​Goranboyda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri davam...

 

 

 

Goranboyda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Goranboy rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Hazırda ölkədə olduğu kimi, Goranboy rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Goranboy Rayon Baytarlıq İdarəsinin 18 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün kənd və qəsəbələrində aparılır.

Goranboy rayonu ərazisində 41300 baş iribuynuzlu, 220000 baş xırdabuynuzlu, 2000 baş təkdırnaqlı, 508500 baş quş və 12678 arı ailəsi mövcuddur.

Hazırda Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən Balakürd kənd sakini Nəbiyev Əfqan Sovetxan oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında 262 baş iribuynuzlu və Muzdurlar kənd sakini Əkbərov Fəxri Vilayət oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında isə 864 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbirlər icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 41579 baş iribuynuzlu, 2003 baş təkdırnaqlı heyvanda qarayara, 4154  baş sahibli itdə quduzluq, 222330 baş körpə cücələrdə (“La-sota” ştammı ilə), 85380 baş ev quşlarında nyukasl (“H” ştammı ilə), 41350 baş iribuynuzlu  dabaq (A,O,“Asiya-1”,Tur-15 tiplərinə) xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1846 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün Göygöl  Regional Sınaq Laboratoriyasına göndərilib. Eləcə də 8800 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.

Mart ayının ilk günlərindən isə Goranboy Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 9345 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Goranboy rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.