Nodulyar dermatit xəstəliyinə qarşı mübarizə tədbirləri

A+
A
A-

 

 

Nodulyar dermatit iribuynuzlu heyvanların xüsusi təhlükəli virus xəstəliyidir. Afrika və Asiya ölkələrində geniş yayılmışdır. Xəstəlik (dəri şişkinliyi, dəri düyünlü, səpgi, iribunuzlu heyvanların düyünlü ekzantema xəstəliyi, camışların “dəri şişkinliyi” xəstəliyi (“Dermatitis nodularis bovum”), yoluxucu düyünlü dermatiti) kimi adlarla ifadə edilir. Xəstəliyin ingiliscə adı “lampi skin diziz”dir (“Lumpy Skin Disease”).

Nodulyar dermatit xəstəliyi qızdırma, dəridə şişlər, dərialtı birləşdirici toxumanın və daxili orqanların şişməsi, gözün, limfatik, tənəffüs və həzm sistemlərinin selikli qişalarının zədələnməsi ilə xarakterizə edilir.

Tarixi məlumat. Nodulyar dermatit xəstəliyi ilk dəfə 1929-cu ildə Şimali Rodeziyada, sonralar cənubi Afrikanın əksər ölkələrində, Madaqaskarda, Hindistanın şimali-qərb ştatlarında, 1963-cü ildə Rumıniyada, 1988-ci ildə Misirdə və digər yaxın Şərq ölkələrində müşahidə olunmuşdur. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatına əsasən, nodulyar dermatit xəstəliyi 1991-ci ildə Küveytdə, 1993-cü ildə Livanda, 1995-ci ildə Yəməndə, 2000-ci ildə Birləşmiş Ərəb Əmirliyində, 2003-cü ildə Bəhreyndə, 2006-2007-ci illərdə İsraildə, 2010-cu ildə Omanda, 2013-cü ildə İraqda, 2013-2014-cü illərdə Türkiyə və İranda qeydə alınmışdır. Xəstəlik bəzi Afrika ölkələri üçün endemikdir. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində nodulyar dermatit xəstəliyi 2014-cü ilə qədər müşahidə edilməmişdir.

Azərbaycanda xəstəlik ilk dəfə iribuynuzlu heyvanların arasında 2014-cü ilin yay-payız aylarında qeydə alınmışdır. İlk dəfə baş verdiyinə görə xəstəliyin diaqnostikası, profilaktikası və müalicəsi məsələlərində baytar həkimləri xeyli çətinliklərlə üzləşmiş və ölkə iqtisadiyyatına müəyyən qədər ziyan dəymişdir.

Xəstəlikdən dəyən ziyan əsasən aşağıdakılarla bağlı olmuşdur: xəstələnmiş heyvanların (xüsusən buzovların) 3-85%-nin tələf olması; südün keyfiyyətsiz vəziyyətə düşməsi və istifadə üçün yararsız olması; heyvanlarda bala atma və bəhrəsizlik, erkəklərdə isə sterillik hallarının olması; ət və dəri məhsullarının keyfiyyətdən düşməsi, bəzən yararsız hala düşməsi; heyvanların müalicəsi və profilaktikası üçün çəkilən məsrəflər; heyvandarlıqla məşğul olan insanlara, xüsusən də kasıb ailələrə dəyən maddi-mənəvi ziyan və s.  

Etiologiyası. Nodulyar dermatit xəstəliyi virusu Poxviridae ailəsinə, Chordopoxvirinae subailəsinə, Capripoxvirus cinsinə məxsus olan DNT tərkibli virusdur. Hüceyrə kulturasında sitopatogen təsirinə (SPT) görə, laboratoriya heyvanları və iribuynuzlu heyvanlar üçün patogenliyinə görə virus 3 qrupa bölünür: BLD, Allerton (Allerton) və Nitlinq (Neethling). BLD qrupundan olan virus ştammları hüceyrə kulturalarında sinsitiy (çoxnüvəli giqant hüceyrələr) yaratmırlar, 40-66 saat ərzində SPT göstərirlər. Onlar iribuynuzlu heyvanlar, qoyunlar, dovşanlar və siçanlar üçün patogen deyillər. Allerton qrupuna aid ştammlar hüceyrə kulturasında sürətlə (24 saat ərzində) inkişaf edir və SP dəyişiklər yaradırlar.

Nitlinq qrupuna aid viruslar iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyinin əsas törədicisidir, hüceyrə kulturalarında yoluxdurulduqdan 14 gün sonra SP dəyişiklər yaradır. Nitlinq qrupuna aid viruslar qoyunların və keçilərin çiçək viruslarına antigen cəhətcə çox yaxındır. Baxmayaraq ki, bu üç virus müxtəlifdir, onları adi seroloji üsullarla diferensasiya etmək olmur.

İribuynuzlu heyvanlar, qoyunlar, keçilər, dovşanlar, ada dovşanları, yeni doğulmuş siçanlar və s. virusa qarşı həssasdırlar.

Virusun davamlılığı. Virus fiziki və kimyəvi amillərə qarşı çox davamlıdır, nekrotik dəridə ən azı 33 gün, zədələnmiş və havada qurumuş dəridə ən azı 18 gün, liofil qurudulmuş vəziyyətdə 5 ilə qədər qala bilər. Dezinfeksiyaedici məhlullar: 2-3%-li çay sodası, 4 % -li natrium karbonat, 2 %-li formalin, 1 % -li fenol, 3-5 % -li lizol, 3-5 %  süd turşusunun təsirindən virus bir neçə saat ərzində məhv olur. Virus günəş şüasına, efirə qarşı həssasdır.

Epizootoloji məlumatlar. Eksperimental şəraitdə dəri içinə yoluxdurma zamanı xəstəlik əlamətləri inyeksiya edilən yerdən 6-20 gün sonra inkişaf edir. Xəstəlik mənbəyi xəstə heyvanlar və virus gəzdirənlərdir. Xəstəliyin ilkin yaranması zamanı sürünün 5-50%-i , digər hallarda 75-100 %-i yoluxmuş olur. Xəstəliyə Avropa təmiz heyvan cinsləri daha tez tutulurlar. Xəstəlik sağmal, arıq və cavan heyvanlarda ağır, yerli cins heyvanlarda isə yüngül keçir. Xəstələnmiş heyvanların 50%-də xəstəliyin tipik əlamətləri müşahidə olunur. Xəstəlik transmissiv yolla qansorucular: ağcaqanadlar (culicide), mığmığalar («moskitı» - phlebotomus) və digər həşəratlar (milçəklər - musca) vasitəsilə xəstə heyvandan sağlama ötürülür. Xəstəliyin bəzi alovlanmaları zamanı aedes və culex nəslindən olan ağcaqanadlarda nodulyar dermatit xəstəliyi virusu aşkar edilmişdir (bax şəkil 2).

Quşlar da (vağlar) virusların ötürülməsində rol oynaya bilərlər. Nodulyar dermatit xəstəliyi virusu ətrafa zədələnmiş dəri qopuntuları, süd, sperma, ağız suyu və qanla yayılır. Kliniki sağalmadan sonra virus 2 ay ərzində sperma ilə ifraz olunur. Virus dəridəki düyünlərdə düyünlərin peyda olması anından 4 ay ərzində aşkar edilir. Daim qeyd olunan yerlərdə (stasionar) xəstəlik enzootik və sporadik formada özünü büruzə verir. 

Xəstəliyin yayılmasının gözə çarpan qanunauyğunluğu yoxdur. Belə ki, bəzən xəstə heyvanın yanında olan heyvan xəstələnmir, amma uzaq məsafədə yerləşən heyvan yoluxur. Xəstəlik alovlanması hər vaxt ola bilər, lakin ən çox yay və payız aylarında (həşəratların çoxluğu və yüksək aktivliyi dövründə) müşahidə olunur. Xəstəlikdən sağalmış heyvanlar virus daşıyıcısı rolunu oynamırlar.

Xəstəliyin əlamətləri. Xəstəlik xroniki formada keçir. Xəstəliyin inkubasiya (gizli) dövrü təbii şəraitdə 2 gündən 5 həftəyə qədərdir. Xəstəlik yüksək hərarətlə (40 oC və daha çox) başlanır, sonra gözlərdən sulu axıntılar sızılır, heyvanlarda zəiflik, iştahasızlıq, ağızdan su axma, zəifləmiş hərəkət və getdikcə artan arıqlama baş verir. Dəridə (ən çox ayaq və qarın nahiyəsində) yastı səthli, diametri  0,5-0,7 sm, hündürlüyü  0,5 sm olan düyünlər əmələ gəlir onlar ağrılı olur. Düyünlərin əmələ gəlməsindən 1-3 həftə sonra onların daxilindəki toxumalar nekrozlaşır və həmin nekrozlaşmış toxumanı probka kimi (sekvestr) dəridən çıxartmaq olur, yaxud o, quruyaraq özü düşür (bax şəkil 3-ə).

Probkalaşmamış düyünlər bərkiyir və aylarla dəridə qalır. Xəstəliyin xoş gedişi zamanı sekvestrlər qranulyasiyalı toxuma ilə dolur və heyvan 4-6 həftədən sonra sağalır. Ağır gedişli nodulyar dermatit xəstəliyi zamanı düyünlər ağız boşluğunda, ağci-yərlərdə, həzm orqanlarında müşayiət olunur. Düyünlərdə yastı, yumru boz-sarımtıl nekrotik ocaqlar əmələ gəlir, hansı ki, sonra irinlənir, xoralanır. Bu zaman ağızdan qatı, dartılan ağız şirəsi, burundan kəskin iyli selik ifraz olunur. Süd verən inəklərdə zədələnmiş yelin böyüyür, onda düyünlər əmələ gəlir; süd qatılaşır, çəhrayı rəngə çalır, qızdırıldıqda gel əmələ gəlir.

Xəstəliyin patogenezi müəy-yən qədər çiçək xəstəliyində olduğu kimidir, lakin dəri zədələnmələrinin meydana gəlməsində dəqiq etaplar yoxdur. Viruslu material ilə iribuynuzlu heyvanın dəri altı yoluxdurulması zamanı inyeksiya yerində 4-7 gündən sonra düyünlər əmələ gəlir. Düyünlərin ətrafında diametri 20 sm qədər olan iltihabi reaksiya yaranır. İltihab nəinki dərini, həmçinin dərialtı toxumanı, hərdən isə əzələni əhatə edir. Prosesin ümumiləşməsi heyvanın yoluxmasından 1-3 həftə sonra baş verir. Bundan əvvəl isə 48 saat və daha çox vaxt ərzində qızdırma olur.

Temperatur qalxdıqdan 3-4 gün sonra düyünlərin külli miqdarda yaranması zamanı qanda virus aşkar edilir. Bu ərəfədə virus qan vasitəsi ilə ağızın, burunun, gözün, cinsi orqanların selikli qişalarına, ağız suyu vəzilərinə, süd vəzilərinə və xayalara yayılır. Düyünlərin əmələ gəlməsi prosesi dəri epitelisinin hiperplaziyası ilə müşayiət edilir. Dermada şişkinliyin yaranması damarların trombozu ilə bağlıdır ki, o da ətraf toxumaların koaqulyasiyalı nekrozuna aparır. İltihab prosesi limfa düyünlərini əhatə edir, lakin bu prosesin mexanizmi hələ məlum deyil. Limfatik damarların iltihabı, xoralı yaraların yaranması, septiki ağırlaşmalar ikincili infeksiyadan yarana bilər. Gözdən sulu axıntı selikli axıntı ilə əvəz olunur və axıntı quruduqca qabıqlanır. Göz qapaqlarında eroziyalar və xoralar meydana gəlir. Bəzən konyunktivit müşahidə olunur; gözün buynuz təbəqəsi bulanır, nəticədə heyvanın görmə qabiliyyəti müəyyən qədər yaxud tam itir. Tənəffüs yollarında yaranan yaralar güclü şişkinliyə səbəb olur ki, bu da bəzən heyvanın boğulmasına gətirir.

Diaqnoz. Xəstəliyə diaqnoz epizootoloji məlumatlar, kliniki əlamətlər, patoloji-anatomik dəyişikliklər və laboratoriya analizlərinin (virusun təcrid edilməsi və biosınaq) əsasında qoyulur.

Nodulyar dermatit xəstəliyi vərəmin dəri formasından, streptotrixozdan, epizootik limfangitdən, demodekozdan və digər xəstəliklərdən diferensasiya edirlər.

Nəzarət tədbirləri və profilaktika. Nodulyar dermatit xəstəliyi yayılmış ölkələrdən heyvanların, onların cəmdəklərinin, dərisinin, spermasının və s. məhsullarının ölkəyə gətirilməsi qadağandır. Nodulyar dermatit xəstəliyinə məruz qalmış ölkələrdə xəstəliyin yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda karantin tətbiq edilir, xəstə və tələf olmuş heyvanların saxlandığı yerlər, əşyalar və s. dezinfeksiya edilir. Karantin çərçivəsində virusa həssas heyvanlar peyvənd edilir. Həşəratların məhv edilməsi üçün insektisidlərdən, repellentlərdən istifadə olunur.

Təsərrüfatdakı 6 aydan yuxarı yaşdakı bütün heyvanların vaksinasiyası xəstəlikdən qorunmanı təmin edir. Peyvənd nəticəsində yaranmış virus neytrallaşdırıcı anticismlər heyvanı 3 il ərzində xəstəlikdən qoruyur.

İkincili bakterial mənşəli infeksion xəstəliklərdən qorunmaq üçün antibiotiklərdən istifadə etmək olar.

29.05.2016
1273

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər