ÇİÇƏK

A+
A
A-

 

 

 

İti gedişli virus xəstəliyidir. İntoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.

Törədicisi. DNT-li epiteliotrop virusdur, poksavirus ailəsinə mənsubdur.

Virus 17-350 nm-ə bərabərdir. Müxtəlif heyvan növlərində xəstəlik əmələ gətirən çiçək virusları morfoloji xassələrinə görə oxşardırlar, lakin immunoloji və patogenetik xassələri müxtəlifdir. Qaramalın çiçək virusu digər heyvanlarda da xəstəlik törədə bilirlər, donuz, qoyun-keçi və quşların virusları isə yalnız mənsub olduqları növün fərdlərinə patogendirlər. Virusun həssas heyvan orqanizmində inkişafı 21 gündür.

Çiçək virusunu yetişdirmək üçün istifadə olunan toyuq embrionu, insan və heyvan böyrəyindən hazırlanmış hüceyrə kulturasında kəskin sitopatogen təsir müşahidə olunur.

Epizootoloji məlumat. Çiçəklə bütün kənd təsərrüfatı heyvanları, quşlar və insanlar xəstələnirlər. Törədicinin mənbəyi xəstə heyvanlardır. Onların orqanizmində əmələ gələn çiçək qaysaqlarının, ağız suyunun, göz və burun axıntılarının tərkibində olan virus asanlıqla ətrafa yayılır və həssas heyvanların yoluxması üçün təhlükə mənbəyinə çevrilirlər. Həssas heyvanların orqanizminə virus respirator yolla, dəri və selikli qişalar vasitəsilə keçirlər. Təsərrüfata törədici klinik sağlam heyvanlar, nəqliyyat və insanların vasitəsilə gətirilir. Yemlə, qulluq əşyaları vasitəsilə, xəstə heyvanların viruslu ifrazatları ilə gətirilməsi də mümkündür.

„ Zərifyunlu cinslərdə və cavan qoyunlar arasında çiçək daha ağır keçir. Belə sürülərdə çiçək qısa vaxt ərzində 100%-dək yayıla bilir.

Patogenez. Çiçək virusu qana keçdikdən sonra aşağıdakı mərhələlərlə inkişaf edən tipik xəstəlik əmələ gəlir:

-ilkin nişanələr-qanda virusun olması ilə üst-üstə düşür qızdırma kataral rinit və konyuktivitlə xarakterizə olunur;

-rozeola mərhələsi - səpkilər ekzantema və enantema halında epitelial toxumanı bürüyür. Bədən temperaturu normaya düşür, virus qandan itir;

-papula mərhələsi - rozeolaların yerində epiteli toxumasmm sürətlə çoxalması hesabına düyünlər və şişlər əmələ gəlir, bu düyünlərin kənarları qırmızı həlqə ilə əhatələnir. Əgər infeksion proses bu mərhələdə sönürsə şişlər nekrozlaşır, yaralar qaysaqlanır;

-vezikula mərhələsi-papulalar birləşir, yaranan suluqların daxilinə lizisə uğrayan epitellərdən və limfadan ibarət şəffaf seroz maye toplanır. Bu mərhələ donuzlarda zəif, qoyunlarda isə demək olar ki, heç inkişaf etmir. Digər heyvanlarda vezikulalarm inkişafı 5 giin davam edir. Leykositlərin və riogen mikrobların təsiri ilə vezikulaların içərisindəki ekssudat irinə çevrilir.

-pustula mərhələsi - vezikulalar nekrozlaşaraq çiçək yaralarına - pustulara çevrilirlər, bəzən onlar qopub düşür, tərkibindəki yapışqanvarı maye sap kimi uzanmaqla tökülür. Təxminən 3 gün davam edən ərəfədə heyvanların ümumi vəziyyəti pisləşir, bədən temperaturu yüksəlir.

-krustoz mərhələ - bu dövr sağalma mərhələsidə adlanır. Pustulaların möhtəviyyatı quruyur, qonur rəngli qaysaqlar əmələ gəlir, onların altında eroziyalar və xoralar inkişaf edir.

Quşların dərisində çiçək prosesi adətən 3 əsas mərhələdən keçir: başlanğıc (roziola-papula mərhələsi), əsas (epitalomoz) və yekun (qaysaqlama). Quşlarda iltihabi proliferativ və ya proliferativ-infiltrasiya forması üstünlük təşkil etməklə pipiyin, saqqalın, dərinin tüksüz sahələrinin və selikli qişanın zədələnməsi və nahiyələrdə çətinliklə soyulan differoid layının (təbəqəsinin) əmələ gəlməsi ilə fərqlənir.

Klinik əlamətləri. Çiçək heyvanlarda bir neçə klinik formada keçir: tipik, atipik, yayılmış, hemorroji.

Tipik forma-çiçək yaralarının mərhələli inkişafı ilə xarakterizə olunur.

Atipik formada çiçək prosesi adətən papula mərhələsində kəsilir, bu zaman heyvanın ümumi halı demək olar ki, dəyişmir.

Yayılmış forma heyvanın ümumi halının həddən artıq pisləşməsi ilə gedir, ayrı-ayrı suluqlar birləşərək böyük suluğa çevrilirlər. Onların içərisi isə irinlə dolu olur.

Hemorroji (qara) çiçək üçün suluqlarda və dəridə qan sağıntılarının yayılması, ümumi vəziyyətin ağırlığı və yüksək ölüm faizi xarakterikdir.

Xəstəliyin inkubasiya müddəti 4-12 gün davam edir. Xəstəlik zəiflik, temperaturun 41-42°C-yə yüksəlməsi, selikli qişaların hiperemiyası, burun və gözdən əvvəlcə selikli-irinli axıntı, tezləşmiş nəbz və tənəffüs, iştahanın itməsi ilə başlayır. 1-4 gündən sonra başın dərisində (gözlərin və burunun ətrafında), yelində, ətrafların daxili hissəsində roziolalar, onlardan isə 12-15 mm diametrli papulalar inkişaf edir, buradakı toxumalar ölür və qaysaqlanıb düşür. İrinləmə mərhələsi (pustula) ağız, burun boşluqlarının və gözün selikli qişalarının pozğunluğu zamanı qeyd edilir və qoyunların ümumi vəziyyətinin ağırlaşması, bədən temperaturunun yüksəlməsi ilə davam edir. Xəstəliyin mərhələlərinin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma baş verə bilər.

Quzularda xəstəlik daha ağır keçir, mürəkkəbləşmələr-pnevmoniya, qastroenterit, irinli artrit və korluq olur. Xəstəliyin yaxşı proqnozu zamanı ölüm 2-3%, yayılmış və hemoroji çiçək zamanı isə 100%-dək ola bilər.

Qaramalın çiçəyində inkubasiya müddəti 4-8 gündür. Çiçək yaralarının yaranması və inkişafı qoyunlarda olduğu kimidir, lakin çox vaxt sağalma ilə nəticələnir. Mürəkkəbləşmə mastit kimi ortaya çıxa bilər, bu zaman virus südlə ifraz olur.

Atlarda çiçək xoş gedişli olur, heyvan ölgünləşir, bədən temperaturu nisbətən yüksəlir, iştaha itir, ətraflar zədələndikdə axsaqlıq əmələ gəlir. Xəstəliyin müddəti 2 həftədir. Madyanlarda balasalma ola bilər.

Donuzlarda inkubasiya müddəti 4-7 gün, bəzən 16 günədək davam edir. Zəiflik, iştahasızlıq, konyunktivit, hərəkətsizlik qeyd edilir. Sonra dərinin müxtəlif yerlərində (üzdə, qulaqlarda, budun daxili tərəfində və s.) çiçək suluqları yaranır. Abortiv, yayılmış, hemorroji çiçək formaları rast gəlinir. Xəstəliyin müddəti 20-60 gün çəkir, çoşqalar arasında ölüm 65%-dək ola bilər.

Patoloji-anatomik dəyişikliklər. Dərinin və ağızın selikli qişasının tipik xəstəliyi-çiçək suluqları xarakterikdir. Mədə-bağırsaq traktınm və tənəffüs yollarının selikli qişası hemorroji iltihaba tutulur, bəzən eroziya inkişaf edir. Mürəkkəbləşmələr zamanı pnevmoniya, mastit, qaraciyər toxumasımn degenerasiyası qeyd olunur.

Diaqnozu. Epizootik və klinik məlumatlara əsasən qoyulur. Tələb olunduqda papula toxumasından hazırlanmış yaxmaları Morozov üsulu ilə boyayıb mikroskopiya edirlər. Müsbət reaksiya olduqda elementar hissəciklər tapılır. Xəstəliyin atipik forması zamanı biosınaq qoyula bilər: ayrılmış virus neytrallaşma, diffuz presipitasiya və immunoflüoresensiya reaksiyaları vasitəsilə identifikasiya edilir.

Təfriqi diaqnoz. Qoyunlarda qaşınma (qoturluq), kontagioz ektima və ekzema; qaramalda dabaq; donuzlarda maddələr mübadiləsi pozğunluqları nəticəsində dəridə yaranan dəyişikliklər, salmonellyoz, qrip, dabaq, vezikulyar xəstəlik və ekzantema; atlarda-vezikulyar stomatitdən çiçəyi fərqləndirmək lazımdır. Çiçəyin əsas fərqli əlaməti-dəri pozğunluqlarının (suluqların) inkişafının mərhələli olmasıdır.

Müalicə. Simptomatik müalicə vasitələri tətbiq olunur. Müxtəlif yaxıntılar (sink, bor, salisil və s.), antibiotik emulsiyaları istifadə olunur.

İkinci mikroflora tərəfindən mürəkkəbləşmələrin baş verməməsi üçün geniş təsir dairəsinə malik olan antibiotiklərdən də istifadə edilir.

İmmunitet. Xəstəlikdən sağalmış heyvanlarda yüksək gərginlikli, çox vaxt ömürlük davam edən immunitet yaranır, Qoyunlarda fəal immunitet yaratmaq üçün quru kultural virus vaksin və alüminium hidroksidli formol vaksin, keçilərə alüminium hidroksidli formol qliserinli vaksinlər işlədilir.

Quşların çiçəyinə qarşı Az. ETBI-nin 27-AŞ ştammdan hazırlanmış embrion-virus-vaksin bud nahiyəsinə skarifikasiya yolu ilə tətbiq edilir.

Profilaktika və mübarizə tədbirləri. Təsərrüfata yeni gətirilən qoyunlar məcburi surətdə karantində saxlanmalıdır. Əvvəllər çiçəyə görə qeyri-sağlam olmuş təsərrüfatlardan daxil olan heyvanlar vaksinasiya edilməlidir.

Heyvanlar arasında çiçək baş verərsə, təsərrüfata karantin qoyulur. Bütün sürüyə baxış keçirilir. Xəstə və şübhəli heyvanlar təcrid olunaraq müalicə işləri aparılır. Klinik sağlam heyvanlar vaksinasiya olunaraq, digər fermaya (otlağa) dəyişdirilir. Binalar dezinfeksiya olunur. Əgər ölüm varsa, cəsədlər dəri və yun üstündə olmaqla yandırılır. Yeni heyvanların gətirilməsi və aparılması, texniki işlər (yun qırxımı və s.) karantin götürülənədək dayandırılır. Karantin axırıncı ölüm və ya sağalma hadisəsindən 20 gün keçəndən sonra götürülür.

Donuzlar arasında çiçək qeyd olunduqda təsərrüfat qeyri-sağlam elan edilir. Xəstə və şübhəlilər seçilib, müalicə olunur. Heyvanların texniki yerdəyişmələri dayandırılır, dezinfeksiya işləri aparılır, məhdudiyyət bütün xəstələrin sağalmasından 14 gün sonra götürülür.

Çiçəklə xəstələnmiş inəklər və atlar simptomatik müalicə olunmalıdır. Südləri qaynatma və ya pasterizasiya ilə zərərsizləşdirilməlidir. Xəstə heyvanların sağalmasından 20 gün sonra qadağalar ləğv edilir.

14.12.2016
1191

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər