Ev toyuqlarında parazitlik edən eymeriyalar

A+
A
A-

 

 

Quşçuluğun inkişafına maneçilik törədən bir çox amillər vardır ki, bunlardan biri də parazitar xəstəliklərdir. Parazitozlardan eymeriozlar daha təhlükəli hesab olunur. İnvaziyanın əsas yayılma mənbəyi xəstə quşların zılı ilə xarici mühitə düşmüş oosistalardır. Qidalanarkən və su içərkən sağlam toyuq və cücələr oosistaları udaraq yoluxurlar. Müvafiq müalicə-profilaktika tədbirləri görülmədikdə yoluxma bəzi hallarda 80-100%-ə çatır, kütləvi ölüm başlayır. Sağ qalmış quşların invazion və infeksion xəstəliklərə həssaslığı yüksəlir, inkişafı zəifləyir, çəki artımı dayanır, məhsuldarlığı və məhsullarının keyfiyyəti aşağı düşür. Hal-hazırda baytarlıq müalicə, sanitariya-gigiyena tədbirlərinin və quşçuluqda təsərrüfat mədəniyyətinin yüksəldilməsinə baxmayaraq ev toyuqlarının eymeriyalarla yoluxması davam edir. Eymerioz təkcə Azərbaycanın deyil,  bütün dünyanın quşçuluq təsərrüfatlarına ciddi zərər vurur. 

Azərbaycanda keçən əsrin 60-cı illərindən başlayaraq akademik M.Ə.Musayevin rəhbərliyi ilə kənd təsərrüfatı heyvanları və ev quşlarının eymeriozları hərtərəfli öyrənilir. Xəstəliyin törədicilərinin növ tərkibi, yayılması, invaziyanın ekoloji faktorlardan asılılığı, eymeriozlar zamanı parazit-sahib münasibətlərinin biokimyəvi və immunoloji xüsusiyyətləri və s. ətraflı öyrənilmiş, müəyyən müalicə və profilaktika tədbirləri işlənib həyata keçirilmişdir.

Respublikamızın iri quşçuluq təsərrüfatları əsasən Abşeron yarımadası ərazisində yerləşir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar dövlət müəssisələri özəlləşdirilib, sənaye əsaslı yeni fermer təsərrüfatları yaradılır. Abşeronun quşçuluq təsərrüfatlarında, yeni iqtisadi durum şəraitində parazitoloji vəziyyətin, xüsusən eymeriozların və onlarla qarışıq (assosiativ) şəkildə rast gələ bilən invaziyaların törədicilərinin növ tərkibinin, yayılmasının təsərrüfat şəraitindən, ekoloji faktorlardan və s. səbəblərdən asılılığının öyrənilməsi həm elmi, həm də praktik əhəmiyyət kəsb edir.           

Eymeriozlar onurğalı heyvanlar arasında yayılmış protozoy xəstəliklərdən biridir. Xəstəliyin törədiciləri eimeria cinsindən olan parazitlərdir. Beşinci Benəlxalq  Protozooloji Konqresdə Levinə və onun 15 həmkarından ibarət qrupun tərtib etdiyi son sistematikaya görə (1980) eymeriyalar protozoa yarımaləminin, apicomplexa tipinin, coccidia dəstəsinin eimeriidae fəsiləsinə aiddirlər.

Ev toyuqlarında eimeria cinsinə aid olan 12 növ parazit təsvir edilmişdir: eimeria tenella, e.mitis, e.maxima, e.acervulina, e.necatrix, e.mivati, e.brunetti, e.praecox, e.hagani. Bu növlərin mövcudluğu bütün koksidioloq alimlər tərəfindən qəbul edilmişdir. Qalan üç növə (e.beachi, e.johnsoni, e.tyzzeri) onların ilk təsvirindən sonra rast gəlinməmiş və sərbəst növ olmalarını əsaslandıran dəlillər kifayət qədər deyildir. Toyuqlarda tapılmış isospora cinsindən olan parazitlərin oosistaları quşçuluq fermalarında toyuqların sərçələrlə müəyyən qədər təmasda olması zamanı onlar tərəfindən xəstə sərçələrin ifraz etdiyi oosistaları udmaq yolu ilə baş verir.

Azərbaycanda ev toyuqlarında eimeria tenella, e.necatrix, e.brunetti, e.maxima, e.acervulina və e.mitis növləri parazitlik edir. Yuxarıda adları çəkilən digər növlərə respublikamızın quşçuluq təsərrüfatlarında rast gəlinməmişdir.

Abşeron rayonunun Güzdək və Saray qəsəbələrində tədqiqatlar zamanı müəyyən edilmişdir ki, 4 növ eymeriya bu təsərrüfatlarda parazitlik edir: eimeria tenella,  e.maxima, e.acervulina və e.mitis. 

Eymeriyaların təyini əsasən onların oosistalarına görə aparılır. Parazitlərin növündən asılı olaraq oosistalar oval, girdə, yumurtaşəkilli, ellipsvari, armudşəkilli, rombşəkilli və s. formada olur. Oosistaların divarı adətən iki laylı, sitoplazmaları isə dənəvərdir. Eymeriyaların bəzi növlərinin oosistalarının qütblərinin birində papaqcıq, mikropilye, parıldayan qütb dənəsi, qalıq cismi kimi hüceyrə elementləri olur. Oosistaların morfoloji əlamətlərindən eymeriya növlərinin təyin edilməsində, onların sahib heyvanın orqanizmində gedən inkişaf mərhələsinin öyrənilməsində istifadə olunur (Şəkil).

E.tenella-nın oosistaları rəngsiz, oval formada olub, 22 x 20 mkm ölçüdədir. Oosistalarda mikropilye yoxdur, qütb dənəciyi vardır. E.tenella ikiqat qişaya (örtüyə) malikdir. Əlverişli şəraitdə oosistalar 18-48 saat ərzində sporlaşırlar. Ev toyuqlarının orqanizmində parazitin inkişaf mərhələləri korbağırsaq çıxıntılarının epiteli hüceyrələrində məskunlaşır. Yoluxma yüksək olduqda isə ortabağırsaqdan tutmuş kloakaya qədər olan sahəyə yayılır. Endogen mərhələdə üç generasiya verir. Xəstəliyin prepatent dövrü 7, patent dövrü isə 10-12 gündür. Bu parazit ev toyuqlarının eymeriyaları içərisində ən patogen növ olduğundan onun orqanizmə daxil olmuş bütün sporozoitləri inkişafını tam başa çatdıraraq külli miqdarda oosista əmələ gətirirlər və ətraf mühitə düşmüş bu oosistalarla yoluxma ehtimalı da müvafiq olaraq yüksəlir. Dünyanın bütün ölkələrində geniş yayılmışdır.

E.maxima. 30 x 22 mkm ölçüdə, oval formadadır. Oosistaların bir tərəfi o biri tərəfinə nisbətən nazik olur ki, burada da mikropilye və qütb dənəciyi yerləşir. Divarı digər növlərlə nisbətən girintili-çıxıntılıdır. 30-48 saat ərzində sporlaşır (yetişir). Daxili inkişaf mərhələsi nazik bağırsaqda, xüsusən onun orta və ön nahiyələrində gedir. İnvaziyanın prepatent dövrü 5, patent dövrü isə 15 gündür. Bu növlə yoluxmaya bütün dünyada, o cümlədən Azərbaycanda da rast gəlinir.

E.acervulina. Onun oosistaları oval formada olmaqla ölçüsü 20 x 14 mkm-dir. Oosistanın dar qütbündə mikropilye, qütb dənəciyi olur. Qalıq  cismi yoxdur. Spor əmələ gəlmə prosesi 28-30 oC temperaturda 13-17 saat başa çatır. Daxili inkişafı onikibarmaq bağırsaqda gedir. Yüksək yoluxma zamanı korbağırsağa qədər yayılır. Prepatent dövrü 4, patent dövrü isə 15 gündür.

E.mitis oosistaları 6 x 8 mkm ölçüdə girdə formada olur. Parazit rəngsizdir və onun qütb dənəciyi vardır. Əlverişli şərait olduqda ətraf mühitdə 48 saat sporlaşır. Daxili inkişafı nazik bağırsağın ön hissəsində gedir. Prepatent dövrü 5 gün, patent dövrü isə 14 gündür. Ən az patogen növ hesab olunur.

Qeyd olunan bu  növ eymeriya bütün dünyanın quşçuluq təsərrüfatlarında da geniş yayılmışlar. Keçən əsrin əvvəllərindən onlara qarşı elmi əsaslı tədqiqat işləri aparılır.

Eimeria cinsindən olan növlərin oosistalarının müqayisəsi göstərir ki, onlar bir-birindən morfoloji quruluşuna görə ciddi fərqlənirlər. Bütün növlərin oosistalarında mikropilye olmur. Məsələn, e.tenella növündə mikropilye yoxdur. E.maxima, e.acervulina növlərində isə mikropilye vardır. Qütb dənəciyi bir orqanoid kimi mövcuddur. Növlərin oosistalarının ölçüləri və formaları müxtəlifdir. Ən böyük ölçüyə malik olan e.maxima, ən kiçik ölçülü e.mitisdir.

Növ üçün xarakterik olan əlamətlərdən ən başlıcası isə onun patogenliyidir. Eimeria növlərinin patogenlik dərəcəsi aşağıdakı ardıcıllıqla azalır: eimeria tenella,  e.maxima, e.acervulina, e.mitis.

Patogenlik hər bir növün biologiyasından, parazitin generasiyalarının sayından, reproduktivliyindən, parazitin ifraz etdiyi maddələrin toksikliyindən, sahib heyvanın immun vəziyyətindən, assosiativ invaziyalarından, müxtəlif infeksiyaların olub-olmamasından və s. səbəblərdən asılıdır. Kompleks faktorların təsiri nəticəsində parazitin virulentliyi bəzən zəifləyir, əlverişli şərait olduqda az patogen növ yüksək virulentlik qazana bilir.

Ev toyuqlarının eymeriyalarla yoluxması parazitin sahib heyvanın nəcisi ilə ətrafa düşmüş və sporlaşmış oosistaların yem, su və başqa vasitələrlə udulması yolu ilə baş verir. Mədə-bağırsaq sisteminin fermentləri olan lipaza, pepsin və tripsinin təsirindən oosistaların və onların daxilində olan sporların örtük qişası partlayır. Azad olmuş sporozoidlər bağırsağın epiteli hüceyrələrinə daxil olurlar. Parazitin sahib toxumalarının hüceyrələrinə daxil olması ya xüsusi orqonoid-konoid vasitəsilə, hüceyrə divarının deşilməsi yolu ilə, ya da faqasitoz yolu ilə baş verir.

Eymeriyalar bir sahibli parazitlərdir. Onların inkişaf dövrü üç mərhələni-şizoqoniya, qametoqoniya və sporoqoniya əhatə edir. Birinci iki mərhələ sahib heyvanın orqanizmində, üçüncü isə ətraf mühitdə gedir.

Sporozoidlər bağırsağın epiteli hüceyrələrinə daxil olduqdan sonra qeyri-cinsi çoxalma-şizoqoniya prosesi başlayır (bu mərhələni bəzən meroqoniya da adlandırırlar). Cavan birnüvəli şizontun və ya trofozoitin bir neçə dəfə təkrar bölünməsi nəticəsində çoxnüvəli membranla əhatə olunmuş şizontlar toplusu yaranır. Seqmentləşmə nəticəsində nüvələrin sayına müvafiq olaraq merozoitlər formalaşır. Parazitlərlə yoluxmuş bağırsaq hüceyrələri partlayır və şizontlardan azad olmuş merozoitlər sağlam hüceyrələrə daxil olub, şizontların ikinci generasiyasına başlanğıc verir. Bu proses təkrar olduqca şizontların üçüncü, bəzən isə dördüncü generasiyası əmələ gəlir. Bununla da parazitin qeyri-cinsi inkişaf mərhələsi, yəni şizoqoniya prosesi başa çatır.

Nəhayət, şizoqoniya prosesi qametoqoniyaya, yəni cinsi çoxalmaya başlanğıc verir. Əmələ gəlmiş merozoitlərdən bağırsağın epiteli hüceyrələrində makroqametositlər və mikroqametositlər formalaşır. Makroqametositlər dişi cinsi hüceyrələrə-makroqametlərə, mikroqametositlər erkək cinsi hüceyrələrə-mikroqametlərə çevrilirlər. Hərəkətdə olan mikroqametlər makroqametlərə daxil olub onları mayalayır, makroqamet mayalandıqdan sonra ziqota qılafla əhatə olunur və oosistaya çevrilir.

Sahib heyvanın bağırsağında eymeriozların daxili inkişaf mərhələsi (endogen inkişaf) başa çatdıqdan sonra oosistalar ifrazatla xarici mühitə düşür. Əlverişli şərait olduqda sporlaşır, parazitin xarici mühitdə gedən inkişaf mərhələsi-sporoqoniya (ekzogen inkişaf) başlayır. Oosistaların sporlaşması optimal rütubətli şəraitdə optimal temperatur 25-30 oC olduqda 18-48 saata başa çatır.

Hər bir oosistanın daxilində 4 spor, hər sporun daxilində isə 2 sporozoit əmələ gəlir və sporoqoniya mərhələsi başa çatır.

Parazitin sahib heyvanın orqanizmində inkişafı zamanı mexaniki və toksiki təsir nəticəsində bağırsaq hüceyrələri partlayıb dağılır, qanaxma baş verir ki, bu da eymeriozların ilk kliniki əlamətləri kimi hesab olunur. Yoluxmuş hüceyrələrin dağılması ilə yanaşı, qonşu hüceyrələr də dəyişikliyə uğrayır. Parazitlə dolmuş hüceyrələr böyüyərək ətraf hüceyrələri sıxışdırır, bağırsaq xovları pozulur, hüceyrələrarası əlaqə itir. Patoloji proses bağırsağın əksər hüceyrələrini əhatə edir. Bağırsağın hüceyrələrinin zədələnməsi nəticəsində bağırsaq fermentlərinin fəallığı zəifləyir, zülalların, yağların, sulu karbonların parçalanması, sorulması və mübadiləsi pozulur. Orqanizmə düşmüş toksiki maddələrin təsiri nəticəsində qaraciyər, baş beyin, böyrəküstü vəzilərdə və s. orqanlarda patoloji dəyişikliklər baş verir, qan damarlarında tromblar əmələ gəlir. Mərkəzi sinir sisteminin fəaliyyəti pozulur.

Eymeriozlar zamanı hüceyrə və toxumaların tamlığının mexaniki və toksiki təsirlər nəticəsində pozulması mikroorqanizmlərin sahibin orqanizminə daxil olması üçün imkan yaranır. Orqanların sədd (baryer) funksiyası pozulur, eymeriyaların və xəstəlik törədən mikroorqanizmlərin birgə fəaliyyəti nəticəsində eymeriozların patogenezi mürəkkəbləşir.

İnvaziyaların öyrənilməsi xəstəliklərin mənşəyinin vaxtında müəy-yənləşdirilməsinə imkan verir. Bir çox bağırsaq xəstəlikləri vardır ki, onların kliniki əlamətləri çox oxşar  olur və münasib profilaktika tədbirləri aparılmadıqda ölümlə yanaşı, sağlam quş yetişdirmək və reproduktiv nəsil almaq çətinləşir. Təsərrüfatda qarışıq invaziya törədən  hər hansı bir növün az tapılması, yəni  invaziyanın intensivliyinin nisbətən zəif olması heç də onun təhlükəsiz olduğunu sübut etmir. Əksinə, invaziyanın geniş yayılmasına güclü potensiala malik ola biləcəyindən xəbər verir.

Beləliklə, aparılan tədqiqatların nəticələrindən aydın olur ki, Abşeronun quşçuluq təsərrüfatlarında eymeriozlar geniş yayılmışdır. Onlara həm monoinvaziya, həm də poliinvaziya şəklində qarışıq  formada  rast gəlinir. Bu invaziyalar quşçuluğun rentabelli işləməsinə ciddi maneə törədirlər. Bunlara qarşı müalicə ilə yanaşı, kompleks profilaktik mübarizə tədbirləri hazırlanıb tətbiq edilməlidir. 

 

 

16.02.2017
2581

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər