QUŞLARIN ÇİÇƏK XƏSTƏLİYİ

A+
A
A-

 

 

Quşların çiçəyi ariola avium-kontakioz xəstəlik olmaqla dəridə spesifik çiçək yaralarının, ağız boşluğunun, yuxarı tənəffüs yollarının selikli təbəqəsində tefteriod yaralarının və konyuktivin əmələ gəlməsi ilə xarakterlənir.

Çiçək xəstəliyi dünyanın bir sıra ölkələrində yayılmışdır. Onun verdiyi iqtisadi zərər xəstə quşların tələf olması və məcburi kəsilməsindən, yumurta məhsuldarlığının 5 dəfədən də artıq azalmasından və sağaldıqdan sonra ləng bərpa olunmasından, inkubasiya olunan yumurtalarda cücə çıxmasının 80%-ə qədər azalmasından, cavanların böyümə və inkişafdan qalmasından, xəstəliyi keçirmiş quşların digər yoluxucu xəstəliklərə daha həssas olmasından, sağlamlaşdırıcı tədbirlərin aparılması ilə əlaqədar olaraq çəkilən xərclər və digər amillərdən ibarətdir.

Quşların çiçəyi ilk dəfə 1775-ci ildə Quzard toyuqların konyuktivi adı ilə təsvir etmişdir, difterit isə ayrıca xəstəlik kimi lap qədimdən məlum idi. Xəstəliyin əsl törədicisi müəyyən edilənə qədər bir sıra tədqiqatçılar quşların çiçək və difteritinin bir xəstəliyin iki forması olması söyləmişlər.

O.P.Polovinkin (1900) quşların çiçəyinin törədicisinin süzülən virus olmasını müəyyən etmişdir. O, təc-rübədə isbat etmişdir ki, quşların təmiz çiçək materialı ilə toyuqlarda selik təbəqəsində difteritlik yaraları, diftiritik materialla isə çiçək düyünlərini gətirmək müm-kündür.

F.B.Şirinov Azərbay-canda quşların çiçək xəstəliyinin öyrənilməsi sahəsində uzun müddət tədqiqatlar aparmışdır. O, xəstəliyin epizootologiyasını, xəstəliyi keçirmiş toyuq və hind quşların ömürlərinin sonuna qədər çiçək virusunun bədənlərində gəzdirirək  yaymaları, yumurta vasitəsilə nəslə ötürmələrini, ayırdığı çiçək virusu ştammlarının bioloji və antigenlik xüsusiyyətlərini öyrənərək xəstəliyin seroloji diaqnostikası üçün aqarda diffuz presipitasiya və hemaqqlutinasiyanı ləngitmə reaksiyalarını işləyərək tətbiq üçün təklif etmişdir.

Alim çiçəyin profilaktikası üçün toyuq və hind quşlara çiçəyin viruslarını bioloji yolla məqsədyönlü dəyişdirərək ilk altenusiya olunmuş 27-AŞ və Bakı ştammlarını almış və onlardan yüksək səmərəli quru embrion virus vaksinlər hazırlanmasını işləmişdir.

Törədicisi: Onko virus qrupuna daxil olan virusdur. Onun əsas 4 növü vardır: virus borneliota qallinarium toyuqların çiçək virusu, virus borreliota meleaqridis hinduşkaların çiçək virusu, virus borreliota columborum göyərçinlərin çiçək virusu, virus boreliota frinqillari sarı bülbüllərin çiçək virusu.

Virusun  böyüklüyü 180-350 mmk-dur. Toxumalardan azad olmuş virus fiziki və kimyəvi təsirlərə davamsızdır, toxuma hü-ceyrəsində olan virus isə davamlı olur. Donmuş və qurumuş virus uzun müddət diri qalır. Bu xüsusiyyət onun xarici mühitdə uzun müddət yaşamasına səbəb olur. Virus yüksək hərarətə, etil spirtinə, efirə, xloroforma və turş mühitə həssasdır. Natrium qələvisinin 1%-li məhlulu virusu 5 dəqiqəyə, günəş şüaları 7 günə öldürür. Virus 100 0C-də 5 dəqiqəyə, 80 0C-də 30 dəqiqəyə, 60 0C-də 3 saata tələf olur. O, xarici mühitdə çirklənmiş obyektlərdə 158 gün, lələk və tükdə 195 gün, yumurtanın qabığında 60 gün, suda 76 gün öz virulentliyini saxlayır. Çiçək qərtməyində mənfi 15 0C-də virus 2 ildən artıq yaşayır.

Quşların çiçək virusları 10-12 günlük toyuq embrionlarının xorionallontois pərdəsində yaxşı yetişirlər. Pərdədə əmələ gətirdikləri dəyişikliklərin xarakterinə və rüşeymin daxili orqanlarına yayılma dərəcəsinə görə bu viruslar bir-birindən fərqlənirlər. Toyuq, hinduşka və sarı bülbüllərin çiçək viruslarının  ştammları bütünlükdə xorionallantois pərdəsində yetişməklə rüşeymin daxili orqan və toxumalarına da yayılırlar, göyərçinlərin  çiçək virusu isə əsas etibarı ilə pərdənin virus vurulan sahəsində yetişir.

Təbii şəraitdə hər növ çiçək virusuna ancaq həmin növdən olan quşlar həssasdırlar. Quşların çiçək virusları patogenlik spektrinə görə aşağıdakı qaydada yerləşirlər: göyərçinlərin, hinduşkaların, toyuq və sarı bül-büllərin çiçək virusları.

Epizootologiyası: İnfeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır. Xəstə quşlar virusu çiçək yaralarının qərtməyi, ağız və burun seliyi, göz axıntısı, nəcislə, yumurtanın qabığı ilə ifraz edir, binanı, yemi, suyu, həyəti, avadanlığı və havanı çirkləndirirlər.

Xəstəliyi keçirmiş toyuq və hinduşkaların orqanizmasında virusun 16 aya qədər qalması, onun nəcis və yumurtanın qabığı ilə xarici mühitə yayılır.

Çiçək virusu gəmiricilər, qan soran həşəratlar və çöl quşları da yaya bilirlər. Virusun arqas gənələrinin orqanizmasında 730 gün, toyuq gənəsində 300 gün, taxtabitlərdə 245 gün, qan soran vaxtı isə virusu sağlam toyuqlara keçirərək onları xəstələndirirlər. Azərbaycanda çiçək aran və dağətəyi rayonlarda yayılaraq toyuq, hind quşu və göyərçinlər arasında müşahidə olunur. Göstərilən zonalarda fərdi və fermer quşçuluq təsər-rüfatlarında quşçuluğun inkişaf etməsi ilə yanaşı, orqanizmlərində virusun 6 aydan 2 ilə qədər yaşaya bildiyi ektoparazitlərində inkişaf etməsi üçün əlverişli şərait vardır. Quşların çiçək xəstəliyi ən çox payız və qış mövsümlərində müşahidə edilir.

Xəstəliyin payız və qış aylarında geniş yayılmasını hava şəraiti ilə yanaşı, quşların orqanizminin müqavimət qüvvəsini zəiflədən amillərin təsiri, baytarlıq-sanitariya qaydalarına əməl edilməməsi, xarici mühitdə virusun uzun müddət yaşaması üçün əlverişli şəraitin olmasıdır.  

Patogenezi: Epiteliotrop çiçək virusu epidermisə, yaxud selikli təbəqənin epiteli qatına düşərək səpkilər və yaralar əmələ gətirir. Bu səpkilərin miqdarı quş orqanizminin rezistentliyi və reaktivliyindən, həmçinin virus ştammının virulentliyindən asılıdır. Virus bir sutkadan sonra çiçək səpgilərindən qana və daxili orqanlara keçir. Toyuqların çiçək virusunun virulentli ştammları həssas quşun qanına və qan doğuran orqanlarına düşərək periferik qan və retikuloendoteli sistemi hüceyrələrini, sümük iliyini ciddi zədələyir, bu da onların funksiyasını pozur. Qan hüceyrələri və qan damarlarının endotelionində çoxalan virus dərinin və selik təbəqəsinin zədələnməmiş sahələrinə keçirilir və yeni çiçək ocaqları əmələ gəlir. Quşu dəridən yoluxdurandan 24-48 saat sonra virus dalaqda, ağciyərdə, qaraciyərdə, öd kisəsində, ürəkdə, böyrəklərdə, sümük iliklərində, baş beyində tapılmaqla parenximatoz hüceyrələrdə distrofiya və damarların endoteli hüceyrələrində dəyişiklik törədir.

Toyuqlarda dəridə inkişaf edən çiçək prosesi ilə yanaşı, dərialtı toxumada limfoid və psevdoeozinofil hüceyrələrinin güclü infiltrasiyası baş verir. Difteroid prosesi çox vaxt ağız boşluğunun selikli təbəqəsindən başlayır, oradan burnun, qırtlağın selikli təbəqəsinə və bədənin başqa sahələrinə yayılır. O, dəridə zədə olmadan sərbəst başlaya bilir, lakin əksər hallarda çiçək yaraları kimi baş verir. Qırtlağın selikli təbəqəsinin ikinci çiçək yaraları çox təhlükəlidir. Belə ki, difteriod pərdənin əmələ gəlməsi nəticəsində quşun nəfəs alması və yemi udması çətinləşir, orqanizmin zəifləməsinə, arıqlamasına, qırtlağın tıxanmasına və quşun boğularaq ölməsinə səbəb olur.

Çiçəyin difteroid və qarışıq formalarındakı patoloji dəyişikliklər virusun və ikinci mikrofloranın birgə təsirinin nəticəsidir. Axırıncının təsiri çox vaxt çiçək prosesi qurtaranda və zədələnmiş toxumada virus tapılmayanda da qalır. Belə hal diqanozun qoyulmanasında səhvə səbəb olur. Əgər çiçək prosesi ikinci mikroflora ilə güclü mürəkkəbləşməmişsə difteroid pərdə qopur və selik təbəqəsi sağalır, lakin mürəkkəbləşmə güclü olanda pərdənin altında dərin, gec sağalan yara  əmələ gəlir. Çiçək prosesi adətən toyuqlarda 17-45 gün çəkir.

Kliniki nişanələri: İnkubasiya dövrü virusun virulentliyindən, orqanizmə daxil olan yolundan, quşun yaşından və fizioloji vəziyyətindən asılı olmaqla 4-15 gündür. Xəstəlik adətən yarım iti, bəzən xroniki, nadir halda isə iti formada keçir. Çiçəyin dəri, difteroid və qarışıq formaları vardır. Bəzən çiçək əsas etibarı ilə daxili orqanları zədələyən  gizli formada keçir.

Çiçəyin dəri və qarışıq formalarında adətən yoluxmadan 4-5 gün sonra toyuqlarda dəridə, dimdiyin əsasında, göz qapağında, pipikdə və saqqalda əvvəlcə açıq sarı, sonra qırmızımtıl ləkələr əmələ gəlir. Ləkələr tədricən bir-birilə birləşərək diametri 0,5 sm-ə çatan ziyilvari epiteliomalara çevrilirlər. Bir neçə gündən sonra onların səthi girintili-çıxıntılı olmaqla rəngləri tünd qəhvəyi olur.

Çiçək yaraları 7-14 günə formalaşır. Onların əsasında iltihab prosesi inkişaf edir və  qan sağıntıları əmələ gəlir. Çiçək düyünləri qərtməklə örtülür və mürəkkəbləşməyəndə 7-10 günə düşərək yerində iz qalmır. Qərtməyi qoparanda onun altında qranulyasiya edən səthin üzərində serozlu-irinli ekssudantın toplanması müşahidə olunur. Toyuqlarda ilk çiçək səpgilərdən sonra yoluxmanın 17-19-cu günlərində dərinin sahələrində, çox vaxt tüksüz nahiyələrdən başqa ayaqlarda, qanadlarda və kloaka ətrafında ikinci çiçək səpgiləri əmələ gəlir.  Çiçəklə xəstə toyuqlarda keratit, ikinci mikroflora ilə mürəkkəbləşdikdə isə panoftalmit inkişaf edir.

Difteroid və qarışıq formalarda ağız boşluğunun, dilin, burunun, qırtlaq, traxeya, bronxların sinusların və bağırsaqların selikli təbəqəsində ağımtıl şəffaf olmayan, səthən bir qədər dikəlmiş şəklində səpgilər əmələ gəlir. Onlar tez yayılmaqla böyüyür və çox vaxt bir-birilə birləşərək sarımtıl rəng almaqla selik altı təbəqə ilə birləşmiş şorvari konsestensiyalı nekrotiki toxuma  pərdəsi ilə  örtülürlər. Difteroid pərdəni qoparanda onun altında qanlı eroziya görünür. Tənəffüsü çətinləşir, quşun ağzı açıq olur və nəfəs alanda xırıltılı fitə bənzər səs çıxarır.

Atipik forma  çox vaxt zəif passiv, yaxud aktiv immuniteti olan cavanlarda, yemləmə və saxlama şəraitində olan çatışmamazlıqların, digər xəstəliklərin olması nəticəsində  immuniteti olan quşların orqanizminin mü-qavimət qüvvəsi zəifləyəndə baş verir.

Çiçək 30-60  günlük cücələr arasında çox vaxt sərbəst, 60-120 günlük cavanlarda əksər hallarda kolibakterioz, salmonelyoz, respirator mikoplazmoz, infeksion mikoplazmoz və digər xəstəliklərlə qarışıq gedir.

Tələfatın miqdarı quşların yaşından, yemləməsindən, saxlama şəraitindən, virusun virulentliyindən və xəstəliyin formasından çox asılıdır. Ayrı-ayrı hallarda quşların 10%-dən 70%-ə qədər, xəstəlik difteroid və qarışıq formalarda, xüsusilə ikinci mikroflora ilə mürəkkəbləşəndə cavanlar arasında böyük tələfat verir.

Patoloji-anatomiki dəyişikliklər: Xəstəliyin forması və gedişi əlaqədar olmaqla onun kliniki nişanələrinə müvafiq olur. Dəri və qarışıq formalarda çiçək dəyişiklikləri əksər hallarda dəridə və ağız boşluğunun, qırtlaq, traxeya, bronxların selikli təbəqələrində, udlaqda, qida borusu və bağırsaqların selikli təbəqələrində lokalizasiya olur.

Difteroid formasında dəyişikliklər qırtlaq, traxeya, bronxların və sinusların selikli təbəqəsində daha çox təsadüf edilir.

Hava kisələri yoluxduqda onların divarları bulanır, burun dəliklərindən selikli-irinli ekssudat axır. Gözaltı sinuslar yoluxanda isə onlar traxeyada olduğu kimi sarımtıl-boz ovuntu şəkilli şorvari  kütlə ilə dolurlar. Proses konyuktivə  və  gözə də keçir. Bəzi quşlarda dəridə dəyişikliklərin zəif olmasına baxmayaraq o, daxili orqanlarda qüvvətli gedir və qaraciyərdə xırda sarımtıl nöqtələrin, epikardda və seroz örtüklərində nöqtəvari qan sağıntılarının əmələ gəlməsi, ağciyərlərin şişkinləşməsi ilə xarakterlənir. Xəstəlik xroniki gedəndə ağciyər və ürək böyüyür, dalaq azca böyüməklə şişkinləşir.

Diaqnozu: Epizootoloji məlumata, kliniki nişanələrə, patoloji-anatomiki dəyişikliklərə və laboratoriya müayinələrinin nəticəsinə əsasən qoyulur.

Xəstəliyin dəri formasında müvafiq epizootoloji məlumata görə, dəridə xarakterik çiçək səpgilərinə diaqnozu təyin etmək çətin deyildir. Əgər proses ancaq ağız, burun boşluqlarında və ya konyuktivada, yaxud daxili orqanlarda gedərsə, mümkün qədər çoxlu quşu müayinə edərək bir neçə baş çiçəyə xas olan nişanələrlə xəstə quş tapıb onların yaralarından yaxma hazırlayıb çiçək vizionunun aşkar etmək üçün mikroskopiya etmək lazımdır. Şübhəli hallarda bioloji sınaqdan istifadə olunmalı, onların təzə hələ ikinci mikroflora ilə mürəkkəbləşməmiş çiçək səpgilərindən yaxmalar hazırlayaraq gümüşləmə üsulu ilə boyayıb mikroskopiya olunmalıdır. Bioloji sınaq məqsədilə 40-60 günlük çiçəklə xəstələnmiş və peyvənd olunmamış cücələr yoluxdurulur. Bunun üçün şübhəli səpgi, yaxud yaranın qərtməyi və zədələmiş toxumasından götürüb steril həvəng dəstədə əzib fizioloji məhlulda 1:10 nisbətində suspenziya hazırlanır. Suspenziya steril diş şotkasının köməyi ilə cücələrin təzə cızılmış pipiyinə və budun yolunmuş folikullarına sürtülür. Əgər tədqiq olunan materialda çiçək virusu varsa onlar yoluxdurmadan 5-7 gün sonra pipikdə xarakterik çiçək səpgiləri, budda çiçək folikulları əmələ gəlir.

Təzə çiçək səpgilərindən hazırlanmış yaxmaları gümüşləmə üsulu ilə boyayaraq mikroskopiya etdikdə vizionları görmək mümkündür. Yaxmada səpələnmiş şəkildə çoxlu vizionların görünməsi çiçək virusunun olmasını təsdiq edir. Əgər vizionlar görün-mürsə, bu çiçək virusunun olmamasını təsdiq edir.

Diaqnozu təsdiq etmək üçün diffuz presipitasiya reaksiyasından (DPA) istifadə olunur. Bu reaksiyanı qoyarkən nəzərə almaq lazımdır ki, quşlar çiçəklə xəstələnəndə presipitinləşdirici əks-cisimlərin onların qanında xəstəliyin 11-36-cı günlərində tapılır. Ona görə də DPR-i qoyarkən xoruzlarda əvvəlcədən hazırlanmış fəal hiperimmun serumundan və antigen məqsədilə müayinə olunan materialın suspenziyasından istifadə etmək daha səmərəlidir.  

Təfriqi diaqnozu: Çiçək diaqnozunu müəyyən edərkən onu A vitaminozdan, hemofilyozdan, vəbadan, aspergilyozdan, kandidamikozdan, respirator mikoplazmozdan, infeksion bronxitdən, infeksion laninqotraxeitdən və çiçəyin atipik formasına bənzər yoluxucu xəstəliklərdən təfriq etmək lazımdır. Bu məqsədlə epizootoloji  məlumatlar, xəstəliyin kliniki nişanələri, patoloji-anatomiki dəyişiklikləri laboratoriya müayinələri zamanı nəzərə alınmalıdır.

İmmunitet: Quşların qan serumunda virus neytrallaşdırıcı və presitinləşdirici əks-cisimlərin tapılması və toxuma qeyri-həssaslığının əmələ gəlməsi ilə xarakterlənir. Virus quşun orqanizminə daxil olduqdan sonra dərhal orqanizmdə immunoloji dəyişikliklər başlayır və 3-4 həftədən sonra immunitet tamamilə formalaşır.  Xəstəliyi keçirmiş yaşlı quşlarda 2-3 ilə qədər immunitet olur. Toyuq çiçəyi ilə yoluxmuş cavanlarda immunitet 16 aydan çox davam edir. Göyərçin, attenuasiya olunmuş virusla peyvənd olunmuş cücə və toyuqlarda immunitet müddətində virus daxili orqanlarda qalır.          

Peyvənd olunmuş quşlarda immunitetin müddəti işlədilən ştammının immunogenliyindən, quşun yaşından, onun reaktivliyindən və peyvəndin üsulundan asılıdır.

Quşların çiçəyinin spesifik profilaktikası üçün göyərçin virusunun “Hyu-Cersi” ştammından istifadə olunur. Onun səmərəli spesifik müalicəsi yoxdur. Xəstəliyi keçirmiş quşlar uzun müddət virusu bədənlərində gəzdirib yaydıqlarına görə xəstə quşların müalicə olunması məsləhət deyil.    

Profilaktika və mübarizə tədbirləri: Xəstəliyin profilaktikası və onunla səmərəli mübarizə aparmaq üçün baytarlıq-sanitariya və xüsusi tədbirlər kompleksinin həyata keçirilməsi vacibdir. Çiçək xəstəliyinin baş verməsinə şübhə olduqda bütün quşlar diqqətlə kliniki müayinədən keçirilir. Patoloji-anatomiki, virusoskopiki və lazım gələrsə bioloji müayinələr aparılır, diaqnoz dəqiqləşdirilir.

Xəstəlik baş vermiş təsərrüfatlar qeyri-sağlam elan olunur və karantin qoyulur. Quş və quş məhsullarının, yemin, əşyaların və s. çıxarılması, təsərrüfata quşun gətirilməsi qadağan edilir. Xəstə və zəif quşlar seçilərək kəsilir, kliniki sağlam quşlar peyvənd olunur. Qeyri-sağlam təsərrüfatlarda müntəzəm olaraq mexaniki təmizlik, dezinfeksiya və dezinseksiya aparılır.

Dezinfeksiya vasitəsi kimi natrium qələvisinin 3 %-li, formaldehidin 2%-li, söndürülmüş əhəngin 20%-li, xlorlu əhəngin 2%-li fəal xloru olan durulmuş məhlullarından istifadə oluna bilər. Quş binaları təmiz və quru olmaqla quşların yerinin sıx olmasına yol verilməməlidir. Altlıq biotermiki üsulla zərərsizləşdirilməlidir. Karantin təsərrüfatdan  xəstəlik ləğv edildikdən 2 ay sonra götürülür. Çiçəyə görə qeyri-sağlam olan təsərrüfatlarda epizootiki vəziyyətdən asılı olaraq profilaktiki məqsədlə quşların hamısı peyvənd olunmalıdır.

 

19.08.2015
3734

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər