​Dövlət Baytarlıq Xidmətinin rəhbəri İmişli və Beyləqan rayonlarında səfərdə olub

 

 

 

Sentyabrın 1-2-si tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev İmişli və Beyləqan rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə işləri ilə tanış olub, yerli baytarlıq mütəxəssisləri və təsərrüfat sahibləri ilə görüşlər keçirib. Səfər həmçinin aparılan peyvəndləmə prosesinin şəffaflığına nəzarəti təmin etmək və qurulması nəzərdə tutulan "BTS-1" ("BSL-1") səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə tanış olmaq məqsədi daşıyıb.

Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və epizootik tədbirlər planında nəzərdə tutulan iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub.

Səfər çərçivəsində Bayandur Rzayev Beyləqan rayonunda Savalan Lətif oğlu Əliyevə məxsus olan 100 başlıq ətlik-südlük heyvandarlıq təsərrüfatında olub, heyvanların saxlama, yemləmə şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə təbirləri ilə tanış olub, təsərrüfat sahibi ilə görüş keçirib. Həmçinin, təsərrüfatda saxlanılan iribuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə tədbirini izləyib.

Sahibkar Savalan Əliyev təsərrüfatda görülən işlərlə bağlı xidmət rəhbərinə məlumat verib. Bildirildi ki, təsərrüfatın tərkibinə 300 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.

Bayandur Rzayevə təsərrüfatda saxlanılan inəklər, ətlik məqsədi ilə saxlanılan cöngələr, ferma və sağım sistemi avadanlıqları, xarici ölkə istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib.

Təsərrüfatda istehsal edilən ekoloji təmiz ət, süd və süd məhsulları paytaxta fəaliyyət göstərən təsərrüfata məxsus mağazada satışa çıxarılır və alıcılara təqdim olunur.

Qeyd olunub ki, hazırda təsərrüfatda 5 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin sayının 20-ə çatdırılması nəzərdə tutulub.

B.Rzayev təsərrüfat sahibinin müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərinin aparılmasının yolverilməz olduğunu qeyd edib. Bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə  və ölüm hallarının baş verməsinə gətirib çıxarır.   

Xidmət rəhbəri həmçinin fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırılmasının vacibliyini vurğulayıb.

Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı məsələləri müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.