​Beynəlxalq Qadınlar Günü Xidmətdə qeyd olunub

 

 

Martın 7-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev açaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. Bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Nailiyyətlərin əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan qadını tarixboyu ağlı, zəkası, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınmışdır”.
Xidmət rəisi qeyd edib ki, Ulu Öndərin müdrik ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və bu gün qadın siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, uşaqların təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qazanılmış uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Onun ölkə daxilində və beynəlxalq aləmdə humanist məqsədlərə xidmət edən çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının adını yüksəldir. Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir.
Həmçinin vurğulayıb ki, baytarlıq qadınlar üçün çətin sahələrdən olsa da burada çalışan xanımlardan xüsusi əzmkarlıq tələb edilir. Doğrudan da, baytarlıqda çalışan qadınlar həmişə zəhmətkeş olmaqla yanaşı, vicdanla və məsuliyyətlə öz vəzifələrinin öhdəsindən gəliblər.
Tədbirdə çıxış edənlər qadınları bayram münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və əbədi yaz təravətli günlər arzulayıblar.
Bayram tədbiri şirniyyat stolu ilə başa çatıb.