ÇOŞQALARIN ANAEROB DİZENTERİYASI

A+
A
A-

 

Körpə çoşqaların çox iti yoluxucu xəstəliyi olmaqla, qanlı ishalın baş verməsi və yüksək tələfatla səciyyələnir.

Törədici-Clostridium perfringens qruppasma daxil olan anaerob mikrobdur. Onu ölmüş heyvanların qarın boşluğundakı mayedən, bağırsaqların zədəli hissələrindən həmişə, çox nadir halda isə parenximatoz orqanlardan ayırmaq olur. Mikrobun patogenlik xüsusiyyəti və toksinin xarakteri quzuların anaerob dizenteriyası törədicisi ilə eyni olduğuna görə o, Cl.Perfringens- in B qrupuna aid edilmişdir. Törədici ağ siçovullardan başqa bütün növ təcrübə heyvanlarına patogendir. Ən çox ada dovşanları və göyərçinlər həssasdırlar.

Mikrobun spor forması fiziki və kimyəvi amillərin təsirinə çox davamlıdır. Sporlar 90 0C-də 30 dəqiqə, 95 0C -də 10 dəqiqə, 100 0C -də 5 dəqiqə, quru buxarla 1300C -də 15 dəqiqə, 1400C -də 5 dəqiqə diri qalır. Kreolinin 5%-li, karbol turşusunun 2-3%-li məhlulu 3 dəqiqəyə, natrium qələvisinin 1-2%-li məhlulu, xlorlu əhəng və əhəng suyu (10- 20%), həmçinin 3%-li lizol - bir dəqiqəyə kulturanı öldürür.

Epizootologiyası. Xəstəlik ilin müxtəlif fəsillərində baş verməklə 1-3 günlük çoşqalar xəstələnirlər. Dizenteriya bəzən təsərrüfatlarda hər il baş verməklə stasionar xarakteri daşıyır. İnfeksiyanın mənbəyi xəstə çoşqalardır. Körpə çoşqalar xəstə çoşqaların ekskrementləri ilə çirklənmiş əmcəkləri əmdikdə yoluxa bilirlər. Törədici bəzən ana donuzların südündə də olur.

Batsildaşıyıcı ana donuzlar bina və həyəti törədici ilə çirkləndirməklə xəstəliyin yayılmasına səbəb olurlar.

Xəstəliyin baş verməsi və yayılmasında ana donuzların və körpə çoşqaların orqanizmlərinin yemlənmə və saxlanma şəraitindən birbaşa asılı olan rezistentliklərinin əhəmiyyəti çox böyükdür.

Klinik əlamətləri. İnkubasiya dövrü çox qısa olmaqla, saatlarla ölçülür. Adətən çoşqalar doğulandan 6-12 saat sonra xəstələnirlər. Xəstələrdə ishal baş verir, nəcis duru, bozumtul- sarı rəngdə olur, sonra bərkiyir və qanlı olur. Nəcisin ifrazatı ağrılı olur. Çoşqaların temperaturası 410C -yə qalxır, analarını pis əmirlər, döşəməyə girərək uzanırlar. Zəiflik nəticəsində çoşqalar çox vaxtı 3-4 saata ölürlər. Bəzi hallarda xəstəlik çox iti keçmir, vaxtında müvafiq müalicə etdikdə çoşqalar sağalırlar.

Patoloji-anatomiki dəyişikliklər. Cəsədlər çox arıq olmaqla, əsas dəyişikliklər bağırsaqlarda gedir. Bağırsaqlarda, bəzən onun ayrıca sahəsində hemorroji iltihab, qanlı möhtəviyyat, selikli qişada isə nekrotiki ocaqlar aşkar olunur. Mədə şorvari kütlə ilə dolu olmaqla, selikli qişasında hiperemiya müşahidə edilir. Müsariqə limfa vəziləri böyüyür, səthi sulu və hiperemiyalı olur.

Qarın boşluğunda az miqdarda çəhrayı rəngli maye toplamr. Qara ciyər çox vaxt böyüyür, yumşalır və qanla dolğun olur. Bəzən ağciyər plevrasmda, epikard və endokardda qan sağıntıları müşahidə olunur.

Diaqnoz. Epizootoloji məlumata, kilnik nişanələrə, patoloji-anatomik dəyişikliklərə və bakterioloji müayinənin nəticəsinə əsasən qoyulur. Onu paratif və yoluxucu qastroenteritdən, həmçinin digər bağırsaq infeksiyalarından təfriq etmək lazımdır.

Mübarizə tədbirləri və profilaktika. Xəstəliyə görə sağlam olmayan təsərrüfatlarda boğaz donuzları doğuşa bir ay və 20 gün qalmış donuzların dizenteriyasına qarşı vaksinlə peyvənd etmək lazımdır. Xəstəlik baş verdikdə qoruyucu məqsədlə yeni doğulmuş çoşqalara doğulandan 1-2 saat keçənə qədər quzuların dizenteriyasına qarşı immun serumu (hər başa 3-5 ml hesabı ilə) dərialtı vurmaq məsləhətdir.

Xəstəliyin profilaktikasında heyvanların yemlənməsi və saxlanma şəraitinin zoogigiyeniki və baytarlıq-sanitariya tələblərinə müvafiq olmasının əhəmiyyəti vardır.

Xəstə çoşqaları müalicə etmək üçün antibiotiklərdən, baytril və digər antibakterial preparatlardan, immun serumdan istifadə edilir. Xəstəlik çox iti formada keçəndə müalicə səmərə vermir.

Xəstəlik baş verdikdə sağlam çoşqaları anaları ilə birlikdə yoluxmamış başqa binaya köçürmək, onlara profilaktiki məqsədlə serum vurmaq məsləhətdir.

04.02.2015
484

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər