​Quba rayonunda dabaq və nodulyar dermatit xəstəliklərinə qarşı qoruyucu peyvəndləmə...

 

 

Quba rayonunda dabaq və nodulyar dermatit xəstəliklərinə qarşı qoruyucu peyvəndləmə tədbirləri davam etdirilir

 

 

2019-cu ilin “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun olaraq Quba rayonunda heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı diaqnostik müayinələr, profilaktik peyvəndləmələr, dezinfeksiya, dezinseksiya, deratizasiya, çimizdirmə və dehelmentizasiya kimi vacib tədbirlər aparılır. Profilaktik tədbirlər apararkən əsas məsələlərdən biri də vətəndaşlar, fermerlər və fərdi təsərrüfat sahiblərinin maarifləndirilməsi, onlara xəstəliklər barədə məlumatların və təlimlərin keçirilməsi, elanların hazırlanması, bələdiyyə və icra nümayəndəliklərinə bildirişlərin çatdırılmasıdır. 2019-cu ilin epizootik tədbirlərinə uyğun olaraq rayon ərazisində iri və xırdabuynuzlu heyvanlarda qarayara, iri və xırdabuynuzlu heyvanlarda dabaq, iribuynuzlu heyvanlarda nodulyar dermatit və leptospiroz, itlərdə quduzluq, quşlarda nyukasl (“H və “La-sota ” ştammları ilə) və xırdabuynuzlu heyvalarda çiçək xəstəliklərinə qarşı qoruyucu peyvəndləmələr aparılıb. Aparılan peyvəndləmərlə əlaqədar maarifləndirmə və təlim işlərinin keçirilməsi üçün rayonun Hacıhüseynli kəndində “Şəfəq” (350 baş), “Pirvahid” (500 baş), Nügədi (200 baş) və Qaraçay kənd sakini Yarməmmədov Vəlməmməd Hacıbala oğlunun (25 baş) maldarlıq təsərrüfatında olublar. Təlimlərdə təsərrüfat sahiblərinə mal-qaranın saxlanması və bəslənməsi haqqında təlimatlar verilib. Mal-qaranın yay mövsümündə qan-parazitar  xəstəliklərindən qorunması üçün vaxtlı-vaxtında çimizdirilmənin aparılması  və heyvan saxlanılan talvarların, tövlələrin vaxtlı-vaxtında  dezinfeksiyasının aparılması haqqında maarifləndirmə işləri aparılıb. Mütəxəssislər bununla yanaşı Ərəbxan kənd sakini Bayramov İlham Əliağa oğlunun qoyunçuluq təsərrüfatında olublar. Burada sahibkarlara dabaq və qarayara xəstəliklərinə qarşı peyvəndləmənin aparılmasının əhəmiyyəti haqqında maarifləndirmə işləri aparılıb.          

Baytarlıq müalicə-profilaktika tədbirləri həyata keçirilərkən hər şeydən əvvəl heyvanların və quşların xəstəliklərdən qorunması, xəstə heyvanlar varsa onları vaxtında aşkar edilərək zərərsizləşdirilməsi, təsərrüfatdan çıxarılması, keyfiyyətli heyvandarlıq məhsullarının istehsalına daim diqqət yetirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən vacib tədbirlərdən biri də heyvanların yaylaqlara köçürülməsi ilə əlaqədar mal-qaranın 2019-cu ilin epizootik planına uyğun olaraq, diaqnostik müayinələrin, profilaktik peyvəndləmələrin, dehelmentizasiyaların və qan-parazitar xəstəliklərinə qarşı çimizdirmələrin aparılmasıdır.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, Quba Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2019-cu ildə “Epizotiya əleyhinə diaqnostika və profilaktika  tədbirlər planı”na əsasən cari ilin müvafiq dövrü ərzində 6172 baş iribuynuzlu, 30 xırdabuynuzlu heyvandan (qoçlardan) bursellyoz və infeksiyon epidemitə görə qan nümunələri alınaraq Quba Regional Sınaq Laboratoriyasında seroloji üsullarla müayinə edilmişdir.  Eləcə də bu müddətdə 2481 baş atda manqo xəstəliyinə qarşı maleinizasiya tədbiri aparılıb.

Baytarlıq idarəsi ilin əvvəlindən indiyə kimi 62115 baş iribuynuzlu heyvanda,139656 baş xırdabuynuzlu heyvanda, 4645 baş atda qarayara, 5851 baş qapı və çoban itlərində quduzluq, 260119  baş ev quşlarında (“H” ştammı ilə) və 350353 baş (“La-sota” ştammı ilə) cücədə nyukasl, 62120 baş iribuynuzlu və 177924 baş xırdabuynuzlu heyvanda dabaq, 20560 baş iribuynuzlu heyvanda leptospiroz, 254197 baş xırdabuynuzlu heyvanda çiçək, 64439 baş iribuynuzlu heyvanda nodulyar dermatit və 2620 baş səkkiz aylığa qədər dişi danalarda burselyoz xəstəliyinə qarşı Brudool A ştamı ilə göz damcı üsulu ilə qoruyucu peyvəndləmələr aparılıb. Hal-hazırda xırdabuynuzlu heyvanlar arasında dabaq və iribuynuzlu heyvanlar arasında isə nodulyar dermatit xəstəliklərinə qarşı qoruyucu peyvəndləmə tədbirləri davam etdirilir.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.