NEKROBAKTERİOZ

A+
A
A-

 

 

 

Dərinin, selikli qişaların, parenximatoz orqanların irinli-nekrozlu iltihabı ilə müşayiət olunan yoluxucu xəstəlikdir.

Törədicisi. Bacterium necrophorumdur. Polimorf (hər formaya və şəklə düşə bilən) bakteriyalardır, hərəkətsizdirlər, spor və kapsul əmələ gətirmirlər. Patoloji materiallardan və tərkibində serum olan qida mühitlərindən hazırlanan yaxmalarda mikroblar 0,1-1,5x80-300 mkm ölçüdə görünürlər. Təzə kulturadan hazırlanmış yaxmada mikroblar yumurta şəklində olur. Törədicinin tipik quruluşu isə sap və çöpvari formadır. Qramla mənfi boyanır, anilin boyaları ilə qeyri-bərabər, Lefler abısı, Romanovski-Qimza və Muromtsev üsulu ilə yaxşı boyanır, mütləq anaerobdur, yaxşı inkişafı üçün 36-37°S temperatur və 7,4-7,6 pH tələb olunur. Xottinger və yarım maye qida mühitində 20-24 saata boy verirlər.

Nisbətən zəif mikroorqanizmlər hesab olunmaqlarına baxmayaraq, xarici mühitdə uzun müddət yaşama qabiliyyətlərini saxlayırlar (torpaqda 15-50 gün, fekaliyada 60 gün, otlu yerlərdə 15 gün və s.).

Tetrasiklin qrupu antibiotikləri bu mikrobları tez məhv edirlər, penisillin və streptomisinə qarşı isə nisbətən davamlıdırlar.

Nekrobakteriozun törədicisi dezinfeksiya məhlullarının təsirinə həssasdırlar: 5 %-li NaOH və ya KOH onları 10 dəqiqə, 2-5 %-li kreo- lin məhlulu 2, 5%-li lizol 9,2 %-li fenol 2,2,5 %-li formaldehid 13, 1 : 1000 nisbətində kalium-permanqanat 10 dəq. ərzində onları məhv edir.

Epizootologiyası. Təbii şəraitdə qoyunlar yaşından, cinsindən və cinsiyyətindən asılı olmayaraq yüksək həssaslıq göstərirlər. Laboratoriya heyvanlarından dovşan və ağ siçanlar asan yoluxurlar. Hind donuzları və göyərçinlər isə az həssasdırlar.

Xəstəliyə daha çox yaz-payız aylarında-yağıntıların miqdarı çoxalarkən rast gəlinir.

Qoyunların ətraflarında nekrobakterioz prosesinin başlanmasına və yayılmasına aşağıdakı amillər böyük təsir göstərir: yüksək rütubət, daşlı və çınqıllı, habelə kolluq yerlərdə heyvanların otarılması, otlaq şəraiti dəyişdirilərkən heyvanların bərk səthli (asfalt və daşlı) yollarla uzaq məsafələrə köçürülməsi; soyuqlama; zəif və birtərəfli, xüsusilə qaba və sərt yemlərlə yemləmə və s.

Xəstəliyin törədicisinin mənbəyi xəstə və bakteriyadaşıyıcı heyvanlar hesab olunurlar.

Klinik əlamətləri. Xəstəliyin klinik əlamətləri çox müxtəlifdir və heyvanın yaşından, cinsindən, törədicinin lokalizasiya yerindən və patogenlik dərəcəsindən asılı olaraq meydana çıxır. Cavanlarda xəstəlik əsasən iti, yaşlı heyvanlarda isə yarımiti və xroniki gedişli olur. Xəstəliyin 4 formada gedişi məlumdur:

-dəri forması;

-selikli qişalarda gedən forma;

-daxili orqanlarda gedən forma;

-ostit və osteomielit (sümüklərdə gedən forma).

Quzuların zəif dərisi və selikli qişaları tez-tez zədələnərək, infeksiya üçün giriş qapısı açılır, ona görə də xəstəlik onlarda ağız boşluğunda, başın üz hissəsində, oynaqlarda və cinsi orqanlarda başlayır. Quzularda xəstəliyin əsas əlamətləri bunlardır:

-axsama;

-bədən temperaturunun 41°C-dək yüksəlməsi;

-oynaqlarda şişkinlik, ağrı, oynaq kisəsində yaşıl-boz rəngli qatı kütlə yığılması;

-xəstəliyin ağır gedişli forması zamanı patoloji proses qığırdaqlara və sümüklərə keçir, cinsiyyət orqanlarında pozğunluqlar əmələ gətirir.

Patoloji proses baş nahiyəsində inkişaf etdikdə dodaqların və burun dəliklərinin ətrafında şişkinliklər və yaralar əmələ gəlir. Quzuların başı şişir, dodaqlarının ətrafındakı tüklər bir-birinə yapışır, üzəri qurumuş irin kütləsi ilə örtülür. Əksər limfa düyünləri şişir, bərkiyir, hiperemiya və qan sızmaları müşahidə olunur.

Yaşlı qoyunlarda çox vaxt xəstəliyin dırnaq forması inkişaf edir, xəstəlik xroniki gedişli olur, bəzən həftələrlə və aylarla davam edərək heyvanların tam zəifləyərək, əziyyətlə ölməsinə səbəb olur, ona görə də müalicənin səmərəsizliyi nəzərə alınaraq xəstələrin məcburi kəsimə göndərilməsinə üstünlük verilir. Xəstəlik demək olar ki, bu sxemlərin inkişaf edir:

-Başlanğıcda heyvan axsayır, ümumi narahatlıq müşahidə olunur, heyvan xəstə ayağını yalayır. Dırnaqarası nahiyə hiperemiyalı, şişkin, isti və ağrılı olur. Sonradan eroziya və dəridə çatlar əmələ gəlir ki, bu yaralardan rəngsiz, yapışqanvari maye axır. Bir neçə gün sonra bu yerlərdə yaraların üzəri pis iyli kütlə ilə örtülür. Xəstə heyvanlar gəzişərkən yaralı ayağının üstünə ağırlıq salmamağa çalışırlar. Sonrakı inkişaf mərhələsində patoloji proses bağ və vətərləri də əhatə edir ki, nəticədə çox zaman dırnaq başmağı qopub düşür.

Hər iki ətrafda proses getdikdə xəstə qoyun ayağa qalxa bilmir və yerdə sürünməyə məcbur olur. Çox vaxt patoloji proses genişlənərək daxili orqanlara da keçə bilir.

Patoloji-anatomik dəyişikliklər. Bu dəyişikliklər xəstəliyin xarakterindən asılı olur və əsasən aşağıdakılardan ibarətdir:

-ətraflarda: yerli iltihab reaksiyası, şişkinlik, irinli və nekrozlu yaralar, oynaqlar şişkin və ağrılı, kəsildikdə irinli axıntı;

-üz nahiyəsində: dodaqların və burunun ətrafında şorvari irinli nekroz ocaqları, selikli qişaların şişi, üzərində köpüklü selik, ağız boşluğu üzvlərində şişkinlik və irinli yaralar;

-daxili orqanlarda: ağciyərlərdə tək-tək və ya yayılmış nekroz ocaqları, bronxlar irinli nekroz kütlələri ilə dolu, divarları qalınlaşmış, plevra şişkin, fibrinoz kütlə ilə örtülmüş vəziyyətdə, qaraciyər iki dəfə böyümüş və nekrozlu, ürək əzələsi nekrozlaşmış, limfa düyünləri şişkin, kəskin hiperemiyalı, böyrəklər bir qədər şişkinləşmiş və nekroz ocaqları.

Diaqnozu. Xəstəliyi kompleks üsulla müəyyən edirlər. Bu zaman simptomlar, patoloji anatomik məlumatlar və bakterioloji müayinələrin nəticələri müqayisə edilir. Bakterioloji müayinə üçün material irindən və nekrozdan mexaniki təmizlənmiş yara ilə sağlam toxuma sərhədindən, ağızda gedən patoloji nahiyədən və ya ağız suyundan alınır.

Material laboratoriyaya təcili göndərilir. Bu mümkün olmadıqda 30%-li steril qliserində konservləşdirilərək göndərilir.

Nekrobakteriozu dabaqdan, dırnaq çürüməsindən və kontagioz ektimadan fərqləndirmək lazımdır.

Dabaqdan - xroniki gedişli olmasına və sayca daha az heyvanları əhatə etməsinə görə;

Dırnaq çürüməsindən - çox vaxt bir dırnaqda proses baş verməsinə görə (xroniki gedişli irinli dırnaq çürüməsi əksər hallarda hər iki dırnaqda eyni vaxtda inkişaf edir);

Kontagioz ektimanın dəri forması nekrobakteriozdan dodaq və başın dərisində vezikula və pustulalı patoloji prosesin baş verməsi, xəstəliyin kütləvi xarakterli olması və həssas heyvanlar arasında çox sürətlə yayılması ilə fərqlənir. Hər üç halda şübhəli qaldıqda bakterioloji müayinə aparmaq lazımdır.

Müalicəsi. Kompleks müalicə üsulu tətbiq olunmalıdır. Kimyəvi terapiya, sulfanilamid birləşmələri və tetrasiklin qrupu antibiotikləri yüksək səmərə verir.

Yara nahiyəsi irin və nekrozdan mexaniki təmizləndikdən sonra, antiseptiki maddələrlə işlənməli, ümumi və fərdi müalicə kursu tətbiq edilməlidir.

Xoralı nahiyə ölmüş toxumalardan, qaysaqlardan təmizlənir, ətrafı yod məhlulu ilə silinir, 3 %-li hidrogen peroksidlə işlənir (və ya 0,2%- li kalsium permanqanatla). Bundan sonra həmin nahiyəyə 7 gün ərzində dibiomitsinin 15 %-li yağ məlhəmi çəkilir (dibiomitsinin 30 %- li qliserinli suspenziyası 1 %-li novokaində hazırlanır).

Dibiomitsini eyni zamanda 20 min TV/kq dozada venadaxili yeritmək lazımdır. Emulsiyanın bir dəfəlik dozasını 5-7 ml həcmində bir neçə nahiyəyə əzələiçi inyeksiya etmək və 7-8 gündən sonra proseduranı təkrar etmək olar. 80-85 % sağalma baş verir.

Naftalan nefti biomitsinlə, tiololla, 10%-li nitrat turşusu ilə birlikdə tətbiq edildikdə yüksək səmərə verir. Klinik əlamətlərdən asılı olaraq simptomatik və orqanizmin ümumi müqaviməti yüksəldən müalicə vasitələri tətbiq edilir (10%-li kofein məhlulu 2-5 ml dozada dərialtı, 20-40 %-li qlükoza məhlulu 100 ml dozada venadaxili və s.)

Xəstəliyin ağır gedişli forması zamanı (bağlar və sümüklər nekrozlaşdıqda, dırnaq düşdükdə və s.) müalicə aparmaq sərfəli deyildir.

İmmunitet. Xəstəlikdən sağalmış heyvanlarda immunitet yaranmır və təkrar yoluxma mümkündür.

Profilaktika və mübarizə tədbirləri. Ümumi profilaktika tədbirlərinə əməl edilməsi vacibdir: heyvanlar tam dəyərli yemlərlə yemlənməli, bəslənmə şəraiti normal olmalıdır. Xüsusən cavanların bəslənməsinə diqqətlə yanaşmaq lazımdır. Uzaq məsafələrə daşlı və sərt yollarla köçürmələrə, habelə bataqlaşmış kolluq yerlərdə heyvanların otarılmasına yol verilməməlidir.

Ferma ətrafında su durğunluğu və natəmizliklə mübarizə aparıl- malıdır.

Heyvan cəsədlərinə ciddi nəzarət edilməlidir. Nekrobakteriozdan ölmüş heyvan dərisi soyulduqdan sonra məhv edilməlidir. Həssas heyvanların dırnaqları ən azı ildə iki dəfə - yaz və payız mövsümündə 10%-li formalinlə və 5%-li paraformla profilaktika məqsədilə yuyul- malıdır. Nekrobakterioz diaqnozu qoyulmuş təsərrüfat xəstəlik ləğv edilənədək qeyri-sağlam elan edilir. Heyvanların bu təsərrüfatdan çıxarılmasına icazə verilmir. Sürüdə olan bütün heyvanlar klinik müayinədən keçirilməli və xəstələr təcrid edilərək, müalicə olunmalıdır. Sağlam və şübhəlilərin otlaq və yataqları dəyişdirilir. Öldürülmüş və ya kəsilmiş xəstə heyvanların dərisi 2 həftə ərzində qurudulduqdan sonra, xəstə heyvanların südü isə yalnız qaynadıldıqdan sonra istifadə edilə bilər.

Karantin axırıncı xəstə heyvanın sağalmasından bir ay keçdikdən və yekun dezinfeksiya işləri həyata keçirildikdən sonra götürülür.

08.05.2017
1162

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər