyvanlar sağlam təsərrüfata gətirildikdən qısa müddət sonra bütün yaşda olan donuzlarm, xüsusən cavanların xəstələnməsi baş verə bilər.

Klinik əlamətləri. İnkubasiya müddəti adətən 10-16 gün davam edir. Xəstəliyin gedişi əsasən xronikidir, lakin cavanlarda iti gedişli də ola bilər. Əvvəlcə öskürək qeyd olunur (xəstəliyin ən xarakterik əlamətidir). 1-1,5 aydan sonra öskürən donuzların sayı sürüdə çoxalır və 10-20%-ə, daha sonra isə 50-80%-ə çatır. Öskürək heyvanlar səhər yerlərindən gəzintiyə çıxarılarkən daha da intensivləşir, konyuktivit və burun axıntısı ilə müşayiət olunur. Xəstə çoşqaların bədən temperaturu 40,5-41,5°C-dək yüksəlir (sonra temperatur tez-tez qalxıb-enir), yemdən imtina edirlər, diareya və boğulma inkişaf edir. Xəstə çoşqalar inkişafdan qalır, onların orqanizmində qanazlığı yaranır. Xəstəlik bir neçə həftə və ya ay davam edir. Ölüm 10%-dən artıq olmur, lakin inkişafdan qalanların hesabına təsərrüfata dəyən ziyan çox böyük olur.

Patoloji-anatomik dəyişikliklər. Ağciyərin bütün paylarında seroz- kataral iltihab inkişaf edir, plevra və perikardda da iltihab müəyyən edilir. Bronxial limfa düyünləri şişir. Cəsədlər çox arıq və anemiyalı olur.

Diaqnozu. Klinik-epizootoloji məlumatlara və patoloji-anatomik dəyişikliklərə əsasən qoyulur. Laboratoriya müayinələrində xəstə ağciyərlərdən xüsusi qida mühitlərində mikoplazmalar yetişdirilir və onlar boyun ingibisiyası (ləngiməsi) reaksiyasında identifikasiya olunurlar.

Təfriqi diaqnoz. Salmonellyoz, pasterellyoz, Aueski xəstəliyi və qrip istisna edilməlidir.

Müalicə. Xüsusi müalicə vasitələri yoxdur. Mikoplazmaların inkişafmı saxlayan antibiotiklər (tilan, spiromitsin, oksiteterasiklin) təklif olunur, qrup halında müalicə üçün isə sulfanilamid preparatları ilə premikslər (etazol, norsulfazol və s.) və mikrobəleyhi preparatların aerozolları istifadə oluna bilər.

İmmunitet. İmmunitetin yaranması barədə vahid fikir yoxdur. Lakin o da qeyd olunur ki, donuzlar təkrar yoluxmurlar.

Profilaktika və mübarizə tədbirləri. Xəstəliyin profilaktikasında əsas fikir baytar-sanitar və zoogigiyeniki normaların yerinə yetirilməsinə verilməlidir. Fermaların komplektləşdirilməsi zamanı donuzlar yalnız sağlam təsərrüfatlardan alınmalıdır, fermaya gətirildikdən sonra isə karantində saxlanmalı və mikoplazmadaşıyıcıları müəyyən etmək üçün diqqətlə müayinə edilməlidirlər.

Epizootik pnevmoniya aşkar edildikdə təsərrüfat qeyri-sağlam elan edilir, digər fermalara heyvanların aparılmasına qadağa qoyulur. Ağır xəstə donuzlar öldürülür. Yerdə qalan heyvanlar qrup halında müalicə olunur, kökəldilir və yeniləri-sağlam donuzlarla dəyişdirilir. Yekun dezinfeksiya işləri diqqətlə yerinə yetirildikdən və xəstəlik tamamilə ləğv edildikdən sonra təsərrüfat sağlam elan edilir və sağların damazlıq heyvanların alınmasına razılıq verilir.

14.02.2017
695

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər