​AĞCABƏDİDƏ HEYVANLAR ARASINDA PROFİLAKTİK PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ APARILIR

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Ağcabədi Rayon Baytarlıq İdarəsi tərəfindən 16 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun 41 kənd və 1 qəsəbəsində saxlanılan kənd təsərrüfatı heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır.

Ağcabədi Rayon Baytarlıq İdarəsi sahibkar Hüseynov Saday Ağası oğluna məxsus heyvandarlıq təsərrüfatında 350 baş iribuynuzlu heyvan arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi 87745 baş iribuynuzlu, 1664 baş təkdırnaqlı heyvanda qarayara, 5000 baş sahibli itdə quduzluq, 35002 baş iribuynuzlu hevanda nodulyar dermatit , 222550 baş ev quşunda (birgünlük cücələrdə “La-sota” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 1500 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.

Fevral ayının 10-dan isə Ağcabədi rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,“Asiya-1”,Tur-15 tiplərinə) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 75178 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Qeyd edək ki, aparılan tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. 

Ağcabədi rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlarda (“H” və “La-sota” vaksinləri ilə) nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo, iribuynuzlu heyvanlarda vərəm, bruselyoz, xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epidimititə görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.