KNEMİDOKOPTOZ XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ

A+
A
A-

 

 

Knemidokoptoz quşların xroniki, parazitar xəstəliyi olub, knemidokoptes cinsinə mənsub olan gənələr tərəfindən törədilir. Müxtəlif növ gənə və həşəratlar öz sahibləri olan ev və vəhşi quşlarda parazitlik edərək onların qanını sormaqla xəstəlik əmələ gətirir və müəyyən dərəcədə təsərrüfatlara iqtisadi zərər vurur. Belə ki, lələkyeyənlər öz sahiblərinin iri və xırda lələklərini az miqdarda dəri epidermisi və dəri üzərində müxtəlif səbəblərdən əmələ gələn qan və limfa damcıları ilə qidalanırlar. Lələkyeyənlər sahiblərindən kənar yaşaya bilmirlər.

Ev quşlarının qorxulu parazitlərindən olan taxtabiti, qırmızı toyuq gənəsinin və s. sahiblərlə əlaqəsi zəifdir. Onlar müxtəlif əşyalarda: divar çatlarında, taxtaların qabıqlarının altında, quş və siçan yuvalarında çoxalıb yaşayırlar. Toyuqlara isə əsasən gecələr qan sormaq üçün hücum edirlər.

Ev quşlarında xəstəlik törətmə, yalnız sahiblə sıx əlaqəsi olan parazitlərə mənsubdur. Belə gənələrdən knemidokoptid gənəsini göstərmək olar. Bu qrup parazit gənə daimi olaraq sahiblərinin bədənində və ya dərisindən qanını soraraq spesifik xəstəlik olan ayaq və bədən knemidokoptozunu əmələ gətirir.

Xəstəlik orqanizmdə dərinin qaşınması, dermatit, caynaqların nekrozu və s. əlamətlərlə səciyyələnir.

Xəstəliyin törədicisi knemidokoptes mutans gənəsidir. Bu gənə akariformes dəstəsinə və epidermotida fəsiləsinə aiddir. Dünyanın əksər ölkələrində, həmçinin Avropa, Asiya, Afrika, Amerika, Avstraliya, keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda bu xəstəlik toyuq saxlanılan təsərrüfatlarda qeydə alınıb və quşçuluğa ciddi iqtisadi ziyan vurub.

Təbiətdə bu gənə müxtəlif növ ev və vəhşi quşlarda parazitlik edir. Gənələrin bütün inkişaf fazaları quşların bədənindən keçir. Knemidokoptoza toyuqlar, göyərçinlər, bildirçinlər, hinduşkalar, qırqovullar, tovuz quşları, qazlar, vəhşi və oxuyan quşlar: tutuquşu, xarıbülbüllər yoluxurlar. Xəstəliyin yayılmasına əsas səbəb yoluxmuş quşlardır. Bundan əlavə xəstəliyin törədicisi əsasən qulluq əşyaları, xidməti işçilər və s. tərəfindən də yayıla bilər. Xəstəliyin yayılması quşların antisanitar şəraitdə qaranlıq və nəm binalarda sıx saxlanması və tam qiymətli olmayan yemlərlə yemləmə nəticəsində baş verir.

Binalarda saxlanılan quşlar tez yoluxur, nəinki açıq şəraitdə, həyətdə saxlanılanlar. Sağlam quşlar xəstələrlə kontaktda olduqları zaman daha tez yoluxurlar. Yetişmiş gənələr xarici mühit təsirlərinə 10 günə kimi, kəsilmiş ayaqda isə 15 günə qədər yaşayırlar.

Xəstəlik epizootiya, yaxud sporadik şəklində gedir. İnkubasiya dövrü 3 aydan 5 aya qədərdir. Gənələr dünyanın əksər yerlərində, MDB ölkələrində eləcə də Azərbaycanda yayılmışdır. Törədici gənələr ayaqların tüksüz yerlərində, pul-cuqların altında və s. inkişaf edirlər. Gənələrə gəzinti yerlərində, həmçinin binanın daxilində, qulluq əşyalarında, ayaqqabı, paltarlarda və s. rast gəlinir.

Xəstəliyə yay və yaz aylarında daha çox, soyuq aylarda isə tək-tək hallarda rast gəlinir. Xəstəlik həm cavanlarda, həm də yaşlı quşlarda qeydə alınır. Binada saxlanılan quşların yerinin darısqal olması xəstəliyin geniş yayılmasına səbəb olur.

Quşlar yoluxduqda, dəridə, kürəkdə, boyunda, qarında tüksüzləşmə baş verir. Xəstəliyin ağır gedişində quşlarda iştaha azalır, arıqlayır, yumurta verməsi azalır və bəzən də ölə bilirlər.

Knemidokoptes qallinae və knemidokoptes laeviş birinci quşların, ikinci isə göyərçinlərin bədəninin hissələrində, qarında, beldə, boyunda və başda qoturluq törədirlər.

Knemidokoptes gənələri insanlar üçün qorxulu deyildir. Hətta, o dəriyə düş-dükdə belə bir neçə gün yaşayır, insan orqanizmində qidalanmağa qadir deyildir. Bu ev quşlarının xroniki dəri xəstəliyidir. Törədicisi knemidokoptes laevis gənəsidir, quşların bədənlərinin lələklə örtülən sahələrində parazitlik edir. Xarici gənə yoluxması əsasən dimdikdə və göz ətrafında müşahidə olunur. Yaşlı gənələr dəri təbəqələrini deşərək, xırda düymə başı boyda düyünlər əmələ gətirir və orada çoxlu sayda cavan parazitlər olur. Quşların dərisində gənələr tez çoxalırlar və qoturluq əmələ gətirirlər.

Bədən knemidokoptozuna bütün toyuq cinsləri yaşından asılı olmayaraq tutula bilir. Quşların bel nahiyəsində lələklərin tökül-məsi xəstəliyin ilk əlamətlərindəndir. Gənələrin patogen təsiri təkcə dəri elementlərini mexaniki parçalamaqla bitmir, həmçinin onların quş orqanizminə toksiki təsirləri də vardır.

Xəstəlik müddəti uzandıqda oynaqlarda mürəkkəbləşmə, yaxud barmaqların bükümlərində nekrozlar inkişaf edə bilir. Quşların bədənində qoturluğun əlamətləri dərinin tüklü yerlərinin tükünün tökülməsi, belə yerlərin qızarması, həmin yerlərə yaxın sahələrdə ləkələrin düşməsi müşahidə olunur. Ən xarakterik əlamətləri dəridə epidermal qaşıntıların yayılmasıdır. Quşlar tez-tez bədənin zədələnmiş hissələrini dimdikləyirlər, hətta, lələyi qoparır və nəticədə oradan qan axır. Gənələrin inkişaf etdiyi yoluxma yerində hiperemiya, qaşınma, açıq-bozumtul düyünlər olur. Xəstə quşlar əksərən bir ayaqlarının üstündə durur, çalışırlar ki, dimdiyi ilə yoluxmuş hissəni (qaşınan yeri) dimdikləsin. İltihabı proses gedən yerdə eksudat toplanır və ona torpaq qarışdıqda boz palçıq rəngində olur ki, buna da “əhəngli ayaq” deyirlər. Xəstə toyuqlar bu vaxt çətinliklə hərəkət edir, axsayır və uzun müddət ayağa dura bilmir, arıqlayır, yumurta məhsuldarlığı azalır, çox vaxt isə ölür.

Diaqnoz klinik əlamətlərə, epizootoloji məlumatlara, dəridən götürülmüş qaşıntıların, yaxud yoluxmuş dəridən hazırlanmış kəsik preparatların laborator-mikroskopik müayinələrin nəticələrinə əsasən qoyulur. Petri fincanına və ya əşya şüşəsinin üzərinə qaşıntı qoyulur, sonra neft əlavə edilir, şüşə çubuqla yaxşı qarışdırılır, üzərinə örtücü şüşə qoyulur və mikroskopun kiçik böyüdücüsündə baxılır.

Akarisid preparatların məhlullarında gənələr 70-800C temperaturda 5-10 saniyəyə məhv olurlar. Ayaq knemidokoptozunun müalicəsində toz ağacı qatranı geniş istifadə edilir, yaxud onun neft ilə qarışığı, pikoxloran emulsiyası tərkibində 0,4-0,5% qamma- izomeri olan heksoxloran, K-sabununun 6%-li emulsiyası, yod məhlulu və s. istifadə olunur.

Belə ki, qaşınan yerlər K-sabunun emulsiyası ilə isladılır, yumuşaldıqdan sonra fırça ilə akarisid maddələrin emulsiyaları və məlhəmləri oraya sürtülür. Həmçinin krezol məlhəmindən (1% krezol, 10 hissə parafin məlhəmi ilə qarışdırılır) istifadə olunur.

Qətran istifadə edilməzdən qabaq 40 0C-yə qədər qızdırılır və xüsusi vannaya 12-15 sm3 həcmində tökülür, sonra quşların ayağı ora salınır və 1-2 dəqiqə müddətində saxlanılır. Yoluxmanın nəticəsinə görə əməliyyat 10 gündən bir fasilə ilə 2-3 dəfə təkrar olunur. 100 xəstə toyuğun müalicəsi üçün 400 q qatran işlədilir. Quşçuluq fermalarında və ya şəxsi təsərrüfatlarda mövcud bütün quşlar tədbirə cəlb olunurlar.

Bədənin ayrı-ayrı hissələrində qoturluq müşahidə edildikdə akarisid preparatlardan 0,4%-li xlorofos məhlulu xəstə nahiyəyə sürtülür. Xəstəlik bədənin 1/3-dən artıq sahəsini əhatə etdikdə xəstə quşları 6%-li “K” sabunu emulsiyası ilə çimizdirmək yaxşı nəticə verir. Quşların bədənində olan knemidokoptozu müalicə etmək üçün trixlormetafosun 0,4%-li emulsiyası və digər preparatların emulsiyaları quşların bədəninə sürtülməklə istifadə olunur.

Xəstəliyin müalicəsində ən yaxşı nəticə verən dərman maddələrindən borlu vazelin məlhəmi və baytarlıqda istifadə edilən ASD-3 (Doroqov antiseptik stimulyatorunun üçüncü fraksiyası) preparatını qeyd etmək olar. Knemidokoptozla xəstə quşların bədəninin, ayağının tüksüz yerlərinə borlu vazelin məlhəmi tətbiq edilir. Baxmayaraq ki, gənə dəri təbəqəsində yaşayır, amma atmosfer havası ilə nəfəs alır. Yoluxmuş dəri sahəsinə sürtülən borlu vazelin məlhəmi, gənələr tərəfindən dəridə əmələ gətirilən yolları bağlayır, atmosfer havası ilə nəfəs almaqdan məhrum edilir və nəticədə məhv olurlar.

Borlu vazelin məlhəminin dəriyə 1-2 gündən bir sürtülməsi məsləhət bilinir, ona görə ki, cavan yeni əmələ gələn gənələr məhv edilsin.

ASD-3 preparatı quşların bədəninin tüksüz sahələrinə sürtüldükdə qaşınma sakitləşir, qərtməklər yumşalır, yeni tüklərin əmələ gəlməsini stimulə edir.

ASD-3 preparatı quşların müalicəsi üçün təmiz halda tətbiq edilməsi məsləhət bilinmir. Ona görə ki, dəri səthində zədələr əmələ gətirir. Xarici görünüşünə görə bu preparat qətranı xatırladır, o da qara rənglidir və yağlıdır, xeyli xoşagəlməz iylidir.

ASD-3 preparatını bitki yağları ilə qarışdırıb (1 hissə ASD-3 preparatı və 5 hissə bitki yağı) istifadə edilməsi məsləhət bilinir. Yağla qarışdırılmış bu preparat quşların  knemidokozunun ayaq və bədən formasının müalicəsində müvəffəqiyyətlə istifadə etmək olar. Bitki yağları da analoji olaraq borlu vazelin məlhəmi kimi təsir göstərir. Belə ki, o da dəridə gənənin ölümünə səbəb olur.

Həmçinin xəstəliyə görə aversektin məlhəmindən də istifadə olunur və müalicəyə 1-3 həftədən artıq vaxt tələb olunur. Xəstəliyin müalicəsində az effektli və nisbətən toksiki xassəyə malik olan neostamazan preparatı da işlədilmişdir.  

Knemidokoptozun müalicəsində ancaq gənə tərəfindən yoluxmuş yerlər işlənilir. Mövcud quşların hamısı işləmələrə cəlb edilməməlidir.

Belə hallarda zəhərlənmələr və istiliyin tənzimlənməsinin pozulması (xüsusilə məlhəmlər işlədilən zaman) və digər xoşagəlməz hallar ola bilər.

Xəstəliyin gedişindən asılı olaraq baytar həkimi tərəfindən işlədiləcək preparatlar və onların dozası təyin olunur. Knemidokoptoz müalicə olunan xəstəlikdir. Belə ki, gənənin həyat fəaliyyətini tamamilə yox etmək lazımdır.

Quşlar saxlanılan binalar, inventarlar və qəfəslər mütləq dezakarzasiya (3%-li ksilonaftin isti məhlulu, 1%-li xlorofos, 3%-li lizol, kükürd-karbol qarışığı məhlulu və s. preparatlarla) edilməlidir. Bunun üçün istənilən dezinfeksiya maddələrindən istifadə olunur.

Dərmanlamadan sonra binalar təzə söndürülmüş əhəng məhlulu ilə ağardılır.

Yuxarıda qeyd edildiyi kimi gənələr 70-800C temperaturda 5-10 saniyəyə məhv olur, otaq temperaturunda isə 2-3 ay yaşaya bilirlər.

Quşlarda qoturluq əmələ gətirən gənələr əsasən isti aylarda daha çox aktiv olurlar. Qrup şəklində saxlanılan quşlarda xəstəliyin əlamətləri hamısında olmur, əsas bir neçə başda, yaxud da birində baş verir. Yoluxmuş quşları ayrıca saxlayıb müalicəyə cəlb etmək, qalanlarına isə ayda bir-iki dəfə mütəmadi olaraq baxmaq lazımdır. Knemidokoptozu müalicə etmək o qədər də mürəkkəb deyildir, əsas odur ki, xəstəliyin müalicəsini gecikdirmək olmaz.

Baytarlıqda istifadə olunan akarisid preparatlar xəstəliyin müalicəsində yaxşı nəticə verir. Ona görə də ev və ekzotik quşların müalicəsi sahəsində təcrübəsi olan baytarlıq mütəxəssislərinə də müraciət etmək məsləhətdir.

Kəsilmiş quşların cəmdəklərinin qeyri-sağlam təsərrüfatlardan çıxarılmasına ancaq ayaqlar oynaqdan kəsilib götürüldükdən, yaxud da qaynar suda 2-3 dəqiqə müddətində saxlamaqla dezakarinizasiya edildikdən sonra icazə verilə bilər.

Kompleks müalicə-profilaktika tədbirləri aparıldıqdan 5 ay sonra, yeni xəstələr aşkar edilmədikdə, dəridən götürülən qaşıntının müayinəsi zamanı gənə aşkar olunmadıqda, təsərrüfat sağlam hesab olunur.

 

19.08.2015
2777

Nəşrlər

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

Bannerlər