Quşlarda sirinqofilyoz xəstəliyi və onunla mübarizə

A+
A
A-

 

 

Sirinqofilyoz quşların xroniki keçən, qoturluq adı ilə məlum olan parazitar xəstəliyidir. Xəstəlik sirinqofilus bipectinatus heller gənəsi tərəfindən törədilir.

Xəstəliyin törədicisi sirinqofillid gənələri uzun, oval formada, tünd bozumtul rəngdə olur, koloniya şəklində yaşayırlar. Bu cinsə aid olan növlər quşların daimi parazitlərindən olub, onların lələklərinin boşluqlarında yaşayıb, çoxalır və toxuma mayesi ilə qidalanırlar. Sahibləri ev toyuqları və toyuqkimilər dəstəsinin başqa nümayəndələridir. Xəstəliyə ev quşları: toyuqlar, hinduşkalar, ördəklər, həmçinin vəhşi quşlar-tutuquşu, bildirçin, göyərçin, sığırçın, sərçə və s. həssasdırlar.

Sirinqofilyoz ev quşlarının dünyada geniş yayılmış invazion xəstəliyidir. Müxtəlif cinsdən olan toyuqlar xəstələnirlər. İnvaziyanın əsas mənbəyi xəstə quşlar, təsərrüfatlarda işlədilən müxtəlif əşyalar, quşabaxanlar və sirayətlənmiş yemdir.

Xəstəlik əsasən yaz və yayda enzootik, qışda və payızda sporodik şəkildə baş verir.

Sirinqofilus bipektinatus gənəsinin qabaq tərəfində xortumu vardır. Gənələr cinsi yetişkənlik mərhələsinə (imaqo) çatdığı zaman, lələk boşluğuna yuxarı hissəsindən daxil olurlar və onun inkişafı 28-30 günə başa çatır. Lələk boşluğunda dəstə halında yaşayır və onların miqdarı çox olur.

Ədəbiyyat məlumatlarına əsasən, xəstəlik Şimali Amerikada, Avropada, Asiyada geniş yayılmışdır. Eləcə də xəstəlik keçmiş SSRİ-nin: Ukrayna, Belorus, Orta Asiya, Qazaxıstan, həmçinin Azərbaycan və s. respublikalarında müəyyən edilmişdir.

Xəstəliyin inkubasiya dövrü 3 aydır, ilk klinik əlamətləri 5-7 aylığında, lələklərin sınması və tökülməsi ilə büruzə verir. Xəstə quşlarda əvvəlcə quyruqda, sonra beldə və nəhayət, qanadlarda lələklər düşür.

Xəstəliyin öyrənilməsi ilə keçmiş SSRİ-də Skryabin, Yakimov, Pavlovski, Dogel məşğul olmuşlar. Azərbaycanda isə bu xəstəliyin ətraflı öyrənilməsində F.M.Əmirxanovun xidmətləri olmuşdur.

Xəstəlik quşçuluq təsərrüfatlarının əksəriyyətində və fərdi quşçuluq təsərrüfatlarında saxlanılan bütün toyuq cinsləri arasında müşahidə olunur. Sirinqofilyozun törədicisi havalar mülayim olduqda daha yaxşı inkişaf edir. İqlimi isti olan regionlarda yayda və yazda bu xəstəlik geniş yayılaraq daha tez-tez baş verir və ağır keçir. Ədəbiyyat məlumatlarına görə, qısa müddət ərzində bu gənə insan və heyvan üzərində də parazitlik edə bilər. Xəstəlik insanlar üçün qorxu törətmir.

Quşlarda yoluxma əksər hallarda toxunma yolu ilə baş verir. Belə ki, xəstə toyuqlar olan binaya, sağlam toyuqlar gətirildikdə və onlar təmasda olanda  xəstəlik daha tez yayılır. Yaz və yay fəsillərində xəstəlik düşən təsərrüfatlarda 5 aylığında quşların 70-80%-dən çoxu bu xəstəliyə yoluxa bilir. Parazit gənələr lələk boşluğuna daxil olub, orada yaşayır, qidalanır və çoxalır.

Prosenkonun (1968) məlumatına görə, lələk boşluğuna yalnız yaşlı və mayalanmış dişi fərdlər daxil olur, 2-4 gündən sonra yumurta qoymağa başlayır, 12-13 gündən sonra sürfələr çıxır və 15-17 gündən sonra yaşlı fərdlərə çevrilir. Cavan erkək və dişi fərdlər 14 gündən sonra mayalanmağa başlayır, yeni boş lələklərə keçirlər. Bu zaman lələklərin daxili səthi və lələyin kökü, eyni zamanda dəri qatı zədələnir.

Bu proses zamanı parazitlər sahibinə həm mexaniki, həm də toksiki təsir göstərir. Nəticədə parazitlə yoluxmuş lələklər məhv olur, artıq dərəcədə qaşınma baş verir və dəridə fizioloji proseslərin gedişi pozulur.

Bu proseslərin nəticəsi quşların növ və cinsindən asılı olmayaraq 5-6 aylıq cavanlarda özünü büruzə verir. İlk yoluxmuş cavan və yaşlı toyuqlarda parazit yalnız 3 ay müddətində çoxalaraq, sahibinə güclü təsir göstərə bilir.

Toyuqlarda xəstəliyin ilk əlamətləri lələklərin sınmasıdır. Eyni zamanda toyuqlarda narahatlıq, qaşınma və özünü dimdikləmə, arıqlama hallarının, ət, yumurta, tük məhsullarının azalması müşahidə edilir.

 Anac toyuqların lələklərinin hamısı parazitlə eyni dərəcədə yoluxmur. Sirinqofillər ən az qanadcıq lələklərində (4,0-25,0%), qoltuqaltı qanad lələklərində (19-54%), quyruq lələklərində (11-30%), ən çox isə qoltuqaltı (29-42%), ikinci sıra qanad lələklərində (68-90%) yaşayır (F.M.Əmirxanov, 1982).

Parazitə yoluxmuş lələklərin rəngi tutqun olur. Kənarları diş-diş ayrılır və sağlam lələklərdən qısa görünür. Xəstəlik uzun müddət davam etdikdə bədənin ayrı-ayrı hissələrində lələklərin kötükləri qalır.

Bu hal ən çox toyuğun quyruq nahiyəsində olur, sonra isə yarımçılpaq qalır. Bədənin lələk tökülən sahələrində dəri göy-qırmızı rəngə çalır, pipiklərin, saqqalın, selikli qişanın rəngi solğun olur. Quşların köklük dərəcəsi aşağı düşür və arıqlayır.

Quşların lələyinin kökündə yaşayan gənələr qanla yaxşı təchiz olunurlar. Diaqnoz-əsasən xarakterik kliniki əlamətlərə, epizootoloji məlumatlara və lələklərdə gənənin müayinə edilməsinin nəticəsinə görə qoyulur. İlk əvvəl tökülmüş lələklər yoxlanılır.

Parazitlə yoluxmuş lələklərin kökü tutqun rəngdə olur, onların boşluğunda açıq-qəhvəyi rəngli maddə görünür. Toplanmış lələklərdə paraziti müəyyən etmək üçün onların daxilində olan möhtəviyyat saat şüşəsinin üzərinə tökülür və onun üstünə 1-2 damla neft və ya su əlavə edilərək qarışdırılır. Alınmış məhlul mikroskop altında müayinə edilir.

Müalicə və profilaktika tədbirləri lazımi qədər tam öyrənilməyib.

Sirinqofilyozun törədicisi olan gənələr akarisid preparatlara davamlıdır.

Quşların müalicəsi məqsədilə 0,2-0,3%-li xlorofos məhlulunda quşların çimizdirilməsinin yaxşı nəticə verdiyi bildirilir.

Requvon preparatının 0,15%-li məhlulunun quşların üzərinə püskür-dülməsi də yaxşı səmərə verir.

Frontlayn sprey, otodektin 0,1%, yaxud digər ivermentin əsasında mövcud preparatlar 0,1-0,12% istifadə olunur. Belə ki, bu preparat boşqaba, qapağa və s. tökülür, toyuqdan kənarda tampona hopdurulub, şüşə çubuqla toyuğun qanadının dərisinə sürtülür. Əgər toyuq oranı dimdikləsə zəhərlənmə halları baş verə bilər.

Dəriyə sürtülmüş preparat dəri altı piy toxumasına sorulur, bədənin bütün sahəsinə paylanır və 2-3 həftə ərzində orada
 qala bilir.

Göstərilən müddətdə preparat yaşlı gənələri və yumurtadan çıxanları məhv edir. Təkrar işləmə 3-4 həftədən sonra aparılır.

Xəstəlik zamanı neostomazan preparatından istifadə etmək qadağan edilmişdir. Çünki orqanizmə toksiki təsir göstərir.

Gənələr kimyəvi maddələrin təsirinə həssasdırlar. Belə ki, 1%-li xlorofos məhlulu 2 dəqiqəyə, polixlorpinenin 3%-li məhlulu 3 dəqiqəyə, kreolinin 5%-li məhlulu 4 dəqiqəyə gənələri öldürürlər.

Gənələr həmçinin yüksək temperaturda 50oC-də 1 dəqiqəyə, 60oC-də 10 saniyəyə məhv olurlar.

 

Lələk gənəsi əlverişli olmayan xarici mühit faktorlarına az davamlıdır. Quşların bədənindən kənarda gənələr otaq temperaturunda 7 günə qədər, lələklərdə isə 14 günə qədər yaşayırlar.

Müalicə məqsədi ilə diazinon, amidofos, siodrin, bayteks, tivin, ikosan, stomazon və digər preparatlardan da istifadə olunur.

Ümumiyyətlə, parazitar xəstəlik olan sirinqofilyoz geniş yayıldıqda düşmüş lələkləri yığıb yandırmaq, hər 10-15 gündən bir qəfəsləri, ərazini, binaların daxilini, qulluq əşyalarını müvafiq qaydada dezakarizasiya etmək lazımdır. Həmçinin 2 həftədə bir dəfə quş damlarındakı altlığı yığışdırıb yandırmaq lazımdır.

Parazitar xəstəlik olan sirinqofilyoz ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarına böyük iqtisadi ziyan vurmaqla ətin, yumurtanın və quş tükünün itkisinə səbəb olur.

Tək-tək hallarda gənə ilə yoluxan xəstə quşlar kəsimə verilir ki, digər sağlam quşları yoluxdura bilməsinlər.

Quşlarda xəstəliyin geniş yayılmasının qarşısını almaq məqsədilə xəstə quşlar cavan sağlam quşlarla əvəz edilməlidir.

Yem, su qabları və digər aksesuarları hər gün isti su ilə yumaq məsləhət görülür.

Xəstəliyin ləğvi üçün onu vaxtında aşkar etmək və lazımi müalicə-profilaktika tədbirlərinin aparılması vacibdir.

 

16.07.2015
2225

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər