Kannibalizm xəstəliyi və onunla mübarizə

A+
A
A-

 

 

Kannibalizm (fransızca-cannibale, ispanca-insanyeyən) heyvanların eyni növ heyvanları yeməsidir. Kannibalizm termini quşçuluqda-yumurtalayan toyuqlar və vəhşi quşlar arasında didişmə, donuzçuluqda kandofagiya-quyruğun, qulağın dişlənib qoparılması, gövşəyən heyvanların isə özlərini aqressiv aparmaları və s. ilə səciyyələnir.

Kannibalizmə əksər hallarda toyuqlar dəstəsinə daxil olan quşlarda, toyuqlarda, hind toyuqlarında, qırqovul, bildirçinlərdə, həşəratlarda, balıqlarda, vəhşi heyvanlarda, xırda gövşəyən heyvanlarda rast gəlinir. Ədəbiyyat məlumatlarında nadir hallarda da olsa insanın-insanı yeməsi faktları barədə qeyd edilir ki, bu da kannibalizmə xas olan əlamətlərdir.

Xəstəlik orqanizmdə zülal aclığı və əvəzolunmaz amin turşuların, kükürd, kalsium, makro və mikroelementlərin, A və D vitaminlərin çatışmazlığı, yem rasionunun birdən-birə, tez-tez dəyişdirilməsi, çoxlu miqdarda ət məhsulları verilməsi, həmçinin su və yemlə yaxşı təmin olunmadıqda biruzə verir. Kannibalizm quşların birinin digərini kütləvi şəkildə didməsi ilə səciyyələnir ki, bu da sənaye quşçuluğuna əhəmiyyətli dərəcədə iqtisadi ziyan vurur. Heyvanlar və quşlarda kannibalizmin baş verməsi məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir.

Quşlarda xəstəlik işığın düz şüalarının təsiri, antisanitar vəziyyətdə saxlanılması, qum vannaları ilə təmin edilməməsi, zədələnmələr olduqda, binalarda müxtəlif qrupdan olan quşlar çox sıx yerləşdirildikdə də baş verir. Əksər hallarda vəhşi heyvanlar, balıqlar, quşlar yem, su çatmadıqda öz yumurtalarını və öz nəslindən olan cavanları, zəifləri yeyirlər. Bir toyuğun, cücənin ətrafına bir neçəsi toplanıb onu dimdikləyirlər, kloaka nahiyəsini dimdiklədikdə düz bağırsağı deşib yeyirlər, xəstə quş inkişafdan qalır, arıqlayır, çox zədələnmə zamanı qan itirmədən ölür. Kannibalizm quşların tək-tək hallarda didişməsi bütün təsərrüfatlarda müşahidə olunur. Quşların yumurtanı dimdikləyərək deşib yeməsi, digərinin bədəninin ayrı-ayrı hissələrini didməsi, tükünü yolması və s. hallarla xarakterizə olunur. 

Quşların bir-birini didməsinin əsas səbəblərindən biri də damların uzun müddətli intensiv işıqlandırılması, kiçik binalarda gəzinti sahələri və qum vannaları olmayan şəraitdə saxlanılması və s. sayılır. Bəzi müəlliflər xəstəliyi adətkarlıq kimi qəbul edirlər.

Quşlara verilən yemin balanslaşdırılmaması, yem qablarının çatışmaması, qarğıdalı unu, yaxud yarmasının verilməsi və s. hallarda xəstəliyə səbəb olan amillərdir. Broyler cücələrində didişmənin baş verməsinə səbəb binanın havasının quru olması da buna şərait yaradır. Bu halda tüklər quru və kövrək olur. Büzdüm vəzisinin sekretini lələklərinə sürtmək üçün quşlar əksər hallarda onu sıxırlar. Dərinin qıcıqlanması qansoran gənələrin, taxtabitilərin və tük-lələk yeyən parazitlərin təsirindən də ola bilir.

Cücələri qaranlıq binada saxladıqda, balanslaşdırılmamış rasionla yemlədikdə, tüklərin yolunması təhlükəsi yaranır, cücələri qəfəsdə saxlayarkən, işıqlanma uzun müddətli olduqda da didişmə baş verir. Xəstəlik əksər hallarda yaşlı quşlarda güclü yumurtalama və tük tökmə vaxtı baş verə bilir. Az hallarda 20-60 günlük cücələrdə embrional tükün, lələyə keçən dövrlərində olur. Didişmə çox vaxtı, köhnə quş sürüsünə, yaxud qəfəsdə saxlanan quşlara yeni quşları qatdıqda, yemi qəbul edərkən yeni münasibətlərin yaranması, binada yaxşı yer uğrunda mübarizə nəticəsində də baş verə bilir. Cavan toyuqlar yumurta verərkən binanın intensiv işıqlandırılması şəraitində kloaka həlqəsinin gərginləşərək yaxşı nəzərə çarpdığına görə, kloaka sahəsinin didilməsinə şərait yaranır. Kloaka həlqəsinin gərginləşməsi bəzən, hətta, qan damarlarının partlaması və qanın görünməsi, digər toyuqların diqqətini cəlb etməklə didişmənin başlanmasına səbəb olur.

Diaqnoz-quşlarda xarakterik klinik əlamətlərə yemlənmə və saxlanılma şəraitinin müayinə edilməsinə görə qoyulur.

Müalicəsi-xəstəliyin səbəbi aydınlaşdırılıb, aradan qaldırılmalıdır, bunsuz tətbiq edilən preparatların səmərəsi az müddətli olacaqdır. Xəstə quşlar təcrid edilib, ayrıca saxlanılır, yaralılar antiseptik məlhəmlər (penisillin, ixtiol və s.), yaxud yod, qliserinlə, kalium permanqanatın tünd məhlulu, streptosid, bor turşusu və s. ilə müalicə edilir.

Kannibalizmin qarşısını almaq üçün gündə bir baş toyuğa 0,02-0,05 q limon turşusu, 15-20 gün, 100 baş toyuğa 400 q metionin və yaxud 50 q biovetin, həmçinin 2-3 q lələk unu yemə qarışdırılıb 20-30 gün verilir. Quşlarda kannibalizm baş verdikdə hər toyuğa 7-10 gün müddətində yemə 1-2 q kükürd, 2-3 mq kalium-yod, 0,5-1,0 q gips, yaxud tabaşir əlavə edilib verilir.        Gipsin tərkibində kü-kürd və kalsium olduğuna görə yumurtalayan toyuqlara yaxşı kömək göstərir.

Profilaktika məqsədilə quşun dimdiyinin yuxarı hissəsinin ucunu 3-4 mm xüsusi alətlərin köməkliyi ilə kəsirlər. Bu quşların yem qəbuluna mane olmur, həmçinin də başqa quşlara zərər yetirə bilmirlər.    Quşların biri-birini dimdikləməsi əleyhinə digər spesifik vasitə yoxdur, xəstə quşlar sürüdən ayrılaraq ət üçün kəsilir. Yaşlı quşları fərdi qəfəslərdə saxlamaqla dimdiklənmədən azad olurlar.

Yem rasionuna sümük unu, balıq yağı əlavə edilməsi xəstəliyin baş verməsinin qarşısını ala bilir. Broyler təsərrüfatlarında qırmızı işıqdan istifadə edirlər, bu halda cücələr didişmirlər. Həmçinin quş saxlanılan binaların pəncərələrinin şüşələrinə qırmızı rəng çəkmək də məsləhət görülür. Kannibalizmə meylli quşlar çıxdaş edilirlər.

Göllərdə balıqlar az olduğu zaman digər balıqlar öz cavanlarını, yem çatışmazlığı üzündən isə balıqlar öz yumurtalarını yeyirlər.

Vəhşi heyvanlar özünün, yaxud qonşusunun bədəninin istənilən yerini dişləməsi, nəcisini yeməsi, quşların lələk, tük, yumurtanı dimdikləyib deşib yeməsi, qan axan yeri, kloakanı və bağırsağı dimdikləməsi, donuzların qulağı və quyruğu dişləməsi və ya qoparması, ana donuzların, çoşqaları yeməsi və s. hallar baş verir ki, bu da kannibalizm əlamətlərindəndir.

Quşların cəsədlərinin ət üçün nəzərdə tutulduğu hallarda yodoform, qatran və digər iyli vasitələrdən istifadə edilməsi məsləhət görülmür.

Kannibalizmə həssas heyvanların, quşların, yemləmə və saxlanma şəraitinə ciddi fikir verilməlidir. Həmçinin profilaktika məqsədilə yem rasionuna 1 ton yemə 100 kq fumar turşusu, yaxud 50 q fenibit qatılıb 20-30 gün müddətində verilir.

Ümumiyyətlə, xəstəliyin kəskinləşmə dövründə əsas məqsəd didişmənin baş vermə səbəbinin aradan qaldırılmasıdır. Quş saxlanılan binalarda işığın düz şüalarının təsirini azaltmaq məqsədilə pəncərələrə qırmızı şüşələr və yaxud da qırmızı lampaların salınması halları quşların bir-birini dimdikləməsinin qarşısını alır, əsası odur ki, yumurtalamanın artmasına imkan yaradır, yaşıl işıq isə kökəldilən cücələrdə yüksək çəki artımı verməsini təmin edir. Göy işıq isə görmə qabiliyyətinin artmasına təsir etmir, belə hallarda şüşələrin rənglənməsi məsləhət görülmür.

Həmçinin günəşin düz şüalarının quş saxlanılan binaların daxilinə düşməsinin qarşısını almaq məqsədilə pəncərələrə görünməyən şüşələr salına və ya jalüz qoyula bilər. Əgər quşların saxlanma rejimlərinin şəraiti (işıqlanması, nəmliyi, quşların yerləşdirilməsi) standart göstəricilərdən yüksək deyilsə, onda yem rasionunda balıq, sümük ununun, yemək duzunun, balıq yağının, göyərtinin miqdarını artırmaq təklif olunur.

Bir müddət otaqların işıqlandırılmasını azaltmaq lazımdır. Quşçuluq təsərrüfatlarında yemləmə və saxlanma qaydalarının şərtlərinə düzgün əməl edilməlidir. Xüsusilə yem rasionunda zülalın düzgün balanslaşdırılmasına fikir verilməlidir. Profilaktika məqsədilə yem rasionuna vitaminli, şirəli yemlər, ot unu, kök, kələm, bişirilmiş kartof, yaxşı keyfiyyətli silos, müxtəlif yaşıl otlar əlavə edilməlidir. Kannibalizmlə xəstə quşları müalicə etmək az səmərəli olduğu üçün, onları çıxdaş edib, ət üçün kəsilməsi məsləhətdir. Cavan quşlar, yoluxmuş ana sürüsündən təcrid edilmiş şəkildə yetişdirilməlidir.

18.06.2015
2162

Nəşrlər

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

Bannerlər