2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair ümumrespublika baytarlıq müşavirəsinin Press-Relizi

A+
A
A-

 

 

Fevralın 13-də saat 11-də İmişli rayonundakı Heydər Əliyev mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) "2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair" ümumrespublika müşavirəsi keçiriləcəkdir.

Müşavirədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, rayon, şəhər baytarlıq idarələrinin, zona baytarlıq laboratoriyalarının və baytarlıq diaqnostik kabinetlərinin 2014-cü ildəki iş fəaliyyətlərinin hesabatları və 2015-ci ildə baytarlıq xidməti orqanları qarşısında duran vəzifələr müzakirə olunacaqdır.

Ümumrespublika müşavirəsində 2014-cü ildə 2773943 baş iribuynuzlu, 7474653 baş xırdabuynuzlu, 100669 baş təkdırnaqlı heyvanlarda, eləcə də 7850 baş donuzda qarayara, 2786248 baş iribuynuzlu, 3309178 baş xırdabuynuzlu heyvanlarda dabaq, 249847 baş itdə quduzluq, 19631361 baş quşda H vaksini, 18639580 baş quşda La-Sota vaksini ilə quşlarda nyukasl, 534957 baş iribuynuzlu və 274314 baş xırdabuynuzlu heyvanlarda leptespiroz, 6127417 baş qoyunlarda çiçək və digər iti yoluxucu xəstəliklər əleyhinə aparılan profilaktik peyvəndləmə tədbirlərindən danışılacaqdır.

2014-cü ildə brusellyoz xəstəliyinin ləğvi istiqamətində göz-damla üsulunun davam etdirilməsinin məqsədəuyğun olaraq 1280878 baş xırdabuynuzlu heyvanda peyvəndləmə aparılmasından, 1127311 baş iribuynuzlu heyvandan, 148390 baş qoçdan qan alınaraq laboratoriya və diaqnostik kabinetlərdə müayinə edilməsindən, müayinə zamanı xəstə çıxmış 1289 baş iribuynuzlu heyvanın və 347 baş qoçun təlimata uyğun zərərsızləşdirilərək təsərrüfatlardan çıxdaş edilməsindən və əhalinin sağlam qida məhsulu ilə təmin etməsindən söz açılacaqdır.

Ümumrespublika müşavirəsində 2014-cü ildə quş qripinə görə 5 dəfə aparılan seromonitorinq zamanı çöl və ev quşlarından götürülmüş 7278 qan nümunəsi və patoloji material Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmasından və nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisinin aşkar edilməməsindən və bu xəstəliyin cari ildə də diqqət mərkəzində saxlanılmasından danışılacaqdır.

Quduzluğa görə narahatçılığıın olmasından və bu xəstəliyi nəzarətdə saxlamaq üçün epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq həssas heyvanlar arasında vaksinasiyanın həyata keçirilməsindən, quduzluq xəstəliyinin törədicisi aşkar olunan ərazilərdə lazımi profilaktik tədbirlər aparılaraq xəstəliyin yayılmasının qarsısının alınmasından söhbət açılacaqdır. Eləcə də qeyd ediləcək ki, vəhşi təbiətdə olan quduzluğa həssas vəhşi heyvanlarda oral üsulla vaksinasiya aparmaq üçün 50 min doza peyvənd vasitəsi gətirilmiş və Şəki-Zaqatala və Abşeron yarımadasında tətbiqi planlaşdırılmışdır.

Müşavirədə bəşəriyyətin sağlamlığı keşiyində ayıq-sayıq dayanan ölkə baytarlarının 2014-cü ildə daha bir xəstəliyə nodulyar dermatit virus xəstəliyinə qarşı mübarizə apardıqları vurğulanacaq və bu xəstəlik ölkəmizdə ilk dəfə qeydə alınsa da, sözün həqiqi mənasında, baytarlıq mütəxəssisləri gecə-gündüz çalışaraq xəstəliyə yoluxan 6040 baş iribuynuzlu heyvandan 5781 başını ölümsaçan xəstəlikdən xilas etdi. Düzdür, xəstəlik ölkənin 35 rayonda qeydə alındı, 259 baş heyvan tələf oldu. Heyvanlarda baş verən ölüm halları, yanaşı gedən, xüsusilə qan-parazitar xəstəliklərin təsirindən baş verməsi diqqətə çatdırılacaqdır. Eləcə də qeyd ediləcəkdir ki, artıq bu xəstəliyin qarşısını almaq məqsədi ilə iribuynuzlu heyvanlar üçün 2 milyon doza miqdarında vaksin ölkəmizə gətirilib və bu günlərdə heyvanların peyvəndlənməsinə start veriləcəkdir.

Müşavirədə 2014-cü ildə respublikada epizootik sabitliyin təmin edilməsində həyata keçirilən digər baytarlıq-sanitariya tədbirlərindən, ölkəyə idxal və ölkədən ixrac edilən, bazar və yarmarkalara çıxarılan heyvan və heyvan mənşəli məhsullara ciddi baytarlıq nəzarətinin həyata keçirilməsindən danışılacaqdır. Eləcə də vurğulanacaq ki, dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması məqsədi ilə 2014-cü il ərzində Respublika Baytarlıq Laboratoriyasında bakterioloji və biokimyəvi müayinələr nəticəsində Bakı şəhərində 3330 kq sümüklü və sümüksüz mal ətinin, 670 kq toyuq ətinin, Bərdə rayonunda 25 tona yaxın mal və qoyun cəmdəklərinin, Siyəzən rayonunda 208 kq sümüklü və sümüksüz mal ətinin, həmçinin respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 142 kq mal ətinin, 65 kq qoyun ətinin, 115 kq donuz ətinin, 124 kq quş ətinin, 7384 kq daxili orqanların, 82 kq balığın, 2370 kq süd və süd məhsullarının və 2510 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə əsasən zərərsizləşdirilmişdir.

Ümumrespublika müşavirəsində 2014-cü ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinə vətəndaşlar tərəfindən daxil olmuş 349 müraciətin 70-nin müsbət həll edilməsindən, 54 nəfər vətəndaşın müraciəti müzakirə edilərək müvafiq qərarlar çıxarılmasından, 225 müraciətin isə əsassız sayılaraq müvafiq qaydada cavablandırılmasından danışılacaqdır. Eləcə də vurğulanacaqdır ki, bəzi rayonlarda fəaliyyət göstərən özəl baytarlıq apteklərinə ciddi nəzarət olunmur, bəzən apteklər lisenziyasız fəaliyyət göstərir, onlarda baytarlıq-sanitariya tələbləri pozulur. Müşavirədə müfəttişlik xətti ilə inzibati cərimələrdən, eləcə də şəhadətnamə və sertifikatların verilməsindən əldə edilən vəsaitin dövlət büdcəsinə köçürülməsindən danışılacaq və il ərzində baytarlıq qanunvericiliyinin pozulmasına görə inzibati cərimələrin respublika üzrə cəmi 369 nəfər olmaqla 20972 manat təşkil etməsi qeyd ediləcəkdir.

Dövlət büdcəsi hesabına alınmış maşın, mexanizmi, laboratoriya avadanlıqları, dezinfeksiya və digər vasitələrlə baytarlıq idarə və laboratoriyalarının təminatı sahəsində görülən işlərdən söz açılacaqdır. İnvestisiya proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Baytarlıq şəhərciyi" layihəsinin həyata keçirilməsinə başlanmasından, BSL-2 və BSL-3 səviyyəli laboratoriyaların fəaliyyət istiqamətlərindən ətraflı məlumat veriləcəkdir.

Müşavirədə Prezident cənab İlham Əliyevin 2015-ci ili "Kənd Təssərüfatı ili" elan edilməsilə bağlı sərəncamın icrası məqsədi ilə 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq baytarlıq xidməti orqanları qarşısında qoyulmuş vəzifələr önə çəkiləcək və xidmət qarşısında qoyulmuş tapşırıqların qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcəklərindən danışılacaqdır.

Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini cənab Seyfəddin Talıbovun, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi xanım Sialə Rüstəmovanın, İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Viyam Hacıyevin, Xidmətin rəhbər nümayəndələri, rayon bələdiyyələrinin, icra nümayəndələrinin və fermerlərin iştirak etmələri nəzərdə tutulur.

 

11.02.2015
613

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər