​BAKI KONQRES MƏRKƏZİNDƏ ÜMUMDÜNYA ƏRZAQ GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB

 

 

Bakı Konqres Mərkəzində İDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.
Bu il Ümumdünya Ərzaq Günü "Addımlarımız gələcəyimizdir. 2030-cu ilə qədər dünyada "Sıfır aclıq" mümkündür" (Our Actions are our Future. A #ZeroHunger world by 2030 is possible) mövzusuna həsr edilib.
Əvvəlcə tədbirin qonaqları Bakı Konqres Mərkəzində təşkil edilən #MənimAddımlarım (#MyActions) mövzusunda fotoşəkillərdən, həmçinin təşkilatçılar tərəfindən təqdim edilən nəşr və bukletlərdən ibarət sərgi ilə tanış olublar. Tədbir çərçivəsində təşkil edilən sərgidə Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarından gəlmiş qadınlardan ibarət Qadın İnkişaf Qruplarının nümayəndələrinin əl işləri də sərgilənib. Qeyd edək ki, sözügedən qruplar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan İkinci Kənd İnvestisiya layihəsi çərçivəsində yaradılıb. Bu cür qrupların yaradılmasında əsas məqsəd kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi yolu ilə əhalinin rifahının yaxşılaşdırılmasıdır.
Tədbir İDEA və FAO-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanan qida tullantılarına (12 nömrəli Dayanıqlı İnkişaf Məqsədi - Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək) həsr olunmuş qısa filmin nümayişi ilə başlayıb.
Sonra qonaqlara FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.
Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və AQTA-nın sədri Qoşqar Təhməzli çıxış ediblər.
Tədbir “Davamlı kənd təsərrüfatı və kənd yerlərinin inkişafına dəstək” mövzusunda panel müzakirələri və aqrobiznesdə fermerlərin uğur hekayələri haqqında videoçarxlarla davam edib.
Xatırladaq ki, FAO-nun 1945-ci ildə yaranması günü olan 16 oktyabr tarixi Ümumdünya Ərzaq Günü kimi dünyanın 150-dən çox ölkəsində qeyd edilir. Bu günə həsr edilən tədbirlərin əsas məqsədi dünyada aclıq və yoxsulluq problemləri haqqında maarifləndirmənin artırılmasından ibarətdir.