İtlərin koronavirus infeksiyası

A+
A
A-

 

 

 

Koronavirus infeksiyası itlərin infeksion xəstəliyi olub, koronovirus ailəsinə mənsub olan, tərkibində RNT saxlayan viruslar tərəfindən törədilir. Xəstəlik uzunmüddətli, vaxtaşırı baş verən ishalla səciyyələnir.

Etiologiyası. Törədicisi tərkibində RNT saxlayan, coronaviride ailəsinə mənsub olan virusdur. O itlər arasında daha geniş yayılmışdır. Antigen xüsusiyyətlərinə görə donuzların transmissiv qastroenteritinin törədicisi ilə oxşardır. Koronavirus ətraf mühitdə labildir, nəcisdə (kalda) 48 saat qala bilir. Turş mühitə qarşı davamlıdır (mədədə ərimir). Hipoxloridlərin və digər dezinfeksiyaedici maddələrin təsirindən tez məhv olur.

Epizootoloji xüsusiyyətləri. İtlərin koronavirus infeksiyasına bütün dünyada təsadüf edilir.

Xəstəliyə əsasən bir aylıqdan başlayaraq küçüklər yoluxur. Yetkin itlərdə xəstəlik subklinik gedişə malik olur. Törədicinin yayılması fekal-oral yolla baş verir.

İtlərin koronavirusu yüksək kontagiozlu xəstəlik olmaqla, qeyri-sağlam bölgələrdə 50-70% ölüm verir.

İnkubasiya dövrü 1-4 sutka təşkil edir. Yoluxmuş heyvan 3-16 sutka ərzində virus xaric edir. Xarici mühitin təsirinə nisbətən davamlıdır.

Əlamətləri. Xəstəlik əksər hallarda gizli, subklinik formada təzahür edir. Kliniki cəhətdən təzahürlü formasına yalnız cavan itlərdə və küçüklərdə rast gəlinir. Belə xəstələrdə kaxeksiya, anoreksiya, qusma və bədən temperaturunun bir qədər yüksəlməsi (39 0C) kimi əlamətlər müşahidə edilir. Ancaq xəstəliyin əsas kliniki əlaməti ishaldır. Xəstə heyvanın nəcisi əvvəlcə selikli, sonra isə tam duru konsistensiyalı olur. İfraz edilən nəcis açıq yaşıl rəngdə olmaqla, çox pis qoxuyur, bəzən qanla qarışıq olur. Adətən ishal 7-16 gün davam edir.

Diaqnoz. Xəstə itin qanını müayinə edərkən leykopeniya (limfopeniyalı) aşkar edilir. Dəqiq diaqnoz qoymaq üçün bağırsaqdan hazırlanmış preparat elektron mikroskopla və ya immunoflüorosensiya üsulu ilə müayinə edilir.

Təfriqi diaqnoz. Parvovirus infeksiyasından, ətyeyənlərin taunundan, parazitozlardan, koksidiozdan və sistoizosporozdan təfriqə edilməlidir.

Müalicə: Spesifik virusəleyhi preparatlardan istifadə edilir. Bu məqsədlə ən çox polivalentli immunoqlobulinlər (qlobokan 3,5) və zərdablar (qiksan 3,5) işlədilir.

Həmçinin, uğurla qeyri-spesifik virusəleyhi preparatları da (enterostat-90, fosprenil) tətbiq etmək olar.

Müalicə zamanı orqanizmdə su-elektrolit balansının tənzimlənməsinə xüsusi diqqət yetirilməlidir. Xəstəliyin ilk günlərində venadaxili olaraq hər kq diri kütləyə 100-150 ml, sonrakı günlərdə isə 60 ml kristalloid məhlullar (ringer-laktat, poliqlyukin, gemodez və s.) yeridilməlidir.

Bu xəstəliyin müalicəsində adətən antibiotiklər tətbiq edilmir. Yalnız xəstəlik ikincili infeksiyalarla mürəkkəbləşdikdə antibiotiklərdən istifadə edilir.

Koronaviruslu enteritdə, əsasən, bağırsaqlarda ferment sistemlərində pozuntular baş verir. Ona görə də müalicədə həzm fermentlərinin (kpeon, xilak və s.) tətbiqinə geniş yer verilir. Bununla yanaşı xəstə heyvana sağlam və tez həzm olunan yemlər təyin olunur.

Profilaktika. İtlərin bu xəstəliyə qarşı peyvənd edilməsi məsələsi indiyədək açıq qalır. Ancaq ABŞ-da xəstəliyə qarşı inaktivləşdirilmiş (diri koronavirusdan) vaksin hazırlanmışdır.

Spesifik profilaktikasında polivalent vaksinlərdən (multikan-4, multikan-6, nobivak korona və s.) istifadə edilir.

17.04.2017
819

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər